Naxçıvan şəhərində yeni səhiyyə müəssisəsi istifadəyə
verilmişdir
Azərbaycan Prezidenti
İlham Əliyev avqustun 3-də Naxçıvan şəhərində
yeni səhiyyə müəssisəsinin - doğum mərkəzinin
açılış mərasimində iştirak etmişdir.
Mərasimə
toplaşanlar dövlətimizin başçısını və
xanımını hərarətlə qarşıladılar. Mehriban
xanıma gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev
doğum mərkəzinin açılışını
bildirən rəmzi lenti kəsdi, yeni səhiyyə müəssisəsindəki
şəraitlə tanış oldu.
Təməli 2008-ci ilin
iyununda Prezident İlham Əliyev tərəfindən qoyulan mərkəzin
tikintisi bir ilə başa çatdırılmışdır.
Müasir üslubda tikilən doğum mərkəzinin
binasında nümunəvi şərait
yaradılmışdır. Bu, bir daha göstərir ki, Azərbaycanda
səhiyyənin inkişafı, onun maddi-texniki bazasının
gücləndirilməsi daim diqqət mərkəzində
saxlanılır. Prezident İlham Əliyevin təşəbbüsü
ilə bu sahədə həyata keçirilən tədbirlər
Azərbaycan səhiyyəsinin işinin daha yaxşı təşkilinə
geniş imkanlar açmışdır. Ölkəmizdə səhiyyə
sisteminin yenidən qurulmasını, əhalinin
sağlamlığının daha yaxşı təşkilini,
bu sahədə yeni texnologiyaların tətbiqini və yeni kadr
potensialının hazırlanmasını özündə əks
etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini
də yüksəltmişdir. Ana və uşaq
sağlamlığının qorunması istiqamətində
görülən işlər bu sahədə keçmişdə
ciddi narahatlıq doğuran problemlərin həllinə imkan
yaratmışdır. Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın bu sahədə həyata
keçirdiyi tədbirlər isə birbaşa genefondun
qorunmasına, mövcud problemlərin əsaslı surətdə
həllinə yönəlmişdir. Fondun uşaqların
sağlamlığının qorunması istiqamətində
gördüyü işlər cəmiyyətdə birmənalı
olaraq yüksək razılıqla qarşılanır. Bir
sözlə, dövlətin maliyyə imkanları çərçivəsində
pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi
və keyfiyyətinin artırılması, əhalinin sosial cəhətdən
aztəminatlı təbəqələrinə tibbi
yardımın göstərilməsi ilə bağlı tədbirlər
sisteminin hazırlanıb həyata keçirilməsi də bu
qəbildəndir.
Bildirildi ki, mərkəzin
ümumi ərazisi 1,26 hektardır. Binanın sahəsi isə
14.520 kvadratmetrdir. Altımərtəbəli tibb müəssisəsi
100 çarpayılıqdır. Mərkəzdəki 7
şöbədə perinatal diaqnostika və poliklinika,
ekstrakorporal mayalanma, fizioloji doğuş, ginekoloji, hamiləliyin
patologiyası, anesteziologiya, reanimasiya və intensiv terapiya,
kliniki laboratoriya bölmələri fəaliyyət göstərir.
Mərkəzdə daha iki bölmə - yeni doğulanların
reanimasiya və intensiv terapiya bölməsi,
yarımçıq doğulanların reanimasiya şöbələri
yaradılmışdır. Səhiyyə ocağında əməliyyat
bloku da vardır. Doğum mərkəzində fizioterapiya kabinəsi,
embrioloji və androloji kabinetlər, 2 böyük və 2
kiçik əməliyyat otaqları, stomatoloji, ginekoloji
müayinə kabinələri şəhər sakinlərinin
istifadəsinə verilmişdir. Tibb müəssisəsində
65 həkim, 102 orta, 61 kiçik tibb işçisi, 42 xidməti
işçi, ümumilikdə 270 nəfər
çalışır.
