Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir

 

* * *

 

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif TALIBOV çıxış edərək demişdir:

- Möhtərəm Prezident!

Yubiley tədbirinin hörmətli iştirakçıları!

85 il bundan əvvəl - 1924-cü il fevral ayının 9-da Azərbaycanın dövlətçilik tarixində özünəməxsus mərhələ təşkil edən mühüm bir hadisə baş verdi: Naxçıvan Muxtar Respublikası təşkil olundu.

Naxçıvanın muxtariyyəti böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmış, gərgin, ağır, eyni zamanda şərəfli bir yol keçmişdir. Ötən 85 il ərzində çox hadisələr olmuşdur. Həmin hadisələrin fonunda ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri bütün dövrlər üçün ciddi aktuallıq kəsb edir: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

Bu əlamətdar gündə Naxçıvanın və onun muxtariyyətinin böyük hamisi, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edir, ruhu şad olsun, deyirik.

Xalqımızın böyük oğlunun siyasi xəttinin davamçısı cənab İlham Əliyev Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının tarixinə və müasir inkişafı ilə bağlı məsələlərə böyük həssaslıq, əsl dövlətçilik münasibəti göstərir. Azərbaycanın qədim və zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının muxtariyyət tarixinin diqqətlə öyrənilməsi və təbliğ olunması vacibliyini bir vəzifə kimi qarşıya qoyan dövlətimizin başçısı demişdir: "Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir".

Naxçıvan Muxtar Respublikasının yubiley tədbirlərinin keçirilməsi muxtariyyət tariximizin yenidən və əsaslı şəkildə öyrənilməsi, xalqımızın dünəni, bu günü və sabahı üçün çox mühüm əhəmiyyəti olan hadisədir.

Naxçıvan ən qədim dövrlərdən başlayaraq Azərbaycan dövlətçiliyinin və azərbaycançılığın qorunub saxlanmasında özünəməxsus rol oynamışdır. Əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi onu fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, Naxçıvan heç vaxt qəddini əyməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, tarixi ərazisini qoruyub saxlaya bilmiş, müasir dövrümüzədək gətirib çıxarmışdır.

Naxçıvan ölkəmizin dövlətçilik tarixində də mühüm rol oynamışdır. Min illər boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu torpaqda X əsrdə "Naxçıvan şahlığı" adlı xüsusi feodallıq yaranmış, Naxçıvan şəhəri XII əsrdə qüdrətli Atabəylər dövlətinin paytaxtı olmuşdur. 1747-ci ildə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr vermişdir. Bu dövrdə Naxçıvan xanlığının oynadığı rolu dövlətçilik tarixi baxımından müstəsna xidmət kimi dəyərləndirən ulu öndərimiz demişdir: "Azərbaycanın bir parçası olan Naxçıvanda dövlətçilik sonrakı dövrlərdə, orta əsrlərdə də olubdur. Azərbaycanın xanlıqlara bölünən dövründə də Naxçıvan xanlığı yaranıbdır. Naxçıvan xanlığı Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstəribdir. İrəvan xanlığı, Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları - bu xanlıqlar Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar. O dövrdə ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanı, o cümlədən Naxçıvanı ələ keçirmək cəhdləri olmuşdur. Azərbaycan xalqı bunlara sinə gərmiş, o cümlədən naxçıvanlılar Naxçıvanı qoruyub saxlamışlar".

Naxçıvanın xarici müdaxilələrdən qorunmasında Araz-Türk Respublikasının da mühüm xidmətləri olmuşdur. 1918-ci ildə Naxçıvan şəhəri bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikasının paytaxtı idi. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

"Naxçıvanın muxtariyyət qazanması Azərbaycan xalqının ən mühüm nailiyyətlərindən biridir" deyən Ali Məclisin sədri Vasif Talıbov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının taleyi 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənədlə təyin edilmişdir. Bunlar Moskva və Qars müqavilələridir. Həmin sənədlərdəki müvafiq bəndlərdə Naxçıvana verilən muxtariyyətin əsasları göstərilmişdir. Həmin sənədlərdə Naxçıvan ərazisinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ da təsbit edilmişdir. 1924-cü il fevralın 9-da isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılmışdır. Ali Məclisin sədri demişdir:

- Ümummilli liderimizin dediyi kimi, "Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi".

