Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

- Əziz naxçıvanlılar, əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və sizi Naxçıvan Muxtar Respublikasının 85-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

Naxçıvan qədim Azərbaycan torpağıdır. Bu gözəl torpaqda əsrlər boyu xalqımız yaşayıb yaratmışdır. Naxçıvanda yerləşən tarixi və memarlıq abidələri Azərbaycan xalqının nə qədər böyük istedada malik olduğunu əyani şəkildə göstərir. Naxçıvan Azərbaycana böyük şəxsiyyətlər bəxş etmişdir. Naxçıvan Azərbaycana ulu öndər Heydər Əliyevi bəxş etmişdir.

1924-cü ildə Naxçıvan Muxtar Respublikası yarandı. Respublika yarananda biz tamamilə başqa ictimai-siyasi quruluşda yaşayırdıq və o vaxt sovet rəhbərliyi tərəfindən Azərbaycanın qədim torpağı olan Zəngəzur mahalı Ermənistana verilmişdir. Bunun nəticəsində Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında coğrafi əlaqə pozuldu. Sovet İttifaqı dağılandan sonra və hətta ondan bir qədər əvvəl Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Naxçıvan blokadaya düşdü.

Ermənistan Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlarda həmişə ittiham etməyə çalışır ki, Azərbaycan Ermənistana blokada tətbiq edir. Amma əslində belə deyildir. Uzun illər ərzində Naxçıvan blokada şəraitində yaşayır və bu blokada bu gün də davam edir. Amma buna baxmayaraq, Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir.

Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən - 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz vətəninə, doğulduğu yerə - Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.

Demək olar ki, ölkəmizin müstəqilliyinin bünövrəsi məhz o illərdə qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada - hələ Sovet İttifaqının dağılmasına təxminən iki il vaxt qalmışdı - Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, "Sovet Sosialist" sözləri çıxarıldı və Naxçıvan Muxtar Respublikası elan edildi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt hələ Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi.

O da həqiqətdir ki, Sovet İttifaqında, o cümlədən Azərbaycanda 1991-ci ilin mart ayında Sovet İttifaqının saxlanmasına dair keçirilmiş referendum Naxçıvanda keçirilmədi. Naxçıvan o vaxt da öz qətiyyətini göstərdi. O vaxt da Heydər Əliyevin rəhbərliyi altında naxçıvanlılar öz milli xüsusiyyətlərini ortaya qoydular.

Naxçıvan üçün o illər çox ağır, çətin keçirdi. Siz naxçıvanlılar bunu yaxşı xatırlayırsınız. İqtisadi vəziyyət çox ağır idi. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz və işğalçılıq siyasəti nəticəsində Naxçıvan da çox ağır vəziyyətə düşmüşdü. Sənaye müəssisələri demək olar ki, dayanmışdı və Ermənistanın Naxçıvana qarşı hücumları da böyük narahatlıq doğururdu. Ancaq Heydər Əliyevin rəhbərliyi, onun qətiyyəti, naxçıvanlıların səfərbərliyi o çətin anlardan çıxmağa imkan verdi.

O vaxt Naxçıvanın müdafiə məsələləri çox ciddi ortaya qoyulmuşdu. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçiləndən bir neçə gün sonra Naxçıvanda Dövlət Müdafiə Komitəsi yarandı və məhz o tədbirlər nəticəsində Naxçıvan özünü qoruya bilmişdir. Çünki o vaxt Azərbaycandan heç bir yardım göstərilmirdi, Azərbaycanın o vaxtkı rəhbərliyi Naxçıvana qarşı çox ədalətsiz siyasət aparırdı.

Ancaq Heydər Əliyevin amalı tam başqa idi. Onun məqsədi naxçıvanlıları qorumaq, Naxçıvanı qorumaq, erməni hücumlarının qarşısını almaq və muxtar respublikanın uğurlu inkişafını təmin etmək idi. O vaxt naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq və şücaət göstərmişdilər. Ermənistan tərəfindən edilən bütün hücumlara çox layiqli cavab verilmişdi və düşmən yerinə oturdulmuşdu. O anlarda, o aylarda, o illərdə Naxçıvanın taleyi həll olunurdu və bir daha o tarixə nəzər salaraq görürük ki, əgər Heydər Əliyev o vaxt Naxçıvanda olmasaydı, yəqin ki, Naxçıvanın taleyi çox acınacaqlı ola bilərdi.

