Dilimizin saflığını qorumaq
hamının müqəddəs borcudur
Hər bir dili
yaşadan, inkişaf etdirən onun xalqıdır. Ümummilli
lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti
sayəsində Azərbaycan dilinin ümumişlək dilə,
dövlət dilinə çevrilməsinə, beynəlxalq
münasibətlər sisteminə - diplomatiya aləminə yol
açmasına, zənginləşərək böyük
nüfuz qazanmasına gətirib
çıxarmışdır.
1969-cu ilin 14 iyulunda ulu
öndər Azərbaycana rəhbər təyin ediləndən
sonra dil siyasəti məsələsini də daim diqqətdə
saxlamış, ana dilimizin inkişafı naminə misilsiz xidmətlər
göstərmişdir. Heydər Əliyev hələ
keçmiş SSRİ imperiyasında rus dilinin ikinci ana dili
kimi ölkənin bütün bölgələrində
kütləvi şəkildə işlədildiyi bir vaxtda
konfrans və yığıncaqlarda, yubileylərdə Azərbaycan
dilində çıxışlar etmişdir. Bu siyasət məhz
ötən əsrin 70-ci illərində daha güclü şəkildə
özünü büruzə vermişdir. Heydər Əliyev
Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan
dilində nitq söyləmişdir. Az keçməmiş bu
dil dövlət əhəmiyyətli tədbirlərə yol
açmışdır. Azərbaycan SSR-in 1978-ci il
Konstitusiyasında ana dilimizin dövlət dili kimi qəbul
edilməsi həmin dövr üçün böyük hadisə
idi. Azərbaycan dilçiliyində ilk dəfə olaraq
dördcildlik "Müasir Azərbaycan dili" adlı
fundamental dərslik çap olunmuşdur. 1974-cü ildə həmin dərslik
dövlət mükafatına təqdim edilmişdir.
Müstəqillik ərəfəsində
və müstəqilliyin ilk illərində dilin adının
dəyişdirilməsi, onunla bağlı ənənələrin
nəzərə alınmaması indi də təəssüf
doğurur. 1993-cü
ildə xalqın təkidli tələbi ilə ümummilli
liderin yenidən hakimiyyətə qayıtması dil siyasəti
sahəsində də bir çox önəmli hadisələrlə
yadda qalmışdır. Hər şeydən əvvəl
milli-mənəvi sərvətimiz olan ana dilimizin adı bərpa
olundu. Heydər Əliyev hakimiyyətə gəldiyi qısa
vaxtdan sonra respublikanın tanınmış dilçi alimlərini,
görkəmli ziyalılarını bir yerə toplayıb
geniş müzakirələr apardı, dilimizin adının dəyişdiliməsinin
düşünülməmiş, səhv qərar olduğunu
bildirdi. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil
dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin
adı bərpa olundu və dövlət dili kimi öz təsdiqini
tapdı. Bundan sonra hökumət səviyyəsində ana
dilinin inkişafı və qorunması istiqamətində bir
çox əhəmiyyətli sənədlər qəbul
edildi. 2001-ci il iyulun 18-də ölkə rəhbəri tərəfindən
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərman imzalandı. Bu sənəd ana
dilimizin inkişafı üçün böyük imkanlar
yaratdı. Fərmanda deyilir: "İnkişaf etmiş zəngin
dil mədəniyyətinə malik xalq əyilməzdir,
böyük gələcəyə malikdir. Ona görə də
xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti
hər bir Azərbaycan övladı göz bəbəyi kimi
qorumalı, daim qayğı ilə əhatə etməlidir.
Bu, onun müqəddəs vətəndaşlıq
borcudur".