Qeyd olunanlar onu göstərir ki, ötən dövr ərzində ölkəmizdə muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşmış, böyük bir inkişaf yolu keçmişdir. Naxçıvanın muxtar respublika statusu bu bölgənin 85 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malikdir.

Ötən əsrin 90-cı illərində - bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratmışdır.

Vasif Talıbov qeyd etmişdir ki, Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu statusun ulu öndər Heydər Əliyevin 1990-93-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvanın xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilməsinə imkan verdiyini vurğulayan Ali Məclisin sədri bildirmişdir:

- Bu dövrdə ölkəmizin müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsus olmuşdur. Belə ki, 1990-cı il noyabrın 17-də ümummilli liderimizin rəhbərliyi ilə keçən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyət orqanları haqqında", "Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul olunmuşdur. O zamankı Azərbaycan rəhbərliyinin Sovet Sosialist Respublikaları İttifaqının qorunub saxlanmasına dair göstərdiyi təşəbbüslərin əksinə olaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 14 mart tarixli qərarı ilə SSRİ-nin saxlanmasına dair ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirakının yolverilməz olduğunu bəyan etmişdir. 1991-ci ilin oktyabrında "Keçid dövründə SSR İttifaqının dövlət hakimiyyət və idarəetmə orqanları haqqında" SSRİ qanununun müzakirəsi zamanı da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan dövlət hakimiyyət orqanlarından fərqli mövqe tutaraq SSRİ-nin yenidən bərpasına və unitar ittifaq dövlətinin möhkəmləndirilməsinə yönəldilən cəhdləri rədd etmiş, Azərbaycan Ali Sovetindən də müvafiq qərarların qəbul olunmasını xahiş etmişdir.

Naxçıvanın muxtariyyət statusu bu dövrdə erməni işğalı təhlükəsinin aradan qaldırılması, ağır blokada şəraitində adamların yaşayışının təmin olunması sahəsində də taleyüklü qərarların qəbul edilməsinə şərait yaratmış, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi ümummilli lider Heydər Əliyev qonşu İran və Türkiyə respublikaları ilə əlaqələr quraraq bu ölkələrdə səfərlərdə olmuş, müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalamışdır.

"Naxçıvanın muxtariyyət statusu bu gün də Azərbaycandan ayrı düşən, blokada şəraitində yaşayan regionda dövlət hakimiyyət orqanlarının ahəngdar fəaliyyətini təşkil edən mühüm amildir" deyən Vasif Talıbov bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Naxçıvan MR-in qonşu ölkələrlə əməkdaşlıq siyasəti uğurla davam etdirilir. O da bildirilmişdir ki, Naxçıvanın muxtariyyət statusu bölgənin tarixi taleyində əhəmiyyətli rola malik olmuş, Azərbaycanın bu qədim ərazisində təhlükəsizliyin təmin olunmasında mühüm amil kimi çıxış etmişdir. Vasif Talıbov Naxçıvan MR-in 85 illik yubileyinin keçirilməsinin əhəmiyyətinə də toxunaraq demişdir:

- Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin ölkəmizdə geniş şəkildə və yüksək səviyyədə qeyd olunması muxtar respublikaya göstərilən dövlət qayğısının daha bir parlaq ifadəsidir.

Möhtərəm Prezident, Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında sərəncamınıza, qayğınıza və bu əlamətdar bayramı naxçıvanlılarla bir yerdə qeyd etdiyinizə görə Sizə muxtar respublikanın bütün əhalisi adından və öz adımdan dərin minnətdarlığımızı bildiririk.