Beləliklə, Naxçıvanın o ağır illərini yada salmaqla bir daha vurğulamaq istəyirəm ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə, çalışdığı bütün vəzifələrdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, həmişə Azərbaycan xalqını müdafiə edirdi, doğma Azərbaycanın inkişafına səy göstərirdi. Bunun nəticəsində bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan çox sürətlə inkişaf edir. Bu inkişaf özünü bütün sahələrdə - həm iqtisadi, həm sosial məsələlərin həllində, həm də müdafiə potensialının gücləndirilməsində, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsində büruzə verir. Naxçıvanın bugünkü siması bunun əyani sübutudur.

Naxçıvanın hərbi potensialı çox yüksək səviyyədədir. Dünən hərbi hissədə olarkən mən bir daha gördüm ki, Naxçıvanın müdafiəsi üçün hər şey edilib və Naxçıvan özünü istənilən hücumlardan tam şəkildə müdafiə etməyə və eyni zamanda, istənilən hərbi vəzifəni icra etməyə qadirdir.

1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi və erməni işğalı nəticəsində vəziyyət çox gərginləşmişdi. O vaxt xalqın tələbi ilə Heydər Əliyevin Bakıya qayıtması və Azərbaycana rəhbərlik etməsi nəticəsində ölkəmiz öz müstəqilliyini qoruya bilmişdir. Çünki müstəqilliyimiz əldən gedirdi. 1991-ci ildən başlayaraq 1993-cü ilin yay aylarına qədər Azərbaycanda baş vermiş qanlı və faciəli hadisələr müstəqilliyimizi sual altına qoymuşdu. Biz o acı tarixi yaşamışdıq. Eynilə 1918-1920-ci illərdəki kimi, cəmi iki illik müstəqillikdən sonra ölkəmizin müstəqilliyi əldən getdi. Əgər Heydər Əliyev Azərbaycana rəhbərliyə gəlməsəydi, 1990-cı illərdə də bu təkrar oluna bilərdi. Məhz onun səyləri nəticəsində Azərbaycan o çətin, ağır vəziyyətdən çıxa bilmişdir və 1993-2003-cü illər Azərbaycanın dirçəliş və inkişaf illəri olmuşdur. Azərbaycanın qarşısında duran əsas vəzifələr məhz o illər ərzində öz həllini tapdı. Siyasi, hərbi, iqtisadi böhran aradan qaldırıldı, Azərbaycanda sabitlik yarandı, inkişaf üçün çox mühüm addımlar atıldı. Azərbaycan xarici investisiyaları böyük həcmdə cəlb edə bilmişdir ki, bu da Azərbaycanın indiki uğurlu inkişafının təmin olunması üçün mühüm rol oynayır.

Azərbaycanda Heydər Əliyev tərəfindən başlanmış və bu gün uğurla davam etdirilən neft strategiyası ölkəmizi çox böyük dərəcədə inkişaf etdirmişdir. Məhz 1993-2003-cü illər Azərbaycanın müstəqilliyi üçün həlledici illər olmuşdur. Məhz o illərdə bugünkü Azərbaycanın - güclü Azərbaycanın yaradılması mümkün olmuşdur.

O illərdə başlanmış və uğurla davam etdirilən siyasi və iqtisadi islahatlar, ölkəmizdə gedən demokratikləşmə prosesləri, hüquqi dövlətin qurulması, qanunun aliliyi bu gün Azərbaycanı dünya birliyinə uğurla inteqrasiya etmək üçün öz rolunu oynayır. Bu islahatlar davam etdirilir, Azərbaycan müasir dövlətdir, Azərbaycanın çox güclü iqtisadi potensialı vardır. Bu iqtisadi potensial təkcə enerji amillərindən asılı deyildir. Bu il dünyada yaşanan iqtisadi və maliyyə böhranı bunu bir daha nümayiş etdirdi. Bu böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu il iqtisadi artım müşahidə olunur. Qeyri-neft sektorunda 4 faizdən çox artım olmuşdur. Ümumiyyətlə, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) birinci altı ayda 3,6 faiz artmışdır. Bu gün Azərbaycan istənilən iqtisadi, siyasi və sosial məsələni həll edə bilər.

