Şərurda Olimpiya-İdman Kompleksi istifadəyə verilmişdir
Avqustun 3-də Prezident
İlham Əliyev Şərur rayonunda Olimpiya-İdman
Kompleksinin açılışında iştirak etmişdir.
Şərur ictimaiyyətinin
və Naxçıvan MR idman ictimaiyyətinin nümayəndələri
dövlətimizin başçısını və
xanımını hərarətlə qarşıladılar. Mehriban
xanıma gül dəstəsi təqdim olundu.
Son illər muxtar
respublikada inşa olunan nəhəng infrastruktur obyektləri
sırasında Şərur Olimpiya-İdman Kompleksi də
vardır. Azərbaycanda idman hərəkatının geniş
vüsət aldığı bir vaxtda bölgələrdə
olimpiya-idman komplekslərinin inşası xüsusi əhəmiyyət
daşıyır. Bu, regionlarda idmana olan xüsusi münasibətdən,
digər tərəfdən də gənc nəslin sağlam
böyüməsi istiqamətində dövlət dəstəyinin
yüksək səviyyəsindən xəbər verir. Dövlətimizin
başçısının tapşırığına əsasən
təkcə 2008-ci ildə 8 olimpiya-idman kompleksinin
açılışı olmuşdur. Hazırda 20-dən
çox kompleks inşa olunur.
Prezident İlham Əliyevin
regionlara səfərləri çərçivəsində
yeni olimpiya-idman komplekslərinin açılışında,
bəzilərinin isə təməlqoyma mərasimində
iştirak etməsi bu sahəyə qayğının daha da
artdığını göstərir. Yeni idman obyektləri
dünya standartlarına cavab verməklə yanaşı, həm
də ölkəmizdə yaradılan idman infrastrukturunun
güclü əsaslara söykəndiyini təsdiqləyir. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın
idmançılara diqqət və qayğısı da
idmanın inkişafına mühüm töhfələr
verir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi
Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu
sahədə ölkəmizin ciddi nailiyyətlər əldə
etməsi ilə müşayiət olunur. Bir sözlə, Azərbaycan
dünya idman aləminə aparıcı mərkəzlərdən
biri kimi daxil olmuşdur. Prezident İlham Əliyevin bu istiqamətdə
göstərdiyi səylər ölkəmizin bütün sahələrdə
olduğu kimi, idman aləmində də yetərincə
nüfuz qazanması ilə nəticələnmişdir.
Prezident İlham Əliyev
açılışı bildirən lenti kəsdi,
Olimpiya-İdman Kompleksi ilə tanış oldu.
Məlumat verildi ki,
kompleksin tikintisinə 2007-ci ilin iyununda
başlanmışdır. Kompleksin ümumi ərazisi 9
hektardır, 4 hektar sahədə yaşıllaşdırma
işləri aparılmışdır. Binanın sahəsi
12.086 kvadratmetrdir. Buraya mehmanxana, idman kompleksi, 142
tamaşaçı yeri olan üzgüçülük hovuzu
daxildir. Bundan əlavə, kompleksdə 2400
tamaşaçı yeri olan süni örtüklü stadion,
tennis kortları, mini futbol, basketbol və voleybol
meydançaları vardır. Üçmərtəbəli,
60 nəfərlik mehmanxanada hər cür rahatlığı
olan 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət
göstərir. İkimərtəbəli idman kompleksindəki
oyun zalında həm mini futbol, həm də boks, güləş,
basketbol yarışları keçirmək
mümkündür. Kompleksdə iki trenajor zalı da
vardır. Burada ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin idmana diqqət və
qayğısını, habelə Şərur
idmançılarının uğurlarını əks etdirən
guşə də yaradılmışdır.
Olimpiya-İdman Kompleksi
Şərur rayonunda idmanın müxtəlif sahələrinin
müasir tələblər səviyyəsində inkişaf
etdirilməsi üçün lazımi avadanlıqla təchiz
olunmuşdur.
Prezident İlham Əliyev
mehmanxanada, idman kompleksində, qapalı meydançada, stadionda
yaradılan şəraitlə tanış oldu.
Sonra dövlətimizin
başçısı 2400 tamaşaçı yeri olan
süni örtüklü stadiona gəldi, burada
idmançılarla görüşdü, onlara hədiyyələr
verdi.
İdmançıları
təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Bu gün gözəl
olimpiya kompleksinin açılışı münasibətilə
idmançıları təbrik edirəm. Bütün
idmançılara idmanda yüksək nailiyyətlər
qazanmaq arzulayıram.
* * *
Dövlətimizin
başçısı futbol topunu dəqiq zərbə ilə
qapıya yönəltdi.
Prezident İlham Əliyev
kompleksin üzgüçülük hovuzunda
yaradılmış şəraitlə də tanış oldu.
AzərTAc
Azərbaycan.- 2009.- 4 avqust.- S. 3.