Vasif Talıbov demişdir ki, bu gün Naxçıvan bütün ölkədə aparılan quruculuq işlərində fəal iştirak edir. Bütün bunların kökündə isə ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf proqramı dayanır. Vasif Talıbov 5 min illik tarixi olan Naxçıvanın inkişafında ümummilli liderimizin xidmətlərini xatırladaraq demişdir ki, məhz Heydər Əliyevin titanik fəaliyyəti sayəsində Azərbaycan dünya birliyinin fəal üzvü olmaqla öz inkişaf yolunu tapmişdır:

- Ümummilli lider Heydər Əliyevin şah əsəri bu gün dünya birliyində öz layiqli yerini tutan müasir, müstəqil Azərbaycan Respublikasıdır. Həyatının mənası hesab etdiyi Azərbaycanı dirçəltmək, tərəqqiyə qovuşdurmaq böyük öndərimizin müqəddəs amalı idi. O, bu yolda bütün enerjisini sərf edir və deyirdi: "Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin". Ulu öndərimiz arzularının həqiqətə çevriləcəyi günün çox da uzaqda olmadığını qəti əminliklə bəyan edir və bildirirdi: "İnanıram ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Artıq rifaha və tərəqqiyə qovuşmuş müstəqil ölkəmizin zəngin quruculuq səhifələri böyük öndərimizin arzularının reallaşdığından xəbər verir. Bu reallıq heç bir siyasi güc mərkəzindən asılı olmayan, böyük dövlətlərin maraqlarını xalqının mənafeyinə tabe etdirməyi bacaran müasir, müstəqil, güclü Azərbaycandır.

Əgər ümummilli liderimiz ötən əsrin 70-ci illərində geridə qalmış aqrar Azərbaycan Respublikasını müttəfiq respublikalar içərisində lider respublikaya çevirdisə, bu gün bu siyasi kursun davamçısı hörmətli İlham Əliyev müstəqil Azərbaycanı lider dövlətə çevirdi.

Vasif Talıbov Naxçıvanın son beş ildə keçdiyi inkişaf yolundan da danışmış, bu inkişafın dövlətimizin başçısının qayğısı nəticəsində baş verdiyini diqqətə çatdıraraq bildirmişdir:

- Ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasına etdiyi səfərlər zamanı 40-dan çox mühüm əhəmiyyətli obyektin istifadəyə verilməsi, uzun fasilədən sonra muxtar respublikaya təbii qazın nəqlinin bərpa olunması muxtar respublikanın inkişafına göstərilən dövlət qayğısının ifadəsidir.

Göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən beş il ərzində muxtar respublikada ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 3,5 dəfədən çox artaraq 232 milyon manatdan 796 milyon manata çatmışdır. Adambaşına düşən ÜDM-in həcmi isə 637 ABŞ dollarından 2 min 500 ABŞ dollarına çataraq 4 dəfə artmış, büdcənin həcmi bu dövrdə 48 milyon manatdan 5,7 dəfə artaraq 273 milyon manat olmuşdur.

İqtisadiyyatın inkişafı muxtar respublikanın xarici iqtisadi əlaqələrinin də artmasına səbəb olmuşdur. Beş il ərzində xarici ticarət dövriyyəsinin həcmi 3 dəfə artaraq 39 milyon ABŞ dollarından 104 milyon ABŞ dollarına çatmışdır. Beş il ərzində yeni emal və istehsal müəssisələrinin yaradılması sənayenin inkişafına öz təsirini göstərmiş, 2004-cü illə müqayisədə 2008-ci ildə sənaye məhsulunun həcmi 26 milyon manatdan 164 milyon manata çataraq 6 dəfə artmışdır.

Məhsul istehsalının artımına birbaşa təsir göstərən amillərdən biri də özəl bölmənin inkişaf etdirilməsidir. Əgər 2004-cü ildə muxtar respublika sahibkarlarına 3 milyon manata yaxın kredit verilmişdisə, cari ildə maliyyə dəstəyinin həcmi 6 dəfə artırılaraq 19 milyon manata yaxın olmuşdur. Bunun nəticəsidir ki, 2004-2009-cu illər ərzində muxtar respublikada 184 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. İndi Naxçıvan Muxtar Respublikasında 87 növdə ərzaq, 148 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 235 növdə məhsula olan tələbat daxili imkanlar hesabına ödənilir.

Yeni istehsal sahələrinin istifadəyə verilməsi nəticəsində əhalinin məşğulluq səviyyəsi artmışdır. 2003-cü il oktyabrın 1-dən 2009-cu il avqust ayının 1-dək muxtar respublikada 40 min 28 yeni iş yeri açılmışdır ki, onun da 25 min 942-si, yaxud 65 faizi daimi iş yerləri olmuşdur.