Ölkəmizin beynəlxalq mövqeləri möhkəmləndirilir. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanınır və bizimlə dostluq münasibətlərində olan ölkələrin sayı artır. Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir. Biz bütün ölkələrlə öz münasibətlərimizi qarşılıqlı maraq, qarşılıqlı hörmət əsasında qururuq və bu, Azərbaycana böyük uğurlar gətirir. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı o qədər güclənibdir ki, biz özümüzü tam şəkildə təmin edirik. Biz heç kimdən asılı deyilik, heç bir maliyyə yardımına ehtiyacımız yoxdur və bu böhranlı aylar bir daha onu göstərdi ki, Azərbaycan öz hesabına yaşaya bilər və yaxşı yaşaya bilər.

Azərbaycanın bütün bölgələri bu gün inkişaf edir. Azərbaycanın iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Son illər ərzində qeyri-neft sektorunun inkişafı üçün böyük investisiyalar qoyulmuşdur. O investisiyaların böyük əksəriyyəti dövlət tərəfindən qoyulmuşdur. Həm sənaye potensialının inkişafı, həm yeni iş yerlərinin açılması, həm də idxalın azalması və yerli istehsalın artırılması üçün görülən əməli tədbirlər nəticəsində biz bu gün özümüzü demək olar ki, bütün cəhətlərdən təmin edirik. Enerji təhlükəsizliyimiz təmin edilib, nəqliyyat təhlükəsizliyimiz təmin edilib, ərzaq təhlükəsizliyimiz təmin edilib. Bu üç amil hər bir ölkənin inkişafı üçün mühüm rol oynayır. Bu üç istiqamətdə Azərbaycan çox böyük uğurlarla fəxr edə bilər. Bu vaxta qədər əldə edilmiş uğurlar əlbəttə ki, bundan sonrakı illərdə böyük rol oynayacaqdır. Biz iqtisadi və siyasi islahatları bundan sonrakı illərdə davam etdirəcəyik.

Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Bu da ulu öndər Heydər Əliyevin siyasətidir: güclü iqtisadiyyat, güclü sosial siyasət və insanların rifah halının yaxşılaşdırılması üçün atılmış konkret addımlar. Bizim siyasət konkret işlər deməkdir. Bizim siyasət insanların gündəlik həyatında özünü göstərir. Bizim siyasət Azərbaycanın iqtisadi gücündə özünü göstərir. Bu siyasət müstəqil ölkəmizi çox böyük dərəcədə gücləndirir və bir daha demək istəyirəm ki, beynəlxalq mövqelərimizi təmin edir. Bölgədə Azərbaycanın iştirakı olmadan istər siyasi, istər iqtisadi, energetika və başqa sahələrdə heç bir layihə, heç bir təşəbbüs icra edilə bilməz. Azərbaycan enerji təhlükəsizliyi üçün çox önəmli ölkəyə çevrilibdir. Biz özümüzü tam şəkildə təmin edirik. Azərbaycanın enerji potensialı çox böyükdür və biz bu potensialdan çox səmərəli şəkildə istifadə edirik.

Mən dünən Naxçıvanda yeni tikilmiş, yaxud da ki, təmir edilmiş bir neçə obyektin, o cümlədən Heydər Əliyev Sarayının yenidən qurulmasından sonra açılışında iştirak etdim. Bu gün Heydər Əliyev Sarayında əsaslı təmirdən sonra birinci tədbirdir. Əlbəttə ki, bu tədbir məhz Naxçıvan Muxtar Respublikası ilə bağlı olmalı idi. Mən çox şadam ki, Naxçıvan Muxtar Respublikasının 85-ci ildönümünü biz bu gözəl sarayda - ulu öndər Heydər Əliyevin adını daşıyan sarayda qeyd edirik.