2002-ci ilin sentyabrında
qəbul olunmuş "Dövlət dili haqqında" qanun,
2003-cü ilin yanvarında imzalanmış "Azərbaycan
Respublikasında dövlət dili haqqında" fərman və
həmin il qəbul olunmuş "Azərbaycan dilinin işlənməsi
və qorunması haqqında" qanun və digər sənədlər
ana dilinin zənginləşdirilməsinə, təkmilləşdirilməsinə
və qorunmasına xidmət etmişdir. Bu qanunlarda dilimizin geniş şəkildə
tətbiqi məsələsi irəli sürülmüş,
ona qarşı çıxanların məsuliyyətə cəlb
olunması və cəzalandırılması öz əksini
tapmışdır. İndi dilimizin vəziyyəti ilə
bağlı təlaş keçirməyə heç bir əsas
yoxdur. Bütün xalq bu dildə danışır,
kitablarımız bu dildə nəşr olunur, konfranslar,
müşavirələr, dövlət tədbirləri bu dildə
aparılır, ali məktəblərimizdə bu dildə
mühazirələr oxunur. Lakin hər dövrün problemləri
də olur. Ədəbi dilin dövlət idarələrində
tətbiqi məsələsi, mətbuat, radio və televiziya
dili, reklamlar, xarici dildə olan məktəblər,
ziyalıların ana dilinə münasibəti və s. problemlər
barədə düşünmək lazımdır.
Bu baxımdan bəzi
kütləvi informasiya vasitələri, reklam agentlikləri,
radio verilişlərinin aparıcıları, xüsusilə də
bəzi televiziya kanallarının idman şərhçiləri
ana dilimizin işlənməsi ilə bağlı qanunlara əməl
etmir, dilimizin saflığına xələl gətirirlər.
Bu gün ölkəmizdə
600-dən çox qəzet-jurnal çıxır, bir
çox özəl televiziya kanalları fəaliyyət
göstərir. Bu,
çox yaxşıdır. Lakin təəssüflə qeyd edək
ki, onların bir çoxunda yüzlərlə qeyri-peşəkar
da fəaliyyət göstərir. Bu insanların əksəriyyətinin
jurnalist təhsili yoxdur, jurnalistin hüquq, vəzifə və
funksiyalarından, etikasından xəbərsizdirlər,
savadsız həvəskarlardır. Hər gün oxuduğum
müxtəlif qəzetlərin, baxdığım, dinlədiyim
televiziya və radio verilişlərinin, efirdə səslənən
materialların zəifliyi, kasadlığı, sözlərin
deyiliş tərzinin qüsurlu olmağı təəssüf
doğurur. Ötən əsrin 90-cı illərinin əvvəllərində
türk dilinə meyil edənlərdə canlanma əmələ
gəlmişdi. Bu proses mətbuat orqanlarına və
televiziyaya da yol tapmışdı. Həmin illərdə
televiziya diktor və aparıcılarına Azərbaycan dilində
danışmağı öyrətmək əvəzinə,
Osmanlı dilinin təbliğinə geniş meydan verirdi.
Sözlərdəki, kəlmələrdəki tələffüz
xüsusiyyətləri süni surətdə türkləşdirilirdi.
Gəlin bir
anlığa indiki dövri mətbuata, televiziya və radio
verilişlərinin proqramlarına nəzər salaq. Əksərində dilimizə, mədəniyyətimizə,
mənəviyyatımıza, adət-ənənlərimizə,
inam və inancalrımıza biganəlik baş alıb gedir.
İndiki mətbuat bolluğu şəraitində əksər,
xüsusilə müstəqil qəzet və ya jurnalların
bircə sayı qüsursuz çap olunmur. Qəzet dilinə
cavabdehlikdə məsuliyyətsizlik əmələ gəlib.
Onların səhifələri orfoqrafik, qrammatik, üslubi, elmi
və məntiqi qüsurlarla doludur. Mətnin dilinin yeknəsəkliyi,
məzmun dolaşıqlığı, lüğət tərkibindən
qeyri-peşəkarcasına istifadə edilməsi, söz
yığını baş alıb gedir. İndiki televiziya və
radio verilişlərinin əksəriyyətinin
aparıcılarının nitqində dilimizin orfoepik
(düzgün tələffüz) qaydaları demək olar ki, hər
iki-üç cümlədən bir pozulur.
