Böyük yolun başlanğıcı

 

Azərbaycan tarixində ən parlaq dövr, ən güclü inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin respublikaya siyasi hakimiyyətə gəldiyi gündən başlayır. Məhz həmin andan ulu öndərin titanik, məqsədyönlü və uzaqgörən fəaliyyəti nəticəsində ölkə misilsiz inkişafa doğru irəliləmiş, özünün əsl tərəqqi, intibah dövrünü yaşamışdır. Ulu öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş, daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmiş, fitri istedadı sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan görə bilmişdir. Yalnız bir yolla- bütöv və tam həqiqətin yolu ilə gedən və ağlasığmaz uğurlar qazanan dahi şəxsiyyət cəmiyyəti həmişə irəli aparmış, qabaqcıl və mütərəqqi qüvvələri ətrafına toplamış, insanların xoş gələcəyi, gözəl arzuları haqqında düşünmüş, onları reallığa çevirmişdir.

Əsl həqiqət odur ki, 1969-cu ildən bəri Azərbaycan tarixinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Akademik Ramiz Mehdiyevin "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" adlı əsərində gərgin, ziddiyyətli və təzadlı məqamlarla dolu həmin illər mərhələlərlə, xüsusi ardıcıllıqla elmi təhlil süzgəcindən keçirilərək belə xarakterizə edilir: "Azərbaycanın gələcək taleyi baxımından bu tarixi dövrün başlıca məzmunu milli dirçəliş fəlsəfəsinin gerçəkləşdirilməsindən ibarət olmuşdur. Onun fəlsəfəsi sırf ehkamlaşdırılmış əsərlərdə təsvir edilən hər hansı təlim olmaqdan və ya buna çevrilməkdən uzaqdır. Əslində bu fəlsəfə bizim hamımızın gözləri qarşısında yaradılmışdır."

1969-cu ilin iyulundan Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapmışdır. Milli lider isə hər bir xalqın taleyində nadir hadisə, fenomendir. Tarixi təcrübə göstərir ki, liderlik keyfiyyətlərinə malik şəxsiyyətlərin yetişməsində mühit və hadisələr başlıca rol oynayır. Bu prosesdə onlar özləri də mövcud şəraitin qarşıya qoyduğu vəzifələrin icrası üçün yeni vasitə, münasibət və yanaşma əxz edirlər.

