Azərbaycan liderliyini qoruyur
Cari ilin birinci
yarısının sosial-iqtisadi təhlili göstərir ki,
dünya hələ də qlobal maliyyə böhranından
ciddi əziyyət çəkməkdə davam edir. MDB məkanında
da iqtisadi sferada heç də ürəkaçan vəziyyət
müşahidə edilmir. Bunun nəticəsidir ki, MDB məkanında
iqtisadiyyatın ciddi şəkildə geriləməsi qeydə
alınır. Bununla yanaşı MDB Dövlətlərarası
Statistika Komitəsinin cari ilin ilk yarısı
üçün açıqladığı göstəricilərin
müqayisəli təhlili əvvəlki kimi Azərbaycanda
inkişafın olduğunu göstərir.
MDB Dövlətlərarası
Statistika Komitəsinin cari ilin birinci yarısının
sosial-iqtisadi göstəriciləri ilə bağlı
açıqladığı rəqəmlər bir daha Azərbaycanın
postsovet məkanında iqtisadiyyatının artım tempinə
görə liderlər sırasında yer
aldığını göstərir.
Bütün bunlar bir
daha Azərbaycanın böyük iqtisadi potensialından, bu
sahədə həyata keçirdiyi siyasətin yüksək
effektivlik dərəcəsindən xəbər verir. Bununla bağlı Naxçıvan
Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş mərasimdəki
çıxışında Prezident İlham Əliyev
bildirmişdir: "Azərbaycanın çox güclü
iqtisadi potensialı vardır. Bu iqtisadi potensial təkcə
enerji amillərindən asılı deyildir. Bu il dünyada
yaşanan iqtisadi və maliyyə böhranı bunu bir daha
nümayiş etdirdi. Bu böhrana baxmayaraq, Azərbaycan
iqtisadiyyatı uğurla inkişaf edir. Bu il iqtisadi artım
müşahidə olunur. Qeyri-neft sektorunda 4 faizdən çox
artım olmuşdur. Ümumiyyətlə, Azərbaycanın
ümumi daxili məhsulu birinci altı ayda 3,6 faiz
artmışdır. Bu gün Azərbaycan istənilən
iqtisadi, siyasi və sosial məsələni həll edə bilər".
MDB Dövlətlərarası
Statistika Komitəsinin cari ilin birinci yarısının
sosial-iqtisadi göstəriciləri ilə bağlı
açıqladığı rəqəmlər bir daha Azərbaycanın
postsovet məkanında iqtisadiyyatının artım tempinə
görə liderlər sırasında yer
aldığını göstərir. Sözügedən komitənin məlumatına
görə, ilin ilk altı ayında MDB ölkələrində
ümumi daxili məhsulun artımı baxımından Azərbaycan
və Özbəkistan fərqlənir.
MDB-yə üzv olan əksər
ölkələrdə isə ümumi daxili məhsulun kəskin
azalması müşahidə edilib. Məsələn, Rusiyada bu ilin
yanvar-iyun aylarında 13,4 faiz iqtisadi geriləmə qeydə
alınıb. Bu sahədə ən pis göstəricilərdən
biri Ermənistana məxsusdur. Belə ki, hesabat dövrü ərzində
Ermənistan iqtisadiyyatında 16,3 faizlik geriləmə baş
verib. Qazaxıstanda isə hesabat dövrü ərzində
ümumi daxili məhsulun ötən ilin ilk yarısı ilə
müqayisədə 4,1 faiz azaldığı məlum olub.
Sənaye istehsalı sahəsində
də Azərbaycandan fərqli olaraq digər MDB dövlətlərində
azalmalar qeydə alınıb. MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına
görə, cari ilin ilk yarısında Azərbaycanda sənaye
istehsalında ötən ilin eyni dövrü ilə
müqayisədə artım baş verdiyi halda postsovet məkanının
aparıcı sənaye dövlətlərindən olan Ukraynada
bu sahədə 31,1 faiz, Rusiyada 14,8 faiz, Belarusda 3,8 faiz geriləmə
müşahidə olunub.
Digər MDB ölkələrində
də qeyd olunan sahə üzrə azalmalar baş verib. Məsələn, 2009-cu ilin
yanvar ayından iyun ayına qədər olan müddət ərzində
ötən ilin müvafiq dövrü ilə müqayisədə
Ermənistanda sənayenin geriləmə tempi 11,5 faizə,
Tacikistanda 13,3 faizə, Moldovada 24,9 faizə,
Qırğızıstanda 18,9 faizə, Qazaxıstanda 2,7 faizə
bərabər olub.
