"Əsrin müqaviləsi"nin
15 illiyi ərəfəsində Küveyt və Körfəz
regionunun aparıcı gündəlik ingilisdilli "Kuwait
Times" qəzetinin 2 avqust nömrəsində Azərbaycanın
Küveytdəki səfiri Şahin Abdullayevin "Azərbaycanın
neft tarixi: Orta əsrlərdən çağdaş
günümüzə qədər" adlı məqaləsi
dərc edilmişdir.
Məqalədə səfir
Ş.Abdullayev Azərbaycan nefti haqqında orta əsr ərəb
və Avropa mənbələrindən olan yazılara istinad edərək,
dünyada sənaye üsulu ilə ilk neft quyusunun Azərbaycanda
qazıldığını və müasir neft istismarı və
hasilatında istifadə olunan texnologiyaların Bakıda tətbiq
edildiyini qeyd etmişdir. Məqalə müəllifi XX əsrin
əvvəllərində dünya neftinin yarısının
Azərbaycanda istehsal olunduğu barədə məlumat verərək,
Bakının dünya neft ticarətinin mərkəzinə
çevrilməklə, bütün Qafqazın iqtisadi
inkişafında xüsusi rol oynadığını nəzərə
çatdırmışdır.
Məqalədə, həmçinin
Şərqdə ilk demokratik respublika olan AXC-nin süqutundan
sonra Bakı neftinin bolşeviklər tərəfindən
istismarı və 1940-cı ildə SSRİ-də neft
hasilatının 72 faizinin Bakının payına
düşdüyü bildirilir. İkinci Dünya müharibəsində
Hitlerin və müttəfiq dövlətlərin Bakı
haqqında planlarına dair məlumat verən səfir, sovet
tank və təyyarələrinin mütləq əksəriyyətinin
Bakı nefti ilə hərəkətə gəldiyini və
bununla da Azərbaycan neftinin müharibənin taleyində əlahiddə
rol oynadığını vurğulamışdır.
Yazıda, həmçinin
Azərbaycan Dövlət Neft Akademiyasının timsalında
Azərbaycanın sovet və dünya neft-qaz istehsalı sənayesinə
verdiyi töhfələr, müstəqilliyin bərpa edilməsi
və ümummilli lider Heydər Əliyevin neft strategiyası
ilə ölkəmizin neft sənayesi qarşısında yeni
üfüqlərin açıldığı qeyd olunur. "Əsrin
müqaviləsi"nin imzalanması mərasimində ulu
öndər Heydər Əliyevin nitqindən "...Neft sənayemiz
yeni başlanğıca qədəm qoymuşdur. Bu mərhələdə,
Azərbaycan xalqının iradəsini ifadə edərək,
təbii resurslarımızın istismarı üçün
lazımi tədbirlər görəcəyik" - sözləri
sitat gətirilərək, çar Rusiyası və sovet
dövründən sonra, "Əsrin müqaviləsi" və
yeni neft strategiyası ilə bu gün neftimizin xalqımızın
mənafeyi naminə istifadə edildiyi vurğulanır. Azərbaycan
Prezidenti İlham Əliyevə istinadla 1994-cü ildə Azərbaycanın
düzgün seçim etdiyi və ulu öndər Heydər Əliyevin
neft strategiyasının bu gün öz bəhrələrini
verdiyi oxucuların diqqətinə çatdırılır. Yenə
də Prezident İlham Əliyevə istinad edərək,
hazırda Azərbaycanın yeddi neft-qaz ixrac kəmərinə
malik olduğu, bunların sırasında Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin
xüsusi rol oynadığı bildirilir.
Prezident İlham Əliyevin
rəhbərliyi altında neftdən gələn gəlirlərin
bugünkü və gələcək nəsillərin mənafeyi
naminə istifadə olunduğunu qeyd edən səfir
Ş.Abdullayev Dövlət Neft Fondunun fəaliyyəti və
mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye
sahələrində şəffaflıq təşəbbüsündə
Azərbaycanın fəal iştirakı haqqında ətraflı
məlumat verir. Azərbaycanın bu təşəbbüsün
icrasında qabaqcıl dövlət olduğu, neft və qaz
hasilatından əldə olunan gəlirlərin ictimaiyyətə
açıq, müfəssəl və başa
düşülən formada mütəmadi əsasda
çatdırıldığı və bunun nəticəsi
olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci
ildə BMT-nin dövlət xidməti mükafatına layiq
görüldüyü vurğulanır.
Habelə Azərbaycanın
mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye
sahələrində şəffaflıq təşəbbüsünün
prinsip və meyarlarına uyğunluğunu yoxlayan keyfiyyətə
təminat prosesini uğurla keçdiyi və bunun nəticəsi
olaraq Şəffaflıq Təşəbbüsü
Şurası tərəfindən 2009-cu il fevralın 16-dan 18-dək
Dohada keçirilən 4-cü Beynəlxalq konfransda Azərbaycanın
şəffaflıq təşəbbüsünün 2009-cu il
üzrə "EİTİ Award 2009" adlı
mükafatına layiq görüldüyü qeyd olunur.
Məqalənin sonunda
yüksək şəffaflıq və düzgün idarəetmə
prinsipləri ilə Azərbaycanın neft və qaz
ehtiyatlarından əldə olunan gəlirlərin
bugünkü və gələcək nəsillərin mənafeyi
naminə yeni-yeni imkanlar yaratdığı və Azərbaycan
iqtisadiyyatının qeyri-neft sektorunun uğurla inkişaf
etdiyi vurğulanır.
AzərTAc
Azərbaycan.- 2009.- 5 avqust.- S. 7.