"ARDNŞ-in informasiya texnologiyalarının inkişaf strategiyası"nın təqdimatı olmuşdur

 

Dövlət Neft Şirkətində "Pricewaterhouse Coopers" audit şirkətinin "ARDNŞ-in informasiya texnologiyalarının inkişaf strategiyası"nın təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimini giriş sözü ilə açan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qonaqlara şirkətin fəaliyyəti və son illər həyata keçirilən qlobal layihələr barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, ARDNŞ-in transmilli şirkətə çevrilməsi üçün təqdim olunan layihənin əhəmiyyəti böyükdür: "Gələcək informasiya texnologiyaları əsridir. Bu gün həyata keçirilən layihə isə SOCAR-ın gələcək fəaliyyətində böyük rol oynayacaq".

Layihənin rəhbəri Aleksey Burlatski isə çıxışında layihəni hazırlayarkən gördükləri işlər barədə iştirakçılara məlumat verərək bildirmişdir ki, ümumilikdə SOCAR-da informasiya texnologiyalarının tətbiqi sahəsində işlər yaxşı qurulub. "Böyük kompaniyalarda informasiya texnologiyalarının inkişaf strategiyasının müəyyənləşdirilməsi əsas şərtlərdəndir. Çünki gələcəkdə lider kompaniya kimi fəaliyyət göstərmək üçün informasiya texnologiyalarının rolu böyük olacaq".

Sonra "Pricewaterhouse Coopers" audit şirkətinin baş məsləhətçisi Qriqori Kaçman slaydlar vasitəsi ilə "ARDNŞ-in informasiya texnologiyalarının inkişaf strategiyası" layihəsini tədbir iştirakçılarına geniş şəkildə təqdim etmişdir. Görüşün sonunda informasiya texnologiyalarının inkişafı istiqamətində indiyədək görülən işlər müzakirə edilmiş və təqdim olunan layihə ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2009.- 4 avqust.- S. 6.