Dünən, eyni zamanda, Naxçıvanda həm sənaye müəssisələrinin, həm də sosial obyektlərin açılışı olub. Çox gözəl Doğum Mərkəzinin açılışı olub. Şərurda yeni, müasir Olimpiya Kompleksinin açılışında iştirak etdim. Şahmat məktəbi, "Badamlı" zavodu, Heydər Əliyev Sarayı - ancaq bir gündə bir neçə gözəl, müasir obyektin açılması bir daha onu göstərir ki, Naxçıvan çox uğurla, çox sürətlə inkişaf edir.

Bunu Naxçıvan sakinləri görürlər, bilirlər, eyni zamanda, mən əminəm ki, Bakıdan gəlmiş qonaqlar bu gün bunu görə biləcəklər. Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir, çox sevindirir. Naxçıvan ən müasir şəhərə çevrilibdir. Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır. Məktəblər, xəstəxanalar tikilir. Bu gün Şahbuz rayonunda mərkəzi xəstəxananın açılışında iştirak edəcəyik. Naxçıvanda sənaye obyektlərinin tikintisi uğurla gedir və artıq muxtar respublikanın çox önəmli ixrac potensialı yaradılır.

Kənd təsərrüfatının inkişafında böyük işlər görülübdür. Naxçıvan özünü taxılla təmin edir. Burada son illər ərzində istifadəyə verilən emal müəssisələri Naxçıvanın tələbatını ödəyir və eyni zamanda, böyük ixrac potensialını yaradır. Vayxır su elektrik stansiyasında istehsal olunan elektrik enerjisi Naxçıvanın enerji potensialını gücləndirir. Orada yaradılmış dəryaça Naxçıvanın suvarma problemlərini həll edir. Muxtar respublikada yaradılmış elektrik stansiyaları həm daxili tələbatı tam şəkildə ödəyir, eyni zamanda, Naxçıvan bu gün qonşu Türkiyəyə elektrik enerjisi ixrac edir. O Naxçıvan ki, əvvəllər qaranlıq, zülmət içində yaşayırdı. Bu gün Naxçıvan nurlu, işıqlı şəhərdir. Naxçıvanın ixrac potensialı gündən-günə artacaqdır.

Naxçıvanda qazlaşdırma prosesi tamamilə başa çatıb. On üç il fasilədən sonra 2005-ci ilin sonunda Naxçıvana qazın verilməsi bərpa edildi. Biz dünən Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında konkret qərarlar qəbul etdik. Naxçıvanda tikiləcək böyük həcmli qaz anbarları qış aylarında muxtar respublikanı dayanıqlı qazla təmin etmək üçün imkan yaradacaqdır.

Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir, Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm.

Əziz dostlar, bu gün bayram günüdür. Biz bu bayramı birlikdə qeyd edirik. Gələcəkdə belə bayramlar çox olacaq, həm muxtar respublikanın yubileyləri, eyni zamanda, burada yaradılmış hər bir böyük müəssisə, səhiyyə, təhsil ocağı bizim üçün bayramdır. Naxçıvanın güclü olması Azərbaycanın güclü olması deməkdir. Naxçıvan strateji ərazidə yerləşir. Naxçıvanın çox böyük siyasi və strateji əhəmiyyəti vardır. Azərbaycanın müstəqilliyinin əldə edilməsində Naxçıvanın və naxçıvanlıların çox böyük əməyi olmuşdur. Mən əminəm ki, həmişə olduğu kimi, naxçıvanlılar bundan sonra da Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi işində, Azərbaycanın müasir dövlət kimi inkişaf etməsi işində öz sözlərini deyəcəklər və öz dəyərli töhfələrini verəcəklər.

Əziz dostlar, mən bu gözəl yubiley münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Yaşasın Naxçıvan Muxtar Respublikası!

Eşq olsun Azərbaycan xalqına!

 

(Azərbaycan Prezidenti İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı).

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 5 avqust.-  S. 1, 2.