Heydər Əliyev Fondu ölkəmizin dünya miqyasındakı nüfuzunun artmasında mühüm rol oynayır

 

"Son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Heydər Əliyev Fondu milli fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür".

 

İlham ƏLİYEV

 

Beynəlxalq miqyasda bu və ya digər ölkə haqqında dolğun təsəvvürün formalaşdırılması və onun dünya dövlətləri sırasında mövqelərinin güclənməsi ilk növbədə sistemli təbliğat-təşviqat mexanizminin həyata keçirilməsindən, ictimai-siyasi hadisələr barədə informasiyaların operativ ötürülməsindən asılıdır. Ulu öndər Heydər Əliyev ideyalarının geniş təbliğ olunaraq yayılmasına, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və digər sahələrin inkişafına, dövlət gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verən Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzedilməz rol oynayır. Fond öz işini Ermənistanın ölkəmizə qarşı təcavüzü, beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi haqda obyektiv təsəvvürün formalaşması və informasiya blokadasının aradan qaldırılması, eyni zamanda, qədim tarixə, mədəniyyətə malik Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği üzərində qurub.

Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün ağır nəticələrinin dünya birliyinə çatdırılmasını müxtəlif tədbirlərin təşkili, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən fotosənədlərin, filmlərin, kitabların, başqa kütləvi nəşrlərin yayılması və digər təbliğat-təşviqat vasitələri ilə həyata keçirir. Fondun dəstəyi ilə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində çap edilmiş "Qarabağ həqiqətləri" bukletlər toplusunun CD, DVD variantlarının bir sıra ölkələrdə paylanılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işidir. Toplunun 20 min nüsxəsi respublikamızın xarici ölkələrdəki səfirliklərinə, Avropa Şurası Parlament Assambleyasının deputat korpusuna, beynəlxalq təşkilatlara, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizə göndərilib. Topluda dəqiq faktlar, obyektiv məlumatlar, fotoşəkillər, xəritələr toplanılıb. Geniş məlumatlarla zəngin olan nəşr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərini, nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq, problemin ədalətli həllinə nail olmaq məqsədi daşıyır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bildirmişdi: "Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan öz doğma torpağından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırıma və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir.

Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq.

Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tütür".

Bu istiqamətdə görülən məqsədyönlü iş fondun yaratdığı və geniş məlumat bazasına malik "Azərbaycan" portalının internet şəbəkəsinə qoşulması ilə başlamışdır. Portalda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı törədilən azğınlıq, tarix-memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması barədə faktlar öz əksini tapmışdır.
Xocalı soyqırımı portalda ayrıca bölmə kimi təqdim olunmuş, 1992-ci ilin fevralında erməni quldurlarının törətdiyi qırğın haqqında geniş məlumatla yanaşı, qanlı faciəni əks etdirən fotoşəkillər də yerləşdirilmişdir.

Fondun prezidenti Mehriban xanım Əliyevanın "Ön söz"ü ilə işıq üzü görmüş "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında özünəməxsus rol oynadı. Nəşrdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə - Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Füzuli və digər rayonlarda düşmən tərəfindən dağıdılmış tarixi-memarlıq abidələri haqqında ətraflı məlumat verilmişdir. Fondun daha bir xeyirxah layihəsi - "Fəxri xiyaban" kitabının nəşri isə xarici ölkələrdən gələn qonaqların hər zaman üz tutduqları Fəxri xiyaban haqqında elmi-kütləvi topluya olan ehtiyacın ödənilməsinə xidmət edir. Kitabın nəşrində məqsəd xalqımızın görkəmli övladlarının xatirəsinə ehtiram göstərməklə yanaşı, həm də onların şöhrət gətirdikləri Azərbaycanı ölkəmizə gələn qonaqlara bir daha tanıtmaqdır.

