Sahibkarlığın inkişafına dövlət dəstəyi
Azərbaycanın
bütün bölgələri bu gün inkişaf edir. Azərbaycanın
iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Son illər
ərzində qeyri-neft sektorunun inkişafı
üçün böyük investisiyalar qoyulmuşdur. O
investisiyaların böyük əksəriyyəti dövlət
tərəfindən qoyulmuşdur. Həm sənaye
potensialının inkişafı, həm yeni iş yerlərinin
açılması, həm də idxalın azalması və
yerli istehsalın artırılması üçün
görülən əməli tədbirlər nəticəsində
biz bu gün özümüzü demək olar ki, bütün
cəhətlərdən təmin edirik. Enerji təhlükəsizliyimiz
təmin edilib, nəqliyyat təhlükəsizliyimiz təmin
edilib, ərzaq təhlükəsizliyimiz təmin edilib. Bu
üç amil hər bir ölkənin inkişafı
üçün mühüm rol oynayır. Bu üç
istiqamətdə Azərbaycan çox böyük uğurlarla
fəxr edə bilər. Bu vaxta qədər əldə
edilmiş uğurlar əlbəttə ki, bundan sonrakı illərdə
böyük rol oynayacaqdır. Biz iqtisadi və siyasi
islahatları bundan sonrakı illərdə davam etdirəcəyik.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Hətta böhran
dövründə iqtisadiyyatımız artıb, cari ilin
altı ayı ərzində ÜDM 3,6 faiz olub. Mühüm cəhətlərdən
biri də odur ki, təkcə enerji sektoru deyil, əsasən
qeyri-enerji sektoru da inkişaf edir. Ümumi daxili məhsulda
qeyri-enerji sektorunun aydan-aya artım tempi
iqtisadiyyatımızın güclənməsini göstərir.
Azərbaycan bir çox keçmiş sovet respublikaları
kimi xarici yardımdan asılı deyil, heç kimə maliyyə
dəstəyi, kredit və buna aid məsələlər
üçün müraciət etmir. Bu, həm də o deməkdir
ki, ölkə Prezidentinin nəzarəti altında Azərbaycanda
özəl sektorun inkişafına, yerli və xarici iş
adamlarının fəaliyyətinə hərtərəfli
imkanlar yaradılır, iqtisadi mühitin
formalaşdırılması üçün bütün zəruri
tədbirlər həyata keçirilir. İcrası ötən
il müvəffəqiyyətlə yekunlaşan "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət Proqramı"nın
uğurlu davamı kimi geniş fəaliyyətdə olan
"Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı" müstəsna
əhəmiyyətə malikdir. Birinci Dövlət
Proqramının nəticələrindən bəhrələnən
xalq ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
daha böyük uğurlar gətirəcəyinə əmindir.
Bu uğurların da
artırılmasında sahibkarlara, iş adamlarına, fermer və
təsərrüfat sahiblərinə dövlət dəstəyinə
böyük əhəmiyyət verən Azərbaycan Prezidenti
İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında demişdir: "Bu
il sahibkarlığın inkişafı üçün daha
böyük vəsait nəzərdə tutulur. Dövlət tərəfindən
ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi
olaraq kənd təsərrüfatının inkişafı
üçün subsidiyalar nəzərdə tutulubdur. Onu da
deməliyəm ki, birinci altı ayda həm sənaye
istehsalı, həm də kənd təsərrüfatı sahəsində
artım müşahidə olunur. Yəni Azərbaycanda elə
bir sahə yoxdur ki, orada tənəzzül müşahidə
edilsin. Bir daha demək istəyirəm ki, Azərbaycan gələcəyə
çox böyük ümidlərlə baxır. İndiki vəziyyət
çox ürəkaçandır və şübhə etmirəm
ki, bizim uğurlu inkişafımız ilin sonuna qədər
davam edəcəkdir".
İkinci Dövlət
Proqramının spesifik xüsusiyyətlərindən biri odur
ki, Azərbaycan iqtisadiyyatının inkişafında neft amili
mühüm rol oynasa da, ölkəmiz öz gələcək
inkişafını neftdən əldə olunan vəsaitlərin
qeyri-neft sektorunun inkişafına yönəldilməsində
görür. Proqramda pul-kredit siyasətinə, sənaye və
kənd təsərrüfatı istehsalının genişləndirilməsinə,
ekologiya və təbii sərvətlərdən istifadəyə,
rabitə, nəqliyyat, elektrik enerjisi, istilik, qaz, su təchizatının
və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılmasına, meliorasiya və
irriqasiya, sosial müdafiə, səhiyyə, mədəniyyət,
idman və təhsil müəssisələrinin inşası
və yenidən qurulması tədbirlərinə daha çox
yer ayrılıb. Bu da sahibkarlığın inkişafına,
yeni müəssisələrin yaradılmasına və iş
yerlərinin açılmasına əlavə təkan
vermiş, iş adamlarının fəaliyyətini
stimullaşdırmışdır. Bölgələrdə
böyük emal müəssisələrinin
yaradılacağını nəzərdə tutan növbəti
Dövlət Proqramında iş adamlarının həyata
keçirəcəyi layihələrə böyük məbləğdə
güzəştli kreditlərin ayrılacağı bildirilir. Həyata
keçiriləcək tədbirlərin dövlət büdcəsi,
büdcədənkənar dövlət fondları, mülkiyyət
formasından asılı olmayaraq idarə, müəssisə
və təşkilatların vəsaitləri,
Sahibkarlığa Kömək Milli Fondunun və Azərbaycan
İnvestisiya Şirkətinin vəsaitləri, yerli və
xarici sahibkarların vəsaitləri, beynəlxalq təşkilatların
və xarici dövlətlərin maliyyə vəsaitləri, eləcə
də qanunvericilikdə qadağan olunmayan digər mənbələr
hesabına maliyyələşdiriləcəkdir.