Mətndəki sözlər,
ifadələr, bütövlükdə mətnin oxu qaydaları,
nitqin tembri, heca vurğusu, dinamik, emosional, sabit, sərbəst
ifadə, həyacanlı vurgu və s. nitq prosesində tez-tez
müxtəlif qüsurlarla səslənir. Bu da təbii ki, materialın ümumi məzmununun
anlaşılmasına çətinlik törədir. Bəzən
isə aparıcıların bir-biri ilə və ya dəvət
etdikləri qonaqla primitiv söhbətləri, yersiz, suni və
şit gülüşləri, zarafatları dinləyicini təngə
gətirir. Düzdür, məsuliyyət hissi ilə
çıxış edən ziyalılarımız
çoxdur. Lakin iki kəlməni deyincə, dilin
intonasiyasını on dəfə pozan vəzifə sahiblərinin
bu dildə təhsil almadıqlarını, bu dilin ruhunu
duymadıqlarını açıq-aydın hiss edirsən.
Həmçinin,
aparıcıların əksəriyyəti doğma ana dilimizi
dərindən bilmədiklərindən öz
çıxışlarında yersiz olaraq alınma sözlərə
daha çox yer verirlər. Məsələn, "Gülnarə superyekdir" cümləsinə
nəzər salaq. Dilimizdə gəlişigözəl səslənən
"yaxşı, əla" və "birincidir" sözləri
ola-ola "super" və "yekdir" sözlərini
işlətmək kimə lazımdır. Görəsən, rəhmətlik
Mirzə Cəlil demişkən, aparıcılar ana dilimizdə
"Gülnarə birinci yeri tutdu" ifadəsini işlətməkdən
niyə utanırlar...
Aparıcılıq edən
müğənnilərimizin etik normalara sığmayan hərəkətləri
isə daha usandırıcıdır. Hətta onlar ifa etdikləri
mahnıların musiqi ahəngini, tembrini pozur, mətnləri əzbər
bilmədiklərinə görə təhriflərə yol
verirlər. Mən hamı tərəfindən müsbət
qarşılanan bir musiqi müsabiqəsinə öz
münasibətimi bildirmək istəyirəm. "Muğam
televiziya müsabiqəsi" ifadəsi gəlişigözəl
və ahəngdar səslənsə də, elmi, məntiqi və
linqvistik baxımdan qüsurludur. Bu ifadə əslində
"Televiziya muğam müsabiqəsi" olmalıdır.
Çünki müsabiqə televiziyalar arasında yox,
muğam ifaçıları arasında keçirilir.
Bu müsabiqənin nəticələri
də hamının alqışını
qazanmışdır. Digər
iradım isə "SMS"lərlə "İlin
müğənnisi" və ya "Maestro" (ustad) kimi fəxri
adların incəsənət sahəsində qeyri-peşəkarlara
verilməsi ilə bağlıdır. Bu, məqbul sayıla
bilməz. İncəsənət, yaradıcılıq, sənətkarlıq
"SMS"lərin çoxluğu ilə yox, müğənni
və ya xanəndənin istedadına və peşəkarlığına
görə verilməlidir.
Unutmamalıyıq ki,
ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül
tapmış milli sərvətidir. Bu milli sərvətə isə
heç kəsin soyuqqanlı yanaşmasına yol vermək
olmaz. Milli sərvətimizi qorumaq, onun keşiyində
ayıq-sayıq durmaq hamımızın müqəddəs
borcu və gündəlik vəzifəsidir.
Mədəd ÇOBANOV,
filologiya elmləri doktoru, professor
Azərbaycan. - 2009.- 4 avqust.- S. 5.