 

Xocalı soyqırımı beynəlxalq miqyasda

 

Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ölkələrinə çatdırılması, bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan bu faciə haqqında beynəlxalq miqyasda dolğun təsəvvürlərin formalaşdırılması Heydər Əliyev Fondunun daim diqqət mərkəzindədir. Xocalı faciəsi haqda faktların dünyaya çatdırılması Heydər Əliyev Fondunun Qarabağ həqiqətlərinin yayılması istiqamətində fəaliyyətinin ana xəttini təşkil edir. Xocalı soyqırımı barədə həqiqətləri əks etdirən materiallar fondun təşəbbüsü ilə Avropanın bir neçə dövlətində yayılır. Həmin materiallar xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanılır. Zəngin faktlar və fotosənədlərə istinadla aparılan təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırır.

Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin əl işlərinin, fotoşəkillərinin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayişi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi barədə dolğun təsəvvürlər formalaşdırdı. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Brüssel şəhərində təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu qəbildən idi. Fond azərbaycanlıların soqırımı barədə həqiqətlərın çatdırılması kampaniyasının miqyasını genişləndirərək Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi"ni keçirdi. Tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri keçirilmiş, faciəni əks etdirən 3 böyük panno quraşdırılmış, "Qarabağ Azərbaycan torpağıdır" sözləri yazılmış transparantlar asılmışdı. Etiraz aksiyasında sakinlərə və əcnəbilərə "Türk dünyasının qaynayan yarası - Qarabağ" adlı buklet, işğal olunmuş rayonlardan itkin düşmüş 4866 vətəndaşımız haqında məlumat vərəqələri paylanıldı.

Xocalı faciəsinə beynəlxalq miqyasda qiymət verilməsi istiqamətində atılan addımlar çərçivəsində 2008-ci il fevralın 14-də Berlində "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans xüsusi əhəmiyyət kəsb etdi. Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin, Qarsdakı Baş Konsulluğunun və İqdır bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən konfrans iştirakçıları bəşəriyyət tarixində ən amansız və qanlı qırğınlardan biri olan Xocalı faciəsinə beynəlxalq hüququn bütün normaları ilə qiymət verilməsini tələb etdilər. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Xocalı uşaqların gözü ilə" sərgisi nümayiş etdirildi və erməni qəddarlığını əks etdirən kitablar paylanıldı.

 

Milli-mənəvi dəyərlərin ən böyük təbliğatçısı

 

Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin öyrənilməsinə, təbliğinə və gələcək nəsillərə çatdırılmasına, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına yönəldilmiş dəyərli layihələri reallaşdırmaqdadır. "Heydər Əliyev Fondu təqdim edir" seriyasından nəşr olunan "Müharibə və tarixi mədəniyyət abidələrimiz" adlı nəşrdə işğal altında qalan Azərbaycan ərazilərindəki tarixi-mədəni abidələrimizin, ziyarətgahlarımızın, məscid və məbədlərimizin siyahısı toplanmış, haqlarında zəngin məlumat verilmişdir. Mədəniyyət və incəsənətimizin dünya miqyasında təbliği fəaliyyəti yalnız təşkilatın öz dəstəyi ilə keçirilən kütləvi tədbirlərlə yekunlaşmır. YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində fondun ölkəmizin gənc istedadlarının "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsert proqramını beynəlxalq təşkilat üzvlərinə təqdim etməsi xüsusilə vurğulanmalıdır. Mədəniyyətimizi təşviq edən tədbirdə respublikamızın təbiət mənzərələrini, turizm güşələrini, qədim xalq sənətlərini, əfsanəvi Neft daşlarını, gündən-günə gözəlləşən Bakının görməli yerlərini əks etdirən film nümayiş etdirildi.

Təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə bağlı genişmiqyaslı layihələr hazırlayan Heydər Əliyev Fondu xalqımızın qədim musiqi sənəti olan muğamın dünyada təbliğinə də xüsusi diqqət yetirir. Fondun fəaliyyətində mədəniyyət, incəsənət nümunələrimizin dünyaya çatdırılması, muğamın inkişafı və geniş şəkildə təbliği, beynəlxalq festivalların təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edir. Milli-mədəni irsimizin keçmişini, bugününü və sabahını ləyaqətlə qorumaq ideyasının daşıyıcısı olan təşkilat yüksək poliqrafik keyfiyyətlə və elmi əsaslarla hazırladığı, "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunu dünyanın müxtəlif ölkələrinə yaymışdır. Bunun Azərbaycanın mədəni irsinin təbliği ilə yanaşı, son dərəcə dəyərli siyasi əhəmiyyəti də mövcuddur.

