Azərbaycan diplomatiyası Ermənistanı diz çökdürür

 

Madrid prinsiplərinin yeni variantının hazırlanması işğalçı ölkədə ciddi ajiotaj yaradıb

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin sürətlənməsi və bu məqsədlə Madrid prinsiplərinin yeniləşmiş variantının hazırlanması işğalçı ölkədə ciddi ajiotaja səbəb olub. Ermənistanda belə hesab olunur ki, Madrid prinsipləri əsasında gedən danışıqlar və irəli sürülən yeni təkliflər yalnız Azərbaycanın maraqlarına cavab verir. Əslində, prosesin gedişi və iki ölkə arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilən açıqlamalar da aydın göstərir ki, danışıqlar həqiqətən Azərbaycanın maraqları çərçivəsində aparılır. Danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması, qaçqın və məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması əsas şərt kimi ortaya qoyulur. Prezident İlham Əliyev Rusiya Dövlət Televiziya kanalının "Vesti v subbotu" verilişinə müsahibəsində bununla bağlı qeyd edib: "Mahiyyət etibarilə razılıq əldə edilmişdir ki, işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına başlanmalı, hazırda Dağlıq Qarabağda yaşayan vətəndaşların və işğal edilmiş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıdacaq, milliyyətcə azərbaycanlı olan vətəndaşların da təhlükəsizliyinə beynəlxalq zəmanət təmin edilməlidir".

Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirmişdir ki, sazişlər imzalandıqdan dərhal sonra birinci mərhələdə qoşunların beş rayondan çıxarılması nəzərdə tutulur: "Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Kəlbəcər və Laçın rayonlarından erməni silahlı qüvvələrinin çıxarılmasını məhz həmin rayonların coğrafi şəraiti nəzərə alınmaqla, saziş qüvvəyə minəndən beş il sonra təmin etmək nəzərdə tutulur".

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə Ermənistanın "Novosti Armenii" agentliyinə müsahibəsində baza prinsiplərindən danışarkən qeyd edib ki, bu prinsiplər Dağlıq Qarabağa bitişik 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur: "Bu rayonlardan 5 və 6-sı dərhal, 1 və ya 2-si daha sonra qaytarılacaq".

Danışıqlar prosesində real vəziyyət həm də Dağlıq Qarabağın siyasi statusu ilə bağlı məsələnin tam Azərbaycanın xeyrinə olduğunu göstərir. Ümumiyyətlə, Azərbaycan tərəfi daim birmənalı şəkildə bildirib ki, Dağlıq Qarabağa ölkəmiz daxilində ən yüksək muxtariyyət statusu verilə bilər. Bununla bağlı Prezident İlham Əliyev bildirir: "Əlbəttə, Dağlıq Qarabağın müəyyən statusu olmalıdır. Biz bunu başa düşürük. Lakin bir daha deyirəm, biz həmin statusu suveren Azərbaycan dövlətindən kənarda təsəvvür etmirik... Birinci mərhələdə müvəqqəti status mexanizmi razılaşdırıla bilər, qəti status məsələsi isə tərəflər bu barədə razılığa gələndən sonra həll ediləcəkdir. Bunun üçün ola bilsin bir il, ola bilsin on il, ola bilsin yüz il vaxt lazım gələcək, bəlkə də heç vaxt mümkün olmayacaqdır. Bunu zaman göstərər".

Hazırda isə danışıqlar prosesinin indiki mərhələsində Dağlıq Qarabağın statusu ilə bağlı heç bir müzakirə aparılmır və əsas diqqət qeyd olunduğu kimi, Dağlıq Qarabağa bitişik 7 rayonun Azərbaycana qaytarılmasına yönəlib. Bu məqam Minsk qrupunun həmsədrləri tərəfindən də bəyan olunub. Perspektivdə isə status məsələsində müzakirələr zamanı yenə Azərbaycanın mövqeyinin həlledici xarakter daşıyacağı şübhə doğurmur. Çünki burada əsas diqqət Dağlıq Qarabağa yekun yox, müvəqqəti və ya aralıq statusun verilməsindən gedir. Mətyu Brayzə müsahibəsində bununla bağlı qeyd edir: "Dağlıq Qarabağın "aralıq statusunun" dəqiqləşdirilməsinə dair danışıqlar prosesi hələ davam edir və bu danışıqlar sülh müqaviləsi imzalanan vaxta qədər tamamlanmış olmalıdır. Bizim məqsədimiz Dağlıq Qarabağ xalqının özünü təhlükəsiz hiss etməli olmasını və öz həyat fəaliyyətinin siyasi, iqtisadi, hüquqi və mədəni elementləri də daxil olmaqla onun bütün aspektlərini idarə etmək imkanına malik olmasını nəzərdə tutan status-kvonu dəstəkləməkdir". O da aydındır ki, vasitəçilər "aralıq status" barədə danışarkən hazırda mövcud olan vəziyyəti olduğu kimi saxlamağa çalışırlar və mövcud vəziyyət Dağlıq Qarabağın beynəlxalq hüquq çərçivəsində də Azərbaycanın tərkibində olduğunu nəzərdə tutur.