Ali Məclisin sədri Vasif Talıbov demişdir ki, son beş ildə Naxçıvan Muxtar Respublikasına qoyulan investisiyaların həcmi də artmışdır. İnfrastruktur obyektlərinin tikintisi davam etdirilmişdir. Təhsil, səhiyyə və digər sosial obyektlər inşa olunmuşdur. Məktəb tikintisində Heydər Əliyev Fondu xüsusi fəallıq göstərmişdir. Fondun təşəbbüsü ilə 7 məktəb binası inşa olunmuşdur. Elmin inkişafı və Naxçıvan MR-in tarixi ilə bağlı araşdırmaların aparılması istiqamətində ciddi nəticələr əldə edilmiş, tarixi abidələrin bərpası ilə bağlı tədbirlər görülmüşdür.

Muxtar respublikada meliorasiya tədbirlərinin həyata keçirilməsi, əhalinin taxıla olan tələbatının ödənilməsi sahəsində ciddi nailiyyətlər əldə edilmiş, əhalinin təbii qaz və elektrik enerjisinə olan tələbatı tam ödənilmişdir. Bu illərdə əhalinin rifahının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılmışdır. V.Talıbov demişdir:

- Əhali gəlirlərinin həcmi 2004-cü illə müqayisədə 2008-ci ildə 3 dəfə artaraq 216 milyon manatdan 684 milyon manata çatmışdır.

Adambaşına gəlirlərin həcmi 2004-cü ildəki 582 manata nisbətən 3 dəfə artaraq 1768 manata, orta aylıq əməkhaqqının məbləği isə 3,5 dəfə artaraq 68 manatdan 235 manata qalxmışdır. Cari ilin 6 ayında isə orta aylıq əməkhaqqının məbləği 260 manat təşkil etmişdir.

Əhalinin sosial rifahının yaxşılaşması şəxsi vəsait hesabına tikilən fərdi yaşayış sahələrinin də artmasına səbəb olmuşdur. Əgər 2004-cü ildə əhalinin şəxsi vəsaiti hesabına 28 min kvadratmetr yaşayış sahəsi tikilmişdirsə, 2008-ci ildə və cari ilin 6 ayında bu göstərici 6 dəfə artaraq 184 min kvadratmetr olmuşdur. Əldə olunan inkişaf öz növbəsində bir vaxtlar müxtəlif səbəblərdən muxtar respublikanı tərk etmiş vətəndaşların geri qayıtmasına, əhali artımına və məskunlaşmaya da öz təsirini göstərmişdir. Son 5 il yarım ərzində Naxçıvan Muxtar Respublikasının əhalisi 20 min nəfər artmış, əhalinin ümumi sayı isə 400 minə çatmışdır.

Göründüyü kimi, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası uğurlu yol keçmişdir. Bunun nəticəsini təkcə rəqəmlərdə yox, eyni zamanda real həyatda, şəhər və rayon mərkəzlərimizin, kəndlərimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında görürük. Bu inkişafa öz töhfəsini verənlərin əməyi yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 14 nəfər orden, 204 nəfər medallarla təltif olunmuş, 100 nəfər müxtəlif fəxri adlara layiq görülmüşdür. Həmçinin dövlətimizin başçısı tərəfindən 12 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 33 nəfər isə Prezident mükafatına layiq görülmüşdür. Bundan başqa, 160 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur.

Yubiley tədbirinin hörmətli iştirakçıları!

Naxçıvan Muxtar Respublikasının 85 il ərzində keçib gəldiyi yol, ondan çıxarılan nəticə bir daha təsdiqləyir ki, xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin yoludur. Bu yolu uğurla davam etdirən ölkəmizin Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir.

Diqqətinizə görə sağ olun.

 

* * *

 

Prezident İlham Əliyevin 2009-cu il 3 avqust tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülmüşlər. Dövlətimizin başçısı həmin mükafatları sahiblərinə təqdim etdi.

 

* * *

 

Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olundu.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, təntənəli mərasimdə iştirak edən qonaqlar konsert proqramına maraqla tamaşa etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 5 avqust.- S. 2, 3.