Azərbaycan Prezidenti
İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri
çərçivəsində avqustun 4-də Şahbuz rayon
mərkəzi xəstəxanasının yeni binasının
açılışında iştirak etmişdir.
Xəstəxananın
tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri
dövlətimizin başçısını hərarətlə
qarşıladılar.
Azərbaycanda, o cümlədən
Naxçıvanda səhiyyə sektorunun inkişafı ilə
bağlı aparılan davamlı və kompleks islahatlar
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin
həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən
birini təşkil edir. Əhalinin
sağlamlığının daha etibarlı şəkildə
qorunması, onların ən yüksək səviyyədə
tibbi xidmətlərlə əhatə olunması səhiyyə
ilə bağlı mühüm dövlət
proqramlarının əsas prioritetləridir. Azərbaycan
hökuməti neft gəlirlərinin böyük bir hissəsini
vətəndaşların həyat şəraitinin
yaxşılaşmasına, maddi rifah səviyyəsinin daha da
yüksəlməsinə, onların ən müasir sosial xidmət
növləri ilə təmin olunmasına yönəldir ki,
bunun da başlıca istiqamətlərindən birini tibbi xidmətlər
təşkil edir.
Şahbuz rayonunda
inşa olunan rayon mərkəzi xəstəxanasının
yeni binası da ölkədə həyata keçirilən səhiyyə
siyasətinin uğurlarından biridir. Azərbaycanda səhiyyə
siyasəti yalnız dövlətin yox, Heydər Əliyev
Fondunun da fəaliyyətinin mühüm hissəsini təşkil
edir. Heydər Əliyev Fondu bu fəaliyyəti ilə minlərlə
insana həyat vermişdir. Ailə, qadın və uşaq
sağlamlığının qorunması fondun diqqətdə
saxladığı əsas sahədir. Fondun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən zəruri proqram və layihələr Azərbaycanda
tibb sahəsinin inkişafına əvəzsiz töhfələr
vermişdir.
Prezident İlham Əliyevə
rayon mərkəzi xəstəxanasının yeni binası
haqqında ətraflı məlumat verildi. Bildirildi ki, xəstəxana
dilbər təbiəti ilə seçilən Şahbuz
rayonunun səfalı guşələrindən birində
tikilmişdir. Bu tibb ocağının ümumi ərazisi 1,5
hektardır. Xəstəxananın binasının sahəsi isə
5 min 764 kvadratmetrdir. Dördmərtəbəli binanın ətrafında
yüksək səviyyədə abadlıq və
yaşıllaşdırma işləri
aparılmışdır.
Dövlətimizin
başçısı binanın
açılışını bildirən lenti kəsdi, xəstəxana
ilə tanış oldu.
Məlumat verildi ki, 40
çarpayılıq xəstəxana binasının tikintisində
yerli və xarici ölkələrin inşaat materiallarından
istifadə olunmuşdur. Burada ən müasir lift
quraşdırılmışdır. Xəstəxananın
birinci mərtəbəsində doğuş-ginekologiya, qəbul
və 3 təcili tibbi yardım avtomaşını ilə təmin
edilmiş təcili yardım şöbələri fəaliyyət
göstərəcəkdir. Palatalarda ideal şərait
yaradılmışdır.
İkinci mərtəbədə
cərrahiyyə, poliklinika və pediatriya şöbələri
yerləşir. Poliklinika şöbəsində ultrasəs
müayinə, stomatologiya, göz, LOR və digər kabinələr
fəaliyyət göstərəcəkdir. Pediatriya şöbəsində
palatalar uşaqların rahatlığına və zövqlərinə
uyğun qurulmuşdur. Əməliyyat otağındakı
müasir avadanlıq istənilən mürəkkəb cərrahi
əməliyyatı uğurla aparmağa imkan verəcəkdir.
