"N" hərbi hissəsi ilə tanışlıq

 

Avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində "N" hərbi hissəsində olmuşdur.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissənin yataqxanası ilə tanış oldu. Yataqxanada hərbçilərin hərtərəfli istirahəti üçün hər cür şərait yaradılmışdır. Burada səliqə-sahman göz oxşayır.

Hərbi hissənin yeməkxanası da müasirliyi ilə seçilir. Yeməkxanada hərbçilərin dolğun qidalanması üçün hərtərəfli imkan vardır.

Sonra Ali Baş Komandan İlham Əliyevə bu hərbi hissəyə gətirilən yeni müasir silahlar təqdim olundu.

Müdafiə naziri Səfər Əbiyev həmin silahlar barədə dövlət başçısına ətraflı məlumat verdi.

Son illərdə ölkəmizdə ordu quruculuğuna xüsusi əhəmiyyət verilir. Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinə qayğısını əsirgəmir, ordunun müdafiə potensialının durmadan gücləndirilməsinə xüsusi diqqət yetirir. Ordumuzun qüdrətlənməsi, Vətənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Azərbaycan ordusunun peşəkarlıqla yanaşı, maddi-texniki bazası da möhkəmlənir. Ölkəmizdə hərbi potensialın gücləndirilməsi, müasir ordunun yaranması üçün çox böyük işlər görülmüşdür. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilmişdir. Respublikanın bütün hərbi hissələrində şəxsi heyətin üzərinə düşən müqəddəs vəzifəni hərtərəfli yerinə yetirməsi və mənalı istirahəti üçün ən yüksək səviyyədə şərait yaradılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 avqust.- S. 3.