Naxçıvan Muxtar Respublikasında
yeraltı qaz anbarı inşa ediləcəkdir
Avqustun 3-də Prezident
İlham Əliyev Naxçıvana səfəri çərçivəsində
muxtar respublikada tikiləcək yeraltı qaz anbarının
texniki təklifinin sxemi ilə tanış olmuşdur.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
prezidenti Rövnəq Abdullayev Nazirlər Kabinetinin 2008-ci il 11
yanvar tarixli iclasında dövlətimizin
başçısının muxtar respublikada yeraltı qaz
anbarının yaradılması
tapşırığının icrası çərçivəsində
görülən işlər haqqında məruzə etdi.
Naxçıvan Muxtar
Respublikası ərazisində bu istiqamətdə aparılan
böyük həcmli tədqiqat işləri barədə məlumat
verən ARDNŞ prezidenti bildirdi ki, mütəxəssislərin
apardıqları araşdırmalar nəticəsində muxtar
respublikada təbii qazın sıxılması və izotermik
üsulla saxlanılması kompleksinin yaradılması
haqqında texniki təkliflər hazırlanmışdır. Təkliflərə
əsasən, qazın maye halına salınıb
saxlanılması üçün dünya standartlarına
uyğun ən müasir texnologiyadan istifadə ediləcəkdir.
Yeraltı qaz anbarının yaradılması muxtar
respublikanın il ərzində fasiləsiz mavi yanacaqla təmin
olunması məqsədi daşıyır.
AzərTAc
Azərbaycan.- 2009.- 4 avqust.- S. 2.