Heydər Əliyev Fondunun humanizm ənənələri yüksək razılıqla qarşılanır

 

Ölkəmizin tərəqqisinə, dünya birliyinə inteqrasiyasına, ulu öndər Heydər Əliyev irsinin öyrənilməsinə, təbliğinə böyük dəstək verən Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə respublikamızın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə öz töhfəsini verir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında xüsusi rol oynayır. Ümummilli liderin humanizm, insanpərvərlik ideyalarının praktik tətbiqi fondun fəaliyyətində əsas yer tutur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən təşəbbüslər, həyata keçirilən bütün layihələr milli xüsusiyyətlərlə çulğaşaraq olduqca maraqlı, rəngarəng forma almışdır.

İnsanpərvərlik və humanizm, insan hüquq və azadlıqlarının etibarlı təminatı ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas mahiyyətini təşkil edib. Məhz ümummilli liderin humanizm siyasəti nəticəsində, 1995-ci ildə əfv və amnistiya təsisatları formalaşandan sonra qəbul edilən amnistiya aktları 96 mindən çox şəxsə tətbiq olunmuş, təxminən 25 min məhkum cəzaçəkmə müəssisələrindən azad edilmişdir. Mərhəmət və humanizm məfkurəsindən çıxış edərək insanlara daim qayğı, yardıma ehtiyacı olanlara kömək göstərmək Heydər Əliyev Fondunun başlıca məramlarındandır. Ümummilli liderin humanizm prinsiplərini layiqincə davam etdirən Heydər Əliyev Fondu yarandıgı gündən etibarən xeyirxahlıq və mərhəmətlilik göstərərək yardıma ehtiyacı olan insanları daim diqqət mərkəzində saxlayır, onların problemlərinin həllinə yaxından kömək edir.

Müxtəlif səbəblər üzündən azadlıqdan məhrum edilmiş şəxslərin və onların yaxınlarının, ailə üzvlərinin fonda çoxsaylı müraciətlər etməsi vətəndaşların Heydər Əliyev Fondunun ali prinsiplərinə olan ictimai etimadının mühüm göstəricisidir. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ulu öndərin anadan olmasının 84-cü ildönümü münasibətilə 2007-ci ilin may ayında parlamentdə qəbul edilmiş amnistiya aktı ümummilli lider Heydər Əliyevin humanist siyasətinə sadilqliyin bariz nümunəsi idi. Dünya ölkələri, beynəlxalq qurumlar tərəfindən alqışlanmış, təxminən 9 min nəfərə şamil olunmuş amnistiya aktı Azərbaycan parlamentarizmi tarixində Milli Məclisin deputatı tərəfindən ilk dəfə irəli sürülmüş ən böyük humanist təşəbbüs idi. Mərhəməti və bağışlamaq bacarığını ali insani keyfiyyətlərdən sayan Mehriban xanım Əliyeva bu xeyirxah addımla səhvlərini anlayan və cəmiyyətə yenidən inteqrasiya etmək istəyən insanların düzgün yola qayıtması üçün şərait yaradılmasının təşəbbüskarına çevrildi. 1500 nəfəri azadlığa, ailəsinə və yaxınlarına qovuşduran amnistiya aktına əsasən az ağır cinayətlərə görə məhkum olunmuş, ictimai təhlükə törətməyən birinci qrup əlillər, qadınlar, 60 yaşına çatmamış kişilər, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq, və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş, 1988-1993-cü illərdə ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində doğma yurdlarından məcburi köçürülmüş, habelə 1990-cı il 20 Yanvar faciəsində, 1992-ci ilin 25-26 fevral Xocalı soyqırımında əlil olmuş vətəndaşlar, şəhid olmuş şəxslərin yaxınları və digər kateqoriyadan olan bəzi şəxslər cəzadan azad olundular.

Azərbaycan xalqının firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan milli bayramı - Novruz bayramı münasibətilə bu il Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın amnistiya elan olunması barədə qərar layihəsi hazırlayaraq parlamentə təqdim etməsi xeyirxahlıq nümunəsi və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətini uğurla davam etdirməsidir. Ötən 4 ay müddətində icra olunan amnistiya aktı nəticəsində böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərinə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olan və digər kateqoriyadan olan bəzi şəxslər cəzalarından azad edildilər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu humanist təşəbbüslə bağlı demişdir: "Qəbul olunmuş hər bir amnistiya aktı humanizm prinsiplərinin, humanizm ideyalarının qələbəsidir. Əsası 1994-cü ildə dahi Heydər Əliyev tərəfindən qoyulmuş siyasət nəticəsində minlərlə insan azadlığa buraxılmış, normal həyata qayıtmışdır. Bu ənənələr bu gün də davam edir".

Amnistiya aktının icrasının yekunlarına dair aparılmış təhlillər və ümumiləşdirmə nəticəsində müəyyən olunmuşdur ki, bu humanist təşəbbüs bütövlükdə 9 min 564 şəxsə tətbiq edilib. Onlardan 960-ı qadın, 8 min 604-ü kişi, o cümlədən 23-ü yetkinlik yaşına çatmayan şəxslərdir. Cəzasını azadlıqdan məhrumetmə müəssisəsində çəkən 2 min 30 və intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkən 137 nəfər amnistiya nəticəsində azadlığa buraxılaraq ailə üzvlərinə, yaxınlarına qovuşmuş, 516 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Eyni zamanda ictimai işlər növündə cəza çəkən 198, islah işləri növündə cəza çəkən 2 min 853, azadlığın məhdudlaşdırılması növündə cəza çəkən 1600, habelə təxminən 670 min manat məbləğində cəriməni maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməyən 1.860 məhkum cəzalarından azad edilib. Ölkəmizdə humanizm ənənələrinin daim mövcudluğu şəraitində amnistiyanın təsiri altına düşmüş şəxslərin 95 faizi az ağır cinayətlər törətməyə görə məhkum olunmuş və böyük ictimai təhlükə törətməyən şəxslərdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində amnistiya tətbiq edilmiş şəxslərin azadlığa çıxması onların cəmiyyətə inteqrasiya olunmalarına, sivil Azərbaycan dövlətinin layiqli vətəndaşı kimi uca adı daşımalarına bir daha şans yaratdı. Amnistiya aktı eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərdi və ulu öndərin insanpərvərlik ənənələrinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirdi. Humanizm, xeyirxahlıq prinsiplərini uca tutan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə cəza çəkən minlərlə insanın azadlığa qovuşması onların ailələrinə və yaxınlarına hədsiz sevinc bəxş edərək cəmiyyətdəki xoş əhval-ruhiyyəni daha da artırdı, belə şəxslərə ölkədə vətəndaş cəmiyyəti quruculuğuna müsbət töhfələrini verməsinə imkan yaratdı.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2009.- 5 avqust.- S. 5.