Azərbaycanlı rusiyalı gənclərdən ibarət qrup ölkəmizdə səfərdədir

 

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəvəti ilə RAGT-nin və Rusiya Gənclər İctimai Palatasının üzvlərindən, rusiyalı dövlət qulluqçularından, Rusiyanın aparıcı ali məktəblərində təhsil alan rus və azərbaycanlı tələbələrdən ibarət bir qrup gənc ölkəmizdə səfərdədir.

Səfərin təşkilindən məqsəd Azərbaycan və Rusiya arasında əlaqələri gücləndirmək və möhkəmlətmək, iki ölkənin gənclərini bir-birinə yaxınlaşdırmaq, tələbələr arasında daha sıx əlaqələr qurmaq, dostluq münasibətlərini inkişaf etdirməkdir.

RAGT-nin İdarə Heyəti Şurasının üzvü Emin Hacıyev bildirmişdir ki, artıq üçüncü ildir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə azərbaycanlı və rusiyalı gənclərdən ibarət belə qrupların ölkəmizə səfəri təşkil olunur.

Avqustun 9-dək davam edəcək budəfəki səfər çərçivəsində gənclər bir sıra görüşlər keçirəcək, Naxçıvan Muxtar Respublikasına və Quba rayonuna səfər edəcəklər.

 

 

Azərbaycan.- 2009.- 6 avqust.- S. 3.