Ümumiyyətlə,
hesabat dövrü ərzində MDB ölkələrində
orta hesabla sənaye istehsalında 15 faizlik geriləmə qeydə
alınıb. Ümumi
daxili məhsulun azalma tempi isə MDB-də orta hesabla 9 faizə
bərabər olub.
Qlobal maliyyə
böhranı şəraitində Azərbaycan
iqtisadiyyatında artım göstəricilərinin qeydə
alınması və bunun başlıca səbəbləri
ölkəmizin xaricində də geniş diqqətlə izlənir.
Belə hesab edilir ki, əldə
edilən uğurlar bir daha Azərbaycanda iqtisadi sahədə
düzgün və effektiv siyasət yeridilməsinin nəticəsidir.
Rusiyanın FBK Strateji Analiz Departamentinin direktoru İqor
Nikolayev bildirir ki, burada əsas məqamlardan biri daxili tələbatın
stimullaşdırılmasıdır: "Böhran şəraitində
daxili tələbatın stimullaşdırılması əsas
məsələlərdən biridir. Nəticələr təsdiq
edir ki, böhranla mübarizə aparmaq üçün düzgün
prioritetlər seçmək lazımdır. Bu, ilk növbədə,
daxili tələbatın stimullaşdırılmasıdır.
Həmçinin, doğru seçilən prioritetlər bu və
ya digər dərəcədə normal proqramlarla ifadə
olunmalıdır. Onda hər şey normal olacaq, bunu Azərbaycanın
nümayiş etdirdiyi nəticələr də təsdiq
edir".
Beləliklə, Azərbaycan
iqtisadiyyatının qlobal böhran şəraitində
inkişaf tempi artıq bir nümunəyə çevrilməkdədir.
Bundan başqa,
böhran şəraitində Azərbaycan iqtisadiyyatı
üçün cəlbedici məqamlardan biri əhalinin gəlirlərinin
çoxalması fonunda inflyasiyanın olduqca aşağı
göstəricilərlə ifadə olunmasıdır və bu
baxımdan da Azərbaycan digər MDB dövlətlərindən
fərqlənir. Məsələn, cari ilin ilk yarısında
Rusiyada inflyasiya göstəricisi 8,1 faiz təşkil edib.
İlin sonuna kimi Rusiyada bu sahədə göstəricinin
12-12,5 faizə çatacağı
proqnozlaşdırılır. Ermənistanda isə bu sahədə
vəziyyət daha acınacaqlıdır və erməni mənbələrinin
məlumatına görə, iqtisadiyyatın sürətlə
geriləməsi fonunda inflyasiya yenə də ikirəqəmli
hədlə ifadə olunur. Azərbaycanda isə ilin ilk
altı ayında inflyasiya 3,7 faiz təşkil edib. Gündəlik
tələbat məhsulları sırasında yer alan ərzaq
malları üzrə inflyasiya isə cəmi 2,1 faiz olub.
Halbuki, aparılan hesablamalar nəticəsində bu il əhalinin
pul gəlirlərinin 19 faiz artdığı məlum olub. Orta
aylıq əməkhaqqı isə bu il təxminən 15 faiz
artıb. Bundan başqa, bəzi ekspertlər Azərbaycanda
illik inflyasiyanın ilk dəfə olaraq bu il ərzində
deflyasiya ilə əvəz olunacağını və 2009-cu
ildə qiymətlərin 1,5 faiz azalacağını
proqnozlaşdırır. Əhalinin gəlirlərinin
artması müqabilində deflyasiyanın baş verməsi isə
sosial sahədə vəziyyətin daha da
yaxşılaşacağından xəbər verir.
Qeyd edilənlərdən
bir daha aydın olur ki, Azərbaycanda cari ilin birinci
yarısında iqtisadiyyatın davamlı inkişaf tempi qorunub
saxlanmaqda davam edir. Bunun
nəticəsidir ki, iqtisadiyyatın bütün sahələrində
nəzərəçarpacaq artım baş verib. 2009-cu ilin
ilk altı ayı qlobal böhran şəraitində belə,
Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Həmçinin,
o da aydın olub ki, bu sahədə həyata keçirilən
düzgün siyasət dünyanın bir çox dövlətlərindən
fərqli olaraq inkişaf tempinə görə Azərbaycanın
seçilməsini şərtləndirir və ölkəmiz
bir nümunəyə çevrilir. Aydındır ki,
sadalananlar cari ilin yekunları üzrə də ölkə
iqtisadiyyatının artım tempində daha yüksək
göstəricilərin qeydə alınacağından və
Azərbaycanın inkişafa görə əvvəlki kimi
lider olacağından xəbər verir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 6 avqust.- S. 1.