Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməsə, hərbi vəziyyətin yaranacağı qaçılmaz olacaqdır

 

Azərbaycanda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukov avqustun 2-də azərbaycanlı həmkarı, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

General-polkovnik S.Əbiyev bildirmişdir ki, münaqişənin nizamlanması prosesində Rusiyanın göstərdiyi səylər təqdirəlayiqdir və ümidvericidir. Müdafiə naziri əlavə etmişdir ki, münaqişə sülh yolu ilə həll edilməsə, hərbi vəziyyətin yaranacağı qaçılmaz olacaqdır.

Anatoli Serdyukov iki günlük səfəri çərçivəsində keçirdiyi görüşlərdən danışmış, göstərilən səmimi münasibətə görə təşəkkürünü bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 avqust.- S. 4.