Azərbaycan KP MK-nın 14 iyul plenumunda çıxış edən keçmiş Sov.İKP MK katibi İ.V.Kapitonov son illərdə respublikanın bütün ittifaq göstəricilərindən geridə qaldığını bildirmiş, vəziyyətin narahatlıq doğurduğunu xüsusi vurğulamışdır. Həmin mötəbər məclisdə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə namizədliyi irəli sürülmüş və yekdilliklə dəstəklənmişdir. Bununla da Azərbaycanda milli ideallara bağlı, vətənpərvər bir şəxsiyyətin rəhbərliyə gəlişi respublikanın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Düz iyirmi bir gün sonra, 1969-cu il avqustun 5-də Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda Azərbaycan KP MK-nın növbəti plenumu keçirilmişdi. Bu plenum tarixə Heydər Əliyev siyasətinin rəsmi dövlət siyasəti səviyyəsində ortaya çıxması demək idi. Həmin siyasətin başlıca məramı isə güclü dövlət, güclü iqtisadiyyatla yanaşı, sağlam milli kadrlar yetişdirmək idi. Plenumda ölkəyə yeni seçilmiş birinci katib yaranmış vəziyyətdən çıxmaq üçün hansı tədbirlərin görülməsinin lazım gəldiyini, respublikada hansı çətinliklərin olduğunu dəqiq şəkildə göstərən böyük bir nitq söylədi. Ulu öndər çox açıq və sərt şəkildə mövcud problemlərin səbəbləri haqqında danışdı, kadrların seçilməsində ciddi qüsurlara yol verildiyini qeyd etdi, iqtisadiyyatda hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyünü bildirdi, korrupsiyanın artıq ictimai şüura nüfuz etdiyini və cəmiyyətin həyatında adi bir norma kimi özünü göstərən amilə çevrildiyini vurğuladı. Ümummilli liderin rlenumdakı nitqi onun kadr seçiminə necə böyük məsuliyyətlə yanaşdığını bir daha təsdiqlədi. "Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar"- deyə respublika rəhbəri hər bir sahədə mövcud nöqsanlar barədə açıq fikrini bildirdi və bu o vaxt çoxlarında təəccüb doğurdu. Birincisi ona görə ki, Sovet İttifaqı kimi totalitar bir cəmiyyətdə bu qədər açıq şəkildə danışmaq və bilavasitə rejimin özünün mahiyyətindən irəli gələn problemlərdən bəhs etmək kifayət qədər riskli addım idi. Digər tərəfdən, respublikaya birinci katib seçilməsindən cəmi iyirmi bir gün keçməsinə baxmayaraq, Heydər Əliyev həyatın bütün sahələri barədə dəqiq və dolğun informasiyaya malik idi. Elə bir sahə yox idi ki, bu nitqdə əks olunmasın. Nətta, xarici radiostansiyalar, dünyanın mötəbər qəzet və jurnalları Azərbaycanın yeni rəhbərinin o vaxta qədər misli görünməyən cəsarətli, kəskin mövqeyindən, bəzi sovet gerçəkliyinə ciddi, tənqidi, realist münasibətindən söz açırdı. Narahatlıq, təşviş dalğası hətta, fövqəldövlətin ali rəhbəri Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə qədər gedib çatmışdı. Heydər Əliyevin iş üslubunun bir çox xüsusiyyətləri Kremldəkilərə qeyri-adi görünürdü. Respublika rəhbəri isə müəyyən qaydalar çərçivəsindən kənara çıxmayaraq öz siyasi xəttini yeridir, çəkinmədən sözünü deyir, fikirlərini sərbəst açıqlayırdı. Məhz o zaman Heydər Əliyev yeni tipli siyasi lider kimi təkcə ittifaq miqyasında deyil, həm də bütün dünyada tanındı. Ulu öndər 1981-ci ilin 18 noyabrında "Literaturnaya qazeta"ya verdiyi məşhur "Qoy ədalət zəfər çalsın!" sərlövhəli müsahibəsində o dövrdə respublikanın həyatı ilə bağlı ən müxtəlif məsələlərə toxunaraq demişdi: "Kommunist Partiyası MK-sının avqust plenumundan, respublikanın həyatındakı ciddi nöqsanları Azərbaycan zəhmətkeşlərinə düzgün və açıq bildirən bu plenumdan düz on gün sonra burjua mətbuatı hay-küy qaldırmış və cinayət xarakterli sensasiyaların sorağında dayanmışdı.

Qeyd etmək istəyirəm ki, biz "qanunçuluq" deyəndə cinayət məcəlləsindən çox cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq. Özü də bu baxımdan hüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir, çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətdən, ləyaqət və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfiyyətləri, yüksək əxlaqi prinsiplərin tərbiyə edilməsindən gedir. Azərbaycan partiya təşkilatının işi məhz belə bir mövqeyə əsaslanır və məhz bu mövqe böyük əksəriyyət, həyatda, əməkdə yüksək əxlaq prinsiplərini rəhbər tutan zəhmətkeşlər tərəfindən qızğın surətdə bəyənilmişdir... Biz xalqa kömək edib onda haqqa-ədalətə inam oyatmalı idik... Ağır, çətin proses idi. Mən "idi" sözünü heç də ona görə demirəm ki, indi vəziyyət idealdır, ona görə deyirəm ki, bu prosesin pozulmazlığı real həqiqətə çevrilmişdir."

Tarixə 5 avqust plenumu kimi daxil olan bu tədbir Azərbaycanın ictimai-siyasi həyatında ciddi dönüş yaratdı. Kadrlara qarşı tələbkarlığın artırılması respublikanın həyatında böyük canlanmaya gətirib çıxartdı. Heydər Əliyev yaxşı başa düşürdü ki, xalqda milli ruhu, milli özünüdərki gücləndirməyin ən mühüm şərti qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi və respublikanın sosial-iqtisadi böhrandan çıxarılması, bütün sahələr üzrə mədəni intibahın təmin olunmasıdır. Plenumdan dərhal sonra iqtisadiyyatda əsaslı canlanma müşahidə edilməyə başladı, korrupsiyaya qarşı mübarizə elə bir həddə çatdı ki, artıq bu problemin həlli ictimai şüurda ümummilli məsələ kimi qəbul olunurdu, təhsilin, səhiyyənin, elmin inkişafında böyük nailiyyətlər əldə edilirdi. Plenum nəinki respublikada, hətta bütün İttifaqda ciddi rezonans doğurmuşdu, bununla belə, bəziləri düşünürdülər ki, burada söylənilənlər adi bir söz olaraq qalacaq və onların həyata keçirilməsi mümkün olmayacaq. Yeri gəlmişkən, populizm sovet sisteminin xarakterik keyfiyyəti idi və buna görə də bir çoxları yeni birinci katibin nitqinin kütləyə hesablanmış adi bir "vədlər" nümunəsi olduğunu güman edirdilər. Amma bu belə olmadı, Heydər Əliyevin plenumdakı nitqi sözün əsl mənasında Azərbaycanda yeni inkişaf və tərəqqi dövrünün əsasını qoydu.