Burada yaradılan şəraitdən
də görünür ki, Azərbaycan dövləti öz vətəndaşlarının
qayğısına qalmaq üçün, ilk növbədə,
ölkədə səhiyyə sisteminin təkmilləşdirilməsini,
fəaliyyətdə olan tibb müəssisələrinin
müasir avadanlıqla təmin olunmasını diqqətdə
saxlayır. Təbii ki, ölkəmizin gələcəyi olan
uşaqların sağlam böyüməsi bu sahədə təməl
prinsiplərdən biridir. Bu tibb mərkəzinin istifadəyə
verilməsi "Uşaq ili" çərçivəsində
Azərbaycan analarına və uşaqlarına ən gözəl
töhfədir.
Prezident İlham Əliyev
birinci mərtəbədə mərkəzin poliklinikasına,
qəbul və izolyator şöbələrinə, ikinci mərtəbədə
hamiləliyin patologiyası şöbəsinə, beşinci mərtəbədə
fizioloji doğuş və reanimasiya bölmələrinə,
palatalara baxdı.
Dövlətimizin
başçısına mərkəzin ətrafındakı
binalarda aparılmış bərpa və yenidənqurma
işləri haqqında məlumat verildi.
Prezident İlham Əliyev
mərkəzlə tanışlıqdan sonra tibb
ocağının kollektivi ilə görüşdü.
Baş həkim vəzifəsini
icra edən Hafizə MİRZƏYEVA dövlətimizin
başçısının Azərbaycan xalqının
firavanlığı naminə göstərdiyi əvəzsiz
xidmətlərinin Naxçıvan əhalisində də
böyük qürur hissi doğurduğunu bildirərək
dedi:
- Hörmətli
Prezident!
Naxçıvan bu
torpağın adını yüksəldən, şöhrətləndirən,
onu dünyaya tanıtdıran, dahilik, ucalıq rəmzi olan bir
insanın vətənidir. Ulu öndər Heydər Əliyevin
vətəninə, ata yurdunuza, doğma
Naxçıvanımıza xoş gəlmisiniz.
Sizin gəlişinizə
həmişə sevinirik. Çünki Sizinlə hər bir
görüş bizdə gələcəyə inam hissi
yaradır, qurub-yaratmaq əzmimizi yüksəldir. Bu gün
açılışını etdiyiniz bu möhtəşəm
doğum mərkəzi tibbin ən son nailiyyətlərini
özündə əks etdirir, müasir avadanlıqla zəngindir.
O, bütün Naxçıvan əhalisinə əvəzsiz
bir töhfədir. Naxçıvan Doğum Mərkəzinin
kollektivi adından əmin edirəm ki, Sizin bizə
etimadınızı layiqincə doğruldacaq, gələcəyimiz
olan körpələrin dünyaya sağlam, gümrah göz
açmaları üçün əlimizdən gələni
edəcəyik.
Hörmətli Prezident,
Sizin rəhbərliyinizlə Azərbaycanın daha gözəl
gələcəyə qovuşacağına inanırıq. İnandığımız
üçün də daim Sizinləyik. Bir daha bütün
Naxçıvan əhalisi, Naxçıvan qadınları
adından Sizə minnətdarlığımızı
bildirir, Azərbaycanın gələcəyi naminə
gördüyünüz möhtəşəm işlərdə
uğurlar arzulayır, möhkəm cansağlığı
diləyirik. Sağ olun.