Cərrahiyyə şöbəsində iki reanimasiya
otağı vardır. Həmin otaqlarda ağır xəstələrin
ürək-damar sisteminə yerindəcə nəzarət
olunması üçün müvafiq avadanlıq və monitor
quraşdırılmışdır.
Xəstəxananın
üçüncü mərtəbəsində
terapevt-stasionar şöbə və inzibati bölmə yerləşir.
Burada 80 nəfərlik iclas zalı da vardır. İnzibati
şöbədəki otaqlarda tibbi heyətin səmərəli
fəaliyyəti üçün hər cür rahatlıq
yaradılmışdır.
Xəstəxananın
zirzəmi hissəsində yerləşən laboratoriyadakı
avadanlıq ümumi, biokimyəvi və bakterioloji analizləri
yüksək səviyyədə yerinə yetirməyə imkan
verəcəkdir.
Tibb ocağının
bufeti, müasir qazanxana sistemi də vardır.
Xəstəxanada
Almaniya, Yaponiya, Koreya Respublikası, Türkiyə, Rusiya və
digər ölkələrin istehsalı olan avadanlıq
quraşdırılmışdır. Xəstəxanada 130-140 nəfər
işlə təmin olunacaqdır.
Xəstəxana ilə
yaxından tanış olan Prezident İlham ƏLİYEV
kollektivə uğurlar arzuladı, dövlətin səhiyyə
islahatlarının daha da genişləndirilməsi
üçün bundan sonra da ardıcıl tədbirlər həyata
keçirəcəyini vurğulayaraq dedi:
- Mən sizi yeni, gözəl
xəstəxananın açılışı münasibətilə
ürəkdən təbrik edirəm, sizə cansağlığı,
uğurlar arzulayıram. Burada xəstələrə
yaxşı baxın. Bu xəstəxana çox gözəl xəstəxanadır,
burada ən müasir avadanlıq quraşdırılıb,
çox keyfiyyətlə tikilib. Burada yaxşı işləmək,
xəstələrə yüksək tibbi xidmət göstərmək
üçün hər cür şərait vardır. Beləliklə,
Şahbuz rayonunun səhiyyə məsələləri öz
həllini tapır və bu xəstəxana insanların
sağlamlığı üçün öz rolunu
oynayacaqdır.
İndi Naxçıvan
Muxtar Respublikasında, o cümlədən Naxçıvan
şəhərində demək olar ki, bütün rayonlarda
belə gözəl xəstəxanalar açılır. Səhiyyə
xidməti ən yüksək səviyyədə
olmalıdır. Bu bizim sosial siyasətimizin əsas istiqamətidir.
Çünki insanların
sağlamlığı üçün
bütün işlər
görülməlidir.
Azərbaycanda
güclü iqtisadi və sosial siyasət aparılır. Hər
bir yaşayış məntəqəsində, hər bir
rayonda tibbi xidmət yüksək dünya səviyyəsində
olmalıdır. Həm burada istifadə olunan tikinti
materialları keyfiyyətlidir, həm də avadanlıq
müasirdir, gözəldir, aparıcı xarici firmaların
istehsalı olan avadanlıqdır. İndi söz həkimlərindir.
Həkimlər gərək burada xəstələrə
yaxşı xidmət göstərsinlər.
Beləliklə, Azərbaycanın bütün sosial məsələləri
öz həllini tapacaqdır. Biz bunu Şahbuz rayonunun
timsalında görürük. Mən keçən dəfə
də burada olmuşam. Ondan əvvəlki dəfə
Naxçıvanda olarkən kənd məktəbinin
açılışında iştirak etmişəm. Görürəm
ki, Şahbuz rayonu da gözəlləşir, abadlaşır.
