Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVİDDF) elan etdiyi layihə-müsabiqəyə
mətbuat orqanları, jurnalist təşkilatları və
informasiya agentlikləri 109 layihə təqdim etmişlər.
Hazırda kütləvi
informasiya vasitələrinin (KİV) fəaliyyətinin təkmilləşməsini
nəzərdə tutan və inkişafını dəstəkləyən
həmin layihələrin araşdırılması prosesi
gedir. Avqust ayında bu layihələr hər mövzunun
meyarı əsasında ekspertlər tərəfindən qiymətləndiriləcəkdir.
Fond həmin ekspertlərlə artıq müqavilə də
bağlamışdır. Bundan sonra müsabiqənin qalibləri
elan olunacaq və qalib gələn layihələrin maliyyələşdirilməsi
prosesi həyata keçiriləcəkdir. Əvvəlcədən
müəyyənləşdirilmiş on iki istiqamət üzrə
təqdim olunan layihələrdən qalib gələnlərə
maksimum 20 min manat ayrılacaqdır. Bu il yalnız bir belə
müsabiqənin keçirilməsi və ilin sonuna qədər
başa çatdırılması nəzərdə
tutulmuşdur.
Ona görə də
layihələrin icra müddəti dörd aydır. Müsabiqənin
nəticələri sentyabrın əvvəllərində elan
olunacaqdır.
Qeyd edək ki, bu il fonda
1 milyon 300 min manat vəsait ayrılmışdır ki, bunun da
1 milyon 100 min manatı KİV-nin və media qurumlarının
layihələrinin maliyyələşdirilməsi, jurnalistlərin
mükafatlandırılması və digər oxşar məqsədlərə
yönəldiləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 4 avqust.- S. 4.