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye də qeyd edir ki, Azərbaycan və Ermənistan prezidentlərinə təklif edilən "həll variantı"nda Dağlıq Qarabağın statusu məsələsi bir kənara qoyulub: "İlkin mərhələdə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılaraq Azərbaycana qaytarılması nəzərdə tutulur. Azərbaycan isə bu müddətdə Dağlıq Qarabağa müvəqqəti status verəcək. Azərbaycanla Dağlıq Qarabağ arasındakı hüquqi əlaqəni davam etdirməyi nəzərdə tutan bu yolla Azərbaycan öz ərazisinin bir hissəsini qeyri-müəyyən müddət ərzində müvəqqəti status altına almış olacaq".

Beləliklə, aydın görünür ki, Minsk qrupunun vasitəçiliyi ilə gedən danışıqlar prosesi, eləcə də Madrid prinsiplərinin yeniləşmiş variantının hazırlanması Azərbaycanın maraqlarına cavab verir və bütün şərtlərin məhz Azərbaycan tərəfindən diqtə olunduğunu göstərir. Xatırladaq ki, iyulun 27-də Krakovda ATƏT-in Minsk qrupunun həmsədrlərinin işçi görüşü keçirilib. Görüşdə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentləri Barak Obama, Nikola Sarkozi və Dmitri Medvedevin "Böyük səkkizliyin" Akvil sammitində verdiyi bəyanata uyğun olaraq Madrid prinsiplərinin yenilənmiş variantının hazırlanması məsələləri müzakirə olunub. Bu məqsədlə həmsədrlər qarşıdakı günlərdə daha bir neçə işçi görüş keçirməyi planlaşdırırlar. Qeyd edək ki, həmsədrlər baza prinsiplərinin razılaşdırılması prosesini davam etdirmək üçün sentyabrda regiona səfər etməyi planlaşdırırlar. Səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məsələsi də müzakirə olunacaq.

Proseslərin bu istiqamətdə inkişafı və Madrid prinsiplərinin yenilənmiş variantının hazırlanması isə Ermənistanda yeni siyasi çaxnaşmaya səbəb olub. Ermənistanın parlamentində "İrs" partiyasını təmsil edən fraksiyanın üzvü Stepan Səfəryan bununla bağlı bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü, Mətyu Brayzənin verdiyi açıqlamalar Madrid prinsiplərinin yenilənmiş versiyasının da Azərbaycanın maraqlarına cavab verdiyini göstərir.

Bu ölkənin sabiq müdafiə naziri Vaqarşak Arutunyan isə qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həlli yeni vəziyyət yaradır və bu vəziyyətdə Ermənistan Azərbaycanla müqayisədə bir neçə dəfə zəif olacaq. Onun sözlərinə görə, bu gün hərbi cəhətdən Ermənistandan kifayət qədər üstün olan Azərbaycan gələcəkdə də Dağlıq Qarabağın statusu məsələsində heç bir güzəştə getməyəcək. Ermənistan milli konqresinin nümayəndəsi David Şahnazaryan isə Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətin yaranmasında sabiq prezident Robert Koçaryanı və keçmiş xarici işlər naziri Vardan Oskanyanı günahlandırıb. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrdə Ermənistanın lehinə bir element belə yoxdur. Ermənistan sosial demokrat partiyasının üzvü Vaan Şirxanyan da Madrid prinsiplərinin onların lehinə olmadığını qeyd edib.

Yerevandakı "Modus Vivendi" araşdırmalar mərkəzinin rəhbəri Ara Papayanın sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin təqdim etdiyi Madrid prinsiplərində erməniləri qane etməyən müddəalar çoxluq təşkil edir. Onun fikrincə, sənəd ətrafında razılaşma əldə olunsa, təkcə işğal edilmiş ərazilərə deyil, Ermənistanın müxtəlif rayonlarına da milyon yarımdan çox qaçqın qayıtmalı olacaq.
Beləliklə, qeyd edilənlər Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlar prosesinin Azərbaycanın maraqları çərçivəsində getdiyini və Ermənistanın işğal olunmuş əraziləri boşaltmaq məcburiyyətində qalacağını göstərir. Hazırda beynəlxalq ictimaiyyət də bunun üçün Ermənistana təzyiqləri gücləndirməkdədir. Bütün bunlar öz növbəsində Azərbaycan diplomatiyasının Ermənistan üzərində tam qələbə çaldığını əyani nümayiş etdirir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 6 avqust.- S. 4.