Azərbaycan güləşçisi Həsən Əliyev dünya çempionu olmuşdur
Ankarada güləş
üzrə gənclər arasında dünya birinciliyinə
start verilmişdir. İlk yarış günü döşək
üzərinə çıxan 3 yunan-Roma güləşçimizdən
2-si medal qazanmışdır. 60 kq çəki dərəcəsində
yarışan son Avropa birinciliyinin qalibi Həsən Əliyev
dünyanın da ən güclüsü olduğunu sübut
etmişdir.
Mübarizəyə 1/16
final mərhələsindən başlayan güləşçimiz
ilk qarşılaşmada rumıniyalı Razvan Motoyu (1:1, 7:0),
1/8 finalda misirli Əli Məhəmmədi (7:2, 6:0), 1/4 finalda
isə gürcüstanlı Arçil Turmanidzeni məğlubiyyətə
uğratmışdır (1:0, 0:1, 4:0). Finala
çıxış uğrunda Həsənin rəqibi
İran təmsilçisi Abuza Nurzadə olub ki, o da
idmançımızın qarşısında duruş gətirə
bilməmişdir (3:0, 5:0).
Dünya çempionu adı uğrunda Həsən Əliyev
türkiyəli güləşçi, ötən il dünya
birinciliyinin qalibi olmuş Rəhman Bilici ilə
qarşılaşmışdır. Yeri gəlmişkən
qeyd etmək lazımdır ki, Həsən iyulda Tbilisidə
keçirilən Avropa birinciliyinin yarımfinalında
adıçəkilən güləşçini təmiz qələbə
ilə məğlubiyyətə uğratmışdır. Gərgin
keçən final görüşünün 1-ci hissəsində
idmançımız çətin qələbə qazansa da
(2:1), 2-ci hissədə daha inamlı təsir
bağışladı (6:1) və Avropa çempionluğunun
ardınca dünya çempionluğunu da bayram etmişdir.
Medal qazanan digər
idmançımız isə 50 kq çəkidə
yarışan Avropa birinciliyinin bürünc
mükafatçısı Xurşud Babaşovdur. 1/16 finalda
iranlı Məhəmməd Qodrini (2:0, 0:2, 3:0), 1/8 finalda isə
gürcü Zurab Matçaraşvilini məğlub edən
(1:0, 0:1, 5:0) Xurşud 1/4 finalda qazaxıstanlı Artur
Umbetkaliyevə uduzmuşdur. Rəqibin finala
çıxması güləşçimizin təsəlliverici
görüşlərdə iştirakına şərait
yaratmışdır. Amerika Birləşmiş
Ştatlarının idmançısı Maks Novrini məğlub
edən təmsilçimiz (6:0, 1:0) dünya birinciliyinin
bürünc medalı uğrunda
qırğızıstanlı Həsən Süleymanovla
qarşılaşmışdır. 1-ci hissədə güləşçimiz
1:2 hesabı ilə uduzsa da, 2-ci yarıda inamla müdafiə
olunaraq aktivinə bir xal yazıb və ümumi hesab bərabərləşmişdır.
Həlledici hissədə isə Xurşud 2-1 hesablı qələbə
qazanmaqla dünya birinciliyinin bürünc medalını əldə
etmişdir.
96 kq çəki dərəcəsindəki
təmsilçimiz Səbuhi Hümbətov isə ilk
qarşılaşmada iraqlı Əli Qasımı məğlub
etsə də (2:0, 6:0), ikinci görüşdə Rusiya
güləşçisi İslam Maqomedova uduzmuşdur (0:1,
0:2). Rusiya təmsilçisinin yarımfinalda kubalı güləşçiyə
məğlubiyyəti isə Səbuhini medal şansından