Təqdimat mərasimi Parisdə, YUNESKO-nun qərargahında keçirilən bu toplu Qarabağın Azərbaycana bağlılığını dünyaya sübut edən tutarlı faktlardandır.

Dahi bəstəkar, Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəylinin çoxsaylı yaradıcılıq irsinin bir araya toplanılması və geniş şəkildə təqdim edilməsi dünya şöhrətli musiqiçinin Azərbaycan incəsənətindəki roluna ən böyük hədiyyələrdən biridir. Bu missiyanı Heydər Əliyev Fondu öz üzərinə götürdü. Fondun təşəbbüsü ilə keçirilmiş "Üzeyir dünyası" və "Azərbaycan muğamı ensiklopediyası" layihələrinin təqdimat mərasimi milli operanın banisinin zəngin yaradıcılığına ən böyük töhfələrdən biridir. Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyir dünyası" layihəsinə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik əsərləri" kitabları, "Leyli və Məcnun", "Koroğlu", "O olmasın, bu olsun" operaları və musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Dahi bəstəkarın həyat və yaradıcılığını əks etdirən layihə Üzeyir Hacıbəylinin irsinin bütün dünyada daha yaxşı tanınmasında önəmli rol oynadı.

Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası, "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları ilə ilk dəfə müsəlman Şərqində musiqili teatrın əsasını qoyduğunu deyən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dahi bəstəkarın ölməz romansları "Sənsiz" və "Sevgili canan"ın Azərbaycanın kamera musiqisində yeni bir istiqamət aşkar etdiyini bildirdi. Dünya şöhrətli bəstəkarın yaradıcılığının şah əsəri "Koroğlu" operası isə Azərbaycan musiqi sənətinin tarixində yeni səhifə açıb. Heydər Əliyev Fondunun milli operamızın banisinə verdiyi yüksək dəyərin nəticəsi olaraq "Leyli və Məcnun" operasının 100 illik yubileyi YUNESKO-nun baş konfransının qərarı ilə ötən il Parsidə - beynəlxalq təşkilatın iqamətgahında təntənəli şəkildə qeyd olundu.

Bakıda Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 14 may 2008-ci il tarixdə keçirilmiş Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda konfrans inkişaf etmiş ölkələri təmsil edən tədbir iştirakçılarında respublikamızda baş verən proseslər, o cümlədən sosial-iqtisadi tərəqqi haqqında aydın təsəvvürlərin formalaşmasına səbəb oldu. Fondun prezidenti Mehriban xanım Əliyeva ölkəmiz barəsində geniş məlumat verərək milli təhsil sistemindən və digər məsələlərdən ətraflı söhbət açmışdı. Mehriban xanım Əliyeva demişdir: "Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Müasirləşmə siyasəti həyatın bütün sahələrində müşahidə edilir: iqtisadi, siyasi və mədəni sahələrdə. Sabit siyasi vəziyyət və artan iqtisadi inkişaf təhsil sahəsində problemlərin uğurla həlli üçün zəmin yaradır".

2009-cu il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev Heydər Əliyev Mükafatını Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim etdi. Fəaliyyətinə verilən belə yüksək qiymətə görə bütün insanlara minnətdarlığını ifadə edən Mehriban xanım Əliyeva Heydər Əliyev Mükafatı ilə təltif olunmasını özü üçün ən böyük şərəf adlandıraraq Vətənə ləyaqətlə xidmət etməyin hər bir vətəndaşın borcu olduğunu bir daha qeyd etdi.

Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətindəki ardıcıl və səmərəli fəaliyyəti dünya birliyində, beynəlxalq təşkilatlarda ölkəmiz haqqında obyektiv məlumatların yayılmasına səbəb olmuşdur. Milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi fəlakətlər, ərazilərimizin bir hissəsinin işğalı haqqında dünya miqyasında aydın təsəvvürlərin formalaşdırılması fondun bilavasitə 5 illik gərgin zəhmətinin nəticəsidir. Yarandığı gündən qısa müddət keçməsinə baxmayaraq, fond qarşısına qoyduğu məqsədlərinə uğurla nail olaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2009.- 6 avqust.- S. 3.