Tibb ocağının
kollektivini mərkəzin istifadəyə verilməsi
münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV
dedi:
- Bu gözəl
doğum evinin açılışı münasibətilə
sizi təbrik edirəm. Çox qısa müddətdə, yəni,
bir il ərzində belə gözəl bina, Naxçıvan
üçün çox dəyərli bir tibb ocağı
tikilibdir. Çünki hər bir insanın həyatı
doğum evindən başlayır və biz hamımız
çox istəyirdik ki, burada ən yüksək standartlar tətbiq
edilsin. Körpələrin sağlam doğulması və gənc
nəslin sağlam böyüməsi üçün
çox böyük əhəmiyyəti olan bu doğum evi
yüksək keyfiyyətlə tikilibdir, burada ən gözəl
avadanlıq quraşdırılıbdır. Azərbaycan
xalqı sağlam olmalıdır. Gənc nəsil, uşaqlar
sağlam böyüməlidirlər, dəyərli insanlara
çevrilməlidirlər və insanın həyatı,
sağlamlığı üçün doğum evinin
çox böyük əhəmiyyəti vardır. Burada həm
analara xidmət göstəriləcək, həm körpələr
dünyaya sağlam gələcəklər.
Bilirsiniz ki, Azərbaycanda
son illər uşaq ölümünün səviyyəsi kəskin
şəkildə aşağı düşmüşdür.
Bütün dövrlərə xas olan bu mənfi statistika
görülən tədbirlər, yeni səhiyyə
ocaqlarının yaradılması nəticəsində
yaxşılığa doğru dəyişmişdir. Bu
doğum evinin imkanları o qədər genişdir ki,
Naxçıvan Muxtar Respublikasında hər bir körpə
dünyaya gözünü bu doğum evində aça bilər.
Çox önəmlidir ki, burada yüksək tibbi xidmət
göstərilsin. Mən əminəm, bu belə də olacaq və
Naxçıvan həkimləri həmişə olduğu kimi
öz peşəkarlığını göstərəcəklər.
Biz bütövlükdə
sosial məsələlərin həllinə böyük diqqət
göstəririk. Səhiyyə sisteminin təkmilləşməsinə
böyük vəsait qoyulur. Bu doğum mərkəzinin tikilməsi,
bir də demək istəyirəm ki, Azərbaycanın
bugünkü imkanlarını göstərir. Əgər
bizim iqtisadi imkanlarımız, maliyyə resurslarımız
olmasaydı, bəlkə də bunu etmək mümkün
olmazdı. Güclü iqtisadiyyat güclü sosial siyasət
deməkdir və biz bu siyasətə sadiqik. Bu, Heydər Əliyev
siyasətidir, onun bizə qoyduğu siyasi mirasdır. Bu gün
Azərbaycanın inkişafı elədir ki, biz istənilən
vəzifəni həll edə bilərik.
Naxçıvan da
gündən-günə gözəlləşir,
abadlaşır. Mən hər il
Naxçıvanda oluram.
Keçən ilin iyun ayında bu doğum mərkəzinin təməl daşını
bərabər qoyduq.
Keçən bir il ərzində
Naxçıvanda çox
böyük, gözəl,
müsbətə doğru
dəyişikliklər baş
vermişdir. Həm yeni müəssisələr
yaradılır, tibb məntəqələri açılır,
həm də şəhər gözəlləşir,
abadlaşır. Naxçıvanda yaşayan insanlar əminəm ki, bu gözəl dəyişikliklərdən böyük
qürur hissi duyurlar.
Mən gələcək
fəaliyyətinizdə sizə uğurlar arzulamaq istəyirəm.
Sizin simanızda Azərbaycanın bütün tibb ictimaiyyətini
bu gözəl doğum mərkəzinin istifadəyə verilməsi
münasibətilə təbrik edirəm və sizə
cansağlığı arzulayıram. Sağ olun.
* * *
Sonra Prezident İlham Əliyev
yeni alınmış təcili tibbi yardım avtomobillərinə
baxdı.
Məlumat verildi ki, bu
texnika əhaliyə səyyar tibbi xidmətin göstərilməsində
etibarlı vasitədir. Ən müasir avadanlıqla təchiz
olunmuş bu avtomobillər çağırışlara
vaxtında çatmağa və mükəmməl ilkin tibbi
yardım göstərməyə imkan verir. Səyyar tibbi xidməti
təcrübəli heyətlər yerinə yetirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 4 avqust.- S. 2.