Amerika Azərbaycanlıları
Şəbəkəsi (USAN), Amerika-Türk Assosiasiyaları
Assambleyası (ATAA), Azərbaycan-Amerika Şurası, Türk
Amerika Assosiasiyaları Federasiyası (TAAF), Azərbaycan-Amerika
Şurası, "Türk Network" şəbəkəsi,
Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi, Azərbaycan-Türkiyə-Amerika
Fondu (ATAF) və "Hyuston-Bakı Qardaşlaşmış
Şəhərlər Assosiasiyası" Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ABŞ Prezidenti Barak Obamaya məktub
ünvanlamışlar.
Məktubda deyilir:
"Ötən il Gürcüstan və Rusiya arasında
baş vermiş müharibənin Cənubi Qafqaz regionunda
sülh və təhlükəsizliyə təhdid olduğu
bir daha özünü göstərdi. Ermənistan silahlı
qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini
qeyd-şərtsiz tərk etmələrini və işğala
son qoymalarını tələb edən BMT Təhlükəsizlik
Şurasının qətnamələri yerinə yetirilməmişdir
və bir milyon azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətində yaşayır. Bütün
bunlar beynəlxalq hüququn prinsipləri əsasında sabit
sülhə və ya Sizin bəyan etdiyiniz kimi, "Uzun sürən
Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli"nə
nail olunması zərurətini daha da artırır".
Məktubda qeyd edilir ki,
ABŞ-ın güclü dəstəyi və Rusiyanın son
dövrlərdə fəallaşan vasitəçiliyi sayəsində
Azərbaycan və Ermənistan prezidentlərinin son
görüşləri zamanı sülh prosesində bəzi
irəliləyişlərin olduğu nəzərə
çarpır. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri
Mətyu Brayzə danışıqlarda Azərbaycan rəhbərliyinin
konstruktiv mövqe nümayiş etdirdiyini bildirmişdir. O, həmçinin
ərazilərinin işğal altında olmasına baxmayaraq Azərbaycanın
Ermənistana və erməni xalqına çoxlu sayda güzəştlər
etdiyini vurğulamışdır.
Təşkilatlar
bildirirlər ki, regionda davamlı sülhün əldə
olunması üçün münaqişənin dinc yolla,
dövlətlərin ərazi bütövlüyünə
hörmət prinsipi, məcburi köçkünlərin
öz doğma torpaqlarına qayıtması, sərhədlərin
açılması, Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılması, işğal edilmiş ərazilərdə
azərbaycanlı və erməni icmaları üçün
təhlükəsizliyin təmin edilməsi əsasında həll
edilməsi vacibdir.
Strateji baxımdan əhəmiyyətli
region olan Cənubi Qafqazın potensialı Ermənistan və
Azərbaycan arasındakı müharibə nəticəsində
dağılmışdır.
Ermənistan
özünü regional layihələrdən kənarda qoymaqla
iflic vəziyyətinə düşmüşdür. Bir
milyondan artıq erməni ağır iqtisadi vəziyyətin
hökm sürməsi ilə əlaqədar öz ölkəsini
tərk etmişdir. Dağlıq Qarabağda və Ermənistanın
işğal etdiyi digər rayonlarda yaşayan Azərbaycan əhalisi
etnik təmizləməyə məruz qalmış, həmin ərazilərdəki
mədəniyyət abidələri
dağıdılmışdır. Dağlıq
Qarabağın erməni əhalisi isə ağır iqtisadi vəziyyətdə
və siyasi qeyri-müəyyənlik şəraitində
yaşayır.
Məktubda
vurğulanır ki, yalnız davamlı sülh və
inkişaf Cənubi Qafqaz regionunda müsbət dəyişikliklərin
baş verməsinə gətirə bilər. Azərbaycan-Gürcüstan
tərəfdaşlığı artıq tərəflərin
regional əməkdaşlıq istiqamətində fəaliyyətinin
hansı nəticələr verə biləcəyini
nümayiş etdirmişdir.
Ermənistan rəhbərliyi
nəhayət konstruktiv mövqe nümayiş etdirməklə
ölkəsinin iqtisadi və demokratik inkişafına, sülh
və tərəqqinin əldə olunmasına kömək edə
bilər.
Bundan əlavə,
1993-cü ildən bəri bağlı saxlanılan Türkiyə-Ermənistan
sərhədlərinin açılması istiqamətində
irəliləyişlərin əldə edilməsi də
münaqişənin həllindən asılıdır.
Davamlı sülhün əldə
edilməsi ABŞ-ın yaxın tərəfdaşlara
ehtiyacı olduğu strateji əhəmiyyətli regionda
maraqlarının təmin edilməsi baxımından
böyük əhəmiyyətə malikdir.
Məktubda deyilir: "Xəzərin
karbohidrogen ehtiyatlarının Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında rolunu və Cənubi Qafqaz nəqliyyat dəhlizinin
Əfqanıstana çıxış kimi əhəmiyyətini
nəzərə alsaq, regionda davamlı sülhün təmin
edilməsi daha mühüm əhəmiyyət kəsb edir.
ABŞ-ın yeni
administrasiyası Ermənistan və Azərbaycana
münaqişənin həllinə nail olmağa kömək
etməklə qlobal məsələlərin həllinə
sadiqliyini nümayiş etdirə və Amerika-Rusiya əməkdaşlığının
real nəticələr verməsini təmin edə bilər.
Buna görə də
ABŞ-dakı Azərbaycan və türk icmaları adından
Sizin administrasiyanızı münaqişənin BMT-nin qətnamələri
və Helsinki Yekun Aktının prinsiplərinə əsasən
həlli istiqamətində səylərinizi artırmağa,
bu tarixi imkandan istifadə etməyə çağırır
və bu istiqamətdə sizi dəstəkləyirik".
AzərTAc
Azərbaycan.- 2009.- 6 avqust.- S. 3.