Leyla Şıxlinskayanın klinikası: uğurlu milli brend
Respublikamızın elə
bir sakini tapılmaz ki, o, Leyla Şıxlinskayanın
klinikası haqqında eşitməmiş olsun. Xalq arasında
bu mərkəzi nəvazişlə "şıxlinka"
adlandırırlar. Ölkəmizdə ilk çoxprofilli
özəl klinika 10 illik çətin yol keçərək
milli brendə çevrilmişdir. Bu gün klinika
özünün ilk "dəyirmi" yubileyini -
yaradılmasının 10 illiyini qeyd edir.
Tibbi mərkəzin rəhbəri
Leyla Şıxlinskayanın sözlərinə görə, bu
mərkəzin - ölkəmizdə ilk çoxprofilli özəl
klinikanın açılması xalqımızın
ümummilli lideri Heydər Əliyevin sayəsində
mümkün olmuşdur. Bu da ölkə rəhbərinin milli
səhiyyəmizin inkişafına diqqət və
qayğısının göstəricisidir. Leyla
Şıxlinskaya demişdir: "Biz bugünkü yubileyi Heydər
Əliyevin xatirəsinə həsr edirik".
Fakt budur ki, klinikanın
qazandığı uğurlar və tərəqqi onun
"tibbi dəqiqliklə" hərtərəfli
ölçülüb-biçilmiş fəaliyyətinin nəticəsidir.
Müasir səviyyəli
tibbi müəssisələrdən nümunə götürən,
ən mütərəqqi, ən yaxşı elmi
axtarışlardan bəhrələnən klinika ən yeni
avadanlıqlarla təchiz olunmuşdur. Burada fəaliyyət
göstərən peşəkar kollektiv yüksək səviyyəli
servis xidmətləri təqdim edir.
Klinikanın kollektivi on
illik hesabat dövründə milli təbabətin
inkişafına layiqli töhfələr vermişdir. Klinikanın
mütəxəssisləri tərəfindən burada
aparılmış onlarca nadir əməliyyat uğurla nəticələnmişdir.
Fransa, Almaniya, Rusiya və Türkiyədən dəvət
edilmiş dünya şöhrətli ən yaxşı
mütəxəssislər də burada nümunəvi əməliyyatlar
aparırlar. Daim inkişafda olan klinika müntəzəm olaraq
öz avadanlıqlarını yeniləşdirir, burada
dünya tibb elminin nailiyyətləri mənimsənilir və
praktikada tətbiq edilir.
Klinikada müalicənin
səmərəli, fəsadlar yaranması riskinin minimum,
reabilitasiya müddətinin ən qısa olmasına zəmanət
verilir. Burada həm yaşlılar, həm də uşaqlar
üçün kompleks diaqnostika və müalicə
(konservativ üsullarla və əməliyyat yolu ilə)
imkanları yaradılmışdır.
...Klinika ilə
tanışlıq qəbul şöbəsindən
başlanır: gecə-gündüz fasiləsiz işləyən
əlaqələndirmə xidmətinin ahəngdar fəaliyyəti
lazımi sənədlərin rəsmiləşdirilməsinə
və həkimlərdən məsləhət almağa sərf
edilən vaxtı minimuma endirməyə imkan verir, əməkdaşların
nəzakətli rəftarı isə tibbi müəssisələrə
müraciət edən hər kəsin özündən
asılı olmayaraq keçirdiyi narahatlığa son qoyur. Poliklinika
şöbəsində 14 həkim kabineti var. Peşəkar
mama-ginekoloqlar, stomatoloqlar, LOR və cərrahlar, endokrinoloq və
terapevtlər hər gün ambulatoriya rejimində müalicə
olunan pasiyentlərin xidmətindədirlər. Stasionar xidmət
isə 12 bölmədən ibarətdir. Bura 5 əməliyyat
zalı, 10 çarpayılıq 4 intensiv terapiya, 2
doğuş zalı, bölmələrdə 68
çarpayılıq 28 palata daxildir.
Məlumat
üçün: ötən 10 ildə klinikada ölkəmizin
6000 körpə vətəndaşı dünyaya göz
açmışdır, burada 12.540 uğurlu əməliyyat,
68.138-dən çox diaqnostik tədqiqat
aparılmışdır. Klinikanın 300-dən çox
işçisi var.
Klinikanın əməkdaşlarının
əməyinə verilən ən yüksək qiymət isə
yubiley ərəfəsində pasiyentlərdən alınan təşəkkür
məktubları, bir də həmkarlarının, o cümlədən
xarici ölkələrdəki həmkarlarının səmimi
ürək sözləri, müsbət rəyləridir. Bakıda
səfərdə olarkən bu klinikaya baş çəkmiş
Türkiyənin keçmiş səhiyyə naziri Osman
Durmuş ürək sözlərini belə ifadə
etmişdir: "Leyla Şıxlinskayanın
klinikasındakı sanitariya şəraiti nəinki Türkiyə
standartlarına, hətta dünya standartlarına
uyğundur".
S.Şıxəliyeva
Azərbaycan.- 2009.- 6 avqust.- S. 3.