Akademik Ramiz Mehdiyevin "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" adlı əsərində ümummilli lider Heydər Əliyevin həmin dövrdə uzaqgörən, məqsədli niyyətləri daha açıq şəkildə təhlil edilmişdir. Əsərdə yazılır: "...O, keçmiş SSRİ-də, sovet və partiya həyatında hakim olan bütün normalara son dərəcə dəqiq və nəzakətlə əməl edirdi. O dövrdəki nitqləri ilə tanış olarkən başa düşürsən ki, onun özü də kommunizm amallarına ürəkdən inanırdı. Lakin bununla yanaşı o, sovet mədəniyyətinin ənənəvi formuluna-formaca milli və məzmunca sosialist mədəniyyəti formuluna tamamilə yeni bir məna verə bilmişdir. Onun gördüyü bütün işlər formal surətdə marksizm-leninizm ideologiyasının tələblərinə uyğun gəlirdi. Buna baxmayaraq, o, əvvəlki, standart stereotipləri qırır, hansısa yenilikləri daxil edə bilirdi ki, bunları da o illərdə başa düşmək və dəqiq formalaşdırmaq çətin idi. Əslində isə bunlar olduqca aydın nəticələrə gətirib çıxarırdı. O, milli ruhun dirçəldilməsinə, öz zəmanəsinin Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də bütün ziyalıların, bütün Azərbaycan xalqının diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdir".

Həmin dövrdə azərbaycanlılar üçün çətinlik törədən amillərdən biri də sovet Azərbaycanının partiya və inzibati orqanlarında kök salmış ermənilər idi. Bakıda yaşayan ermənilər təhsil, elm, səhiyyə təşkilatlarında, iqtisadi, hərbi və hüquq-mühafizə orqanlarında, bir sözlə, hakimiyyətin əksər pillələrində təmsil olunmuş və bütün qüvvələrini milli kadrların yerləşdirilməsinin qarşısını almağa yönəltmişdilər. Respublikanın rəhbəri seçilməmişdən əvvəl DTK orqanlarında vəzifədə yüksələn və yüksəldikcə də Azərbaycanın milli elitası ilə güclü əlaqələr yaradan, xalqını, millətini sevən böyük vətənpərvərin qarşısıalınmaz qətiyyəti onları qorxuya salırdı. Heydər Əliyev uzaqgörən və məqsədli siyasi xətt yeridərək birinci növbədə milli kadrların yüksəlişinə nail oldu və rəhbər vəzifələrdən kosmopolit kadrları, xüsusilə erməniləri uzaqlaşdırdı.

1969-cu il 5 avqust plenumunda iki əsas prinsip də irəli sürülürdü: milliləşmə konsepsiyasına uyğunluq və yüksək professionalizm. Ötən əsrin 70-ci illərinin ortalarında düzgün kadr siyasəti nəticəsində bu mühüm vəzifələr yerinə yetirildi. Hər bir erməni kadrının vəzifədən uzaqlaşdırılması o zaman ciddi narazılıqlar doğursa da görülən tədbirlər, aparılan əməli işlər ən yüksək səviyyədə respublika rəhbəri tərəfindən birmənalı şəkildə himayə olunurdu. Moskvaya qədər hamı bilirdi ki, Azərbaycanın birinci katibi aşağıların apardığı kadr siyasətini və dəyişiklikləri daim müdafiə edir. Əslində həmin kadr siyasəti elə rəhbərin özünün yeritdiyi siyasət idi. Heydər Əliyev respublikanı inkişaf etdirmək və yeni Azərbaycan yaratmaqla yanaşı, onun gələcəyini də düşünürdü. Həmin illərdə gənclərə xüsusi diqqət və qayğı göstərilirdi. Kadr korpusunun istedadlı cavanlar hesabına təzələnməsi əvvəlki illərlə müqayisədə görünməmiş sürətlə gedirdi. Onlar Sovetlər İttifaqının qabaqcıl ali məktəblərinə göndərilir, respublikanın elmi-texniki və mədəni potensialının yüksəldilməsi üçün son dərəcə gərəkli ixtisaslara yiyələnirdilər. Azərbaycanın elmi və kadr potensialı möhkəmlənir, xalqımızın mili-mənəvi dəyərlərinin təbliği üçün imkanlar genişlənirdi. Bütün bunlar onu göstərir ki, tarixin gedişinə böyük təsir edən Heydər Əliyevin qətiyyətli iradəsi bütün məqamlarda xalqa xidmətə yönəlmişdir. Ona görə idi ki, qısa müddətdə Azərbaycanın yeni tipli milli kadr bazası yaradıldı, bir çox elmi məktəblərin əsası qoyuldu.