Yeni gözəl binalar, evlər tikilir. Vaxtilə bu evlər
yox idi. Rayon xəstəxanasının binası kimi köhnə
evlər, əlbəttə ki, yararsız vəziyyətə
düşmüşdü. Mənə məlumat verildi ki, xəstəxana
çox yararsız vəziyyətdə idi və orada
müalicə aparmaq üçün heç bir imkan yox idi. Amma
bu gözəl bina həm rayon mərkəzinə - Şahbuz
şəhərinə əlavə yaraşıq verir, həm
də ki, insanların sağlamlığı
üçün böyük funksiyanı yerinə yetirir.
Bu gün biz
Naxçıvan Muxtar Respublikasının 85-ci
ildönümünü təntənəli şəkildə
qeyd etdik. Bu böyük bayramdır və bütün
naxçıvanlıları bu gözəl bayram münasibətilə
təbrik edirəm. Naxçıvanın çox böyük
uğurları var, çox sürətli inkişaf gedir.
Dünən və bu gün gördüyüm yeni müəssisələr,
səhiyyə ocaqları, sosial obyektlər, sənaye sahələri
məni çox sevindirir. Naxçıvan Muxtar Respublikası
hərtərəfli inkişaf edir. Burada həm sosial məsələlərə
böyük diqqət göstərilir, respublika demək olar
ki, özünü ərzaq məhsulları ilə təchiz
edir, həm də enerji təhlükəsizliyi təmin
olunmuşdur. Yeni yollar çəkilir, abadlıq işləri
aparılır. İndi naxçıvanlılar haqlı olaraq
qürur hissi ilə deyə bilərlər ki, onlar
Naxçıvan Muxtar Respublikasının sakinləridir.
Mən sizin
hamınızı gözəl hadisə münasibətilə,
gözəl xəstəxananın açılışı
münasibətilə ürəkdən təbrik edirəm, sizə
yeni uğurlar arzulayıram. Sağ olun.
Tibb bacısı Sədayə
VƏLİYEVA səhiyyə işçiləri adından
dövlətimizin başçısına minnətdarlığını
bildirərək dedi:
- Möhtərəm cənab
Prezident!
Ölkəmizin səfalı
guşələrindən biri olan Şahbuzumuza xoş gəlmisiniz.
Sizin muxtar respublikamıza hər gəlişiniz bizim
üçün böyük bir bayramdır. Ulu öndərimiz
Heydər Əliyevin əsasını qoyduğu sosial siyasət
kursunu Siz böyük uğurla davam etdirirsiniz. Bu sosial siyasətin
əsas istiqamətlərindən biri də insanların
sağlamlığının qorunmasıdır.
Sizin rəhbərliyiniz
altında bütün sahələrdə olduğu kimi, səhiyyə
sahəsində də böyük işlər aparılır.
Bu işlərin sayəsində bütün əhaliyə -
analara, gələcəyimiz olan uşaqlara, yaşlı və
qoca insanlara yüksək səviyyədə tibbi xidmət
göstərilir. Buna görə də muxtar
respublikamızın bütün əhalisi Sizə minnətdardır.
Biz tibb işçiləri Sizə daha da çox minnətdarıq.
Belə bir müasir xəstəxananı yüksək tələblər
səviyyəsində tikdirib biz şahbuzluların
ixtiyarına verdiyinizə görə Sizə bütün tibb
işçilərimiz adından öz minnətdarlığımı
bildirirəm.
Ulu öndərimiz
demişdir: "Mən elə bir sənət tanımıram
ki, həkimlik sənəti qədər insanlara lazım
olsun". Şahbuzda belə bir xəstəxananın tikilib
istifadəyə verilməsi biz tibb işçilərinin məsuliyyətini
daha da artırır, insanların
sağlamlığının qorunmasında daha da fəal
işləməyə sövq edir.
Cənab Prezident, Sizə
bir daha ürəkdən öz minnətdarlığımızı
bildirir, gələcək işlərinizdə uğurlar,
möhkəm cansağlığı arzulayırıq.
* * *
Prezident İlham Əliyev
səhiyyə işçiləri ilə xatirə şəkli
çəkdirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 5 avqust.- S. 3.