YAP-da Buxarest şəhəri II sektoru merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur

 

Avqustun 5-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında ölkəmizdə işgüzar səfərdə olan Buxarest şəhəri II sektorunun meri Nikolay Ontsyanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

Görüşdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Azərbaycan və Rumıniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş və qeyd etmişdir ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. O, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlardan ətraflı danışaraq ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar siyasəti haqqında həqiqətləri rumıniyalı qonaqların diqqətinə çatdırmışdır.

Azərbaycana növbəti dəfə səfər etməkdən məmnun olduğunu deyən Nikolay Ontsyanu Rumıniya və Azərbaycan arasında əməkdaşlığın daim inkişaf etdiyini bildirmişdir. O qeyd etmişdir ki, bu münasibətlərin formalaşmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Rumıniyalı qonaq ulu öndər Heydər Əliyevin xatirəsinin rumın xalqı tərəfindən əziz tutulduğunu bildirmiş, Buxarest şəhərində ulu öndərin adına gözəl park salındığını, onun büstünün ucaldıldığını xatırlatmış, Rumıniya paytaxtında bu dahi şəxsiyyətin adını daşıyan Fondun nümayəndəliyinin fəaliyyət göstərdiyini qeyd etmişdir.

Türkiyədən sonra Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən birinin Rumıniya olduğunu vurğulayan qonaq Azərbaycanın çox sürətlə inkişaf etdiyini xüsusi qeyd etmişdir. Üç il əvvəl Bakıda olduğunu və ötən müddət ərzində şəhərin daha da gözəlləşdiyini bildirən N.Ontsyanu demişdir ki, Avropa İttifaqı dünya maliyyə-iqtisadi böhranından çıxış yolları axtardığı bir zamanda Azərbaycan durmadan inkişaf edir.

Nikolay Ontsyanu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Rumıniya tərəfindən birmənalı müdafiə edildiyini xüsusi vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2009.- 6 avqust.- S. 2.