İndiyədək
aparılan uğurlu islahatlar və həyata keçirilən
tədbirlər nəticəsində ölkəmizdə
yoxsulluğun səviyyəsi 4 dəfə
azalmışdır. Son illərdə 800 minə yaxın yeni
iş yerinin açılması demək olar ki, işsizlik
problemini aradan qaldırmışdır. Sahibkarlığa
dövlət dəstəyi ildən-ilə
artmışdır. Bunun səmərəsi coğrafi ərazi
etibarilə paytaxt Bakıdan tutmuş, respublikamızın
bütün bölgələrində, ən ucqar kəndlərində
belə özünü göstərir. İnfrastrukturun yeniləşdirilməsi,
respublikanın müxtəlif bölgələrində modul
tipli elektrik stansiyalarının qurulması, əyalətlərin
"mavi yanacaq"la təchizatı, güzəştli kreditlərin
verilməsi dövlətin özəl sektora - sahibkarlara dəstəyinin
real təzahürüdür. Nəticə etibarilə iqtisadi
yüksəlişin keyfiyyətcə yeni mərhələsində
sahibkarlar sosial-iqtisadi inkişafın başlıca təminatçısına
çevrilmişlər. Azərbaycan hökuməti
güclü sahibkarlar təbəqəsinin formalaşması,
onların cəmiyyətdəki mövqeyinin güclənməsi
istiqamətində mühüm addımlar atmışdır. Sahibkarlığın
inkişafı üçün zəruri maliyyə təminatı
yaradılmış, süni maneələri aradan
qaldırılmaqdan ötrü mükəmməl qanunvericilik
bazası formalaşdırılmış, qarşıya
qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi
üçün makro-iqtisadi mühit
yaradılmışdır.
Yeni Dövlət Proqramında
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə
kiçik və orta sahibkarlığın dünya
iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi,
kiçik, orta və iri müəssisələr arasında
qarşılıqlı səmərəli əməkdaşlığın
genişləndirilməsi, ticarət yarmarkalarının
yaradılması, sahibkarlıq fəaliyyətinə
müdaxilələrin qarşısının alınması
kimi məsələlər də öz əksini tapıb. Sahibkarlıq
fəaliyyəti ilə məşğul olanlar
üçün məsləhət xidməti, informasiya təminatı,
marketinq xidməti strukturlarının yaradılmasının
davam etdirilməsi qarşıya vəzifə kimi qoyulub. Ölkənin
ixrac potensialının səmərəli reallaşması,
daxili bazarda sağlam rəqabət mühitinin
formalaşdırılması, istehlakçıların
hüquqlarının qorunmasının təmin edilməsi,
standartlaşdırma və metrologiya sahələrinin beynəlxalq
tələblərə uyğunlaşdırılması məqsədilə
də geniş tədbirlər nəzərdə tutulub. İstehsalçıların
xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi,
ticarət, məişət sahələrində xidmət səviyyəsinin
daha da yüksəldilməsi, Ümumdünya Ticarət Təşkilatı
prinsipləri çərçivəsində daxili bazarın
qorunması tədbirlərinin həyata keçirilməsi,
haqsız rəqabət hallarına qarşı mübarizənin
gücləndirilməsi və rəqabətin inkişafı
ilə bağlı digər tədbirlərin görülməsi
qarşıya məqsəd kimi qoyulub.
Birinci Dövlət
Proqramında olduğu kimi, 2009-2013-cü illəri əhatə
edən yeni Dövlət Proqramında da Azərbaycan Prezidenti
tərəfindən ölkənin inkişafı ilə əlaqədar
təkcə sosial-iqtisadi yüksəliş xətti deyil, həm
də vətəndaşların hüquq və
azadlıqlarının etibarlı şəkildə
qorunması başlıca vəzifələrdən biri kimi
önə çəkilir. Bir sözlə, yeni Dövlət
Proqramında respublikamızın bütün bölgələrini
əhatə edən kompleks tədbirlər ölkəmizin
davamlı inkişafına, əhalinin daha yaxşı
yaşamasına və sosial vəziyyətin daha da
yaxşılaşmasına xidmət edir.
Rəhman SALMANLI
Azərbaycan.- 2009.- 6
avqust.- S. 1.