5 avqust plenumu iqtisadi tənəzzülün qarşısının alınmasına və sənayedə, kənd təsərrüfatında real nəticələrə gətirib çıxaran iqtisadi islahatların start götürməsinə stimul yaratdı. İqtisadiyyatın bütün sahələrinin, xüsusən də sənayenin sürətlə inkişafının təmin olunması istiqamətində mühüm qərarlar qəbul edildi. Azərbaycanda iri müasir maşınqayırma, kimya, neft kimyası və elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül, yeyinti və emal sənayesi müəssisələri tikildi, habelə elektroenergetika, nəqliyyat kompleksi ciddi şəkildə inkişaf etməyə başladı. 1980-ci ilin göstəricilərinə görə, sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu ildəki illə müqayisədə iki dəfə artaraq 8,4 milyard rubla çatmışdı. Bu illər ərzində 15 yeni iri maşınqayırma müəssisəsi istifadəyə verildi, 12 müəssisədə istehsal gücü nəzərəçarpacaq dərəcədə artırıldı, neft maşınqayırması zavodları modernləşdirildi. Azərbaycanda sənaye istehsalı üç dəfə yuksəldi. 1976-cı ildən etibarən respublika sənaye istehsalının artım sürətinə görə ittifaq üzrə ön sıralara çıxdı.

Ötən əsrin 70-ci illərində Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində də ciddi nailiyyətlər əldə olundu. 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 1969-cu ildəkinə nisbətən 3,9 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı isə 5-6 dəfə artdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə keçmiş ittifaq hökuməti 1979-cu ilin 22 fevralında "Azərbaycan SSR-də üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi haqqında" qərar qəbul etdi. Bu qərara görə 1985-ci ilədək Azərbaycanda üzüm istehsalı üç milyon tona çatdırılmalı idi. Lakin həmin sənədin ən mühüm məqamı ondan ibarət idi ki, burada 23 bənddən yalnız dördü birbaşa üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı idi. Qalanları isə əslində respublikanın sosial-iqtisadi inkişafını təmin etmək məqsədi daşıyırdı.

Respublikamızda geniş tikinti-quruculuq işləri aparılırdı. 1970-1985-ci illərdə yeni mənzillər tikilmişdi ki, bu da sovet Azərbaycanında əvvəlki illərdə inşa edilmiş binaların 70 faizinə bərabər idi. Yeni iş yerlərinin yaradılması nəticəsində iqtisadiyyatda çalışanların ümumi sayı 1985-ci ildə 2,4 milyon nəfərə çatmışdı. Bu, 1970-ci ilin müvafiq göstəricilərindən 1,5 dəfə çox idi. 1969-cu ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-ci ildə dördüncü yerə yüksəlmişdi.

