AzərTAc ilə KUNA agentliyi
arasında saziş imzalanmışdır
Bu vaxtadək Asiya və
Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı
(OANA) çərçivəsində əməkdaşlıq
edən AzərTAc və KUNA indən belə birbaşa əlaqə
saxlayacaq, informasiya və təcrübə mübadiləsi
aparacaqlar.
Sazişə əsasən,
tərəflər öz ölkələrində baş verən
hadisələrin işıqlandırılmasında bir-birinə
kömək göstərəcək, müntəzəm xəbər
mübadiləsi edəcək, aldıqları xəbərləri
öz dövlətlərinin ərazisində yayacaqlar.
AzərTAc-ın baş
direktoru Aslan Aslanovun və KUNA-nın Direktorlar
Şurasının sədri və baş direktor Şeyx
Mübarək Duaic İbrahim əl-Sabahın
imzaladıqları sənəddə dövlət
başçılarının, rəsmi nümayəndə
heyətlərinin qarşılıqlı səfərləri
zamanı informasiya dəstəyinin təmin olunması,
agentliklərin əməkdaşlarının peşə fəaliyyətinə
aid məşğələlərin təşkili və s. nəzərdə
tutulur. Tərəflər, həmçinin öz dövlətlərinin
ərazisində bir-birinin müxbirlərinə lazımi
imkanlar yaratmağı öhdələrinə
götürmüşlər.
Bundan başqa, AzərTAc
və KUNA xəbər bülletenləri, kitablar və özlərinin
fəaliyyətinə aid digər materiallar mübadiləsinin
mümkünlüyünü nəzərdə tuturlar.
Azərbaycan həqiqətlərinin
dünya informasiya məkanında daha geniş
yayılmasını təmin etmək üçün
Avropanın və Asiyanın müxtəlif ölkələrinin
aparıcı xəbər agentlikləri ilə birbaşa əlaqələrin
qurulması və bu əməkdaşlığın daha da
genişləndirilməsi AzərTAc-ın fəaliyyətinin
üstün istiqamətlərindən biridir. Dünyanın ən
nüfuzlu agentliklərindən biri olan KUNA ilə
imzalanmış saziş də bu baxımdan faydalı
olacaqdır.
Azərbaycan.- 2009.- 5 avqust.- S. 4.