5 avqust plenumunun ikinci mühüm nəticəsi xalqın milli-mənəvi ruhunun özünə qaytarılması ilə bağlı oldu. Respublikanın yeni rəhbəri milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına böyük diqqət göstərirdi. Ölkənin mədəniyyət və incəsənət xadimləri, ziyalılar keçmiş ittifaq miqyasında yüksək dövlət mükafatları ilə təltif edilir, ziyalıların cəmiyyətdəki nüfuzunun bərpa edilməsinə xüsusi əhəmiyyət verilirdi. Heydər Əliyev Azərbaycanın ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə müdafiə etməyə, onların sıxışdırılmasının qarşısını almağa da müvəffəq olmuşdu. Bunun ən bariz göstəricisi ondan ibarətdir ki, 1969-cu ildən sonra Azərbaycanda bir nəfər də olsun dissident ziyalı qeydə alınmamışdı. Heydər Əliyev çox böyük təzyiqlərə, maneələrə baxmayaraq, 1978-ci ildə Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit etməyə də nail oldu. Bir sözlə, o illərdə biz dilimizi, ədəbiyyatımızı, tariximizi, musiqimizi - nadir milli mədəniyyətimizin bütün qatlarını özümüz üçün sanki təzədən açır və yenidən qiymətləndirirdik.

5 avqust plenumundan sonra Azərbaycanda həyata keçirilən islahatların üçüncü vacib istiqaməti təhsilin və elmin inkişafı ilə bağlı idi. Bu proses əslində Azərbaycan xalqının milli-mənəvi ruhunun özünə qaytarılmasında da fövqəladə rol oynamışdır. Ulu öndər milli kadrların idarəetmədə və iqtisadiyyatın inkişafında daha fəal iştirak etməsi üçün əlverişli şərait yaratmağa çalışırdı və təbii ki, bunun üçün təhsilin inkişafına diqqət yetirmək olduqca mühüm məsələ idi. Ümummilli lider sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişlənərək 765-dən 2117-yə çatmışdı. Respublikanın demək olar ki, bütün rayonlarında yeni məktəb binaları tikilib istifadəyə verilir, ümumtəhsil məktəblərinin kadr potensialı gücləndirilirdi. Qeyd edək ki, 70-ci illərdə 350 mindən çox şagird yerinə malik 849 məktəb binası tikilmişdi. 1980-ci ildə respublikada ümumtəhsil məktəblərində oxuyanların sayı 1970-ci illə müqayisədə təxminən iki dəfə artaraq 710 min nəfərə çatmışdı.

Bu dövrdə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlamışdı, təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı. Universitet və institutlarda yeni kafedralar, fakültə və laboratoriyalar, ixtisaslar açıldı. Artıq 1982-ci ildə respublikanın 17 ali məktəbində 136 fakültə və 530 kafedra var idi.

Respublika rəhbərinin yürütdüyü təhsil siyasətinin uğurlu nəticələrindən biri də ondan ibarət oldu ki, 1970-ci ildən etibarən hər il 800-900 nəfər gənc Azərbaycandan kənara - keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə etdi. Bu milli kadr potensialının keyfiyyətinin yüksəldilməsi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Heydər Əliyevin uzaqgörənliyini sübut edən faktlardan biri Azərbaycanda C.Naxçıvanskinin adına hərbi məktəbin açılması idi. Bu addım respulikada hərbçi kadrların hazırlanmasına geniş şərait yaratdı.

5 avqust plenumunda Heydər Əliyevin əsas diqqət yetirdiyi məsələlərdən biri də elmin inkişafını təmin edən addımların atılması ilə bağlı olmuşdu. Məhz həmin plenumdan sonra Azərbaycanda elm adamlarının sosial həyat şəratinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirildi. Azərbaycanlı alimlər ən yüksək dövlət mükafatları ilə təltif olunur və ittifaq miqyasında tanınmağa başlayırdılar. Onların əsərləri Rusiyada, hətta xarici ölkələrdə çap edilirdi, respublikada böyük elmi konfranslar keçirilirdi.

Bütün bunlar 5 avqust plenumunun Azərbaycanın tarixində çox əlamətdar bir dövrün əsasını qoyduğunu təsdiqləyir. Heydər Əliyevin həmin plenumda elan etdiyi ideyalar ötən əsrin 70-ci illərində respublikada tərəqqinin və intibahın başlıca istiqamətlərini müəyyənləşdirmişdi. Ulu öndərin sovet siyasi arenasında rəhbərliyə gəlişi bütün maneələri dəf edərək ilk növbədə müstəqil düşüncəyə yol açmışdır. Dahi strateq dövlətçiliklə bağlı çıxışlarında həmişə deyirdi: "Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır... Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin." Heydər Əliyev fenomeninin böyüklüyü məhz xalqı qarşısında daim yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük əzmlə çalışması ilə xarakterizə olunmuşdur. Ulu öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2009.- 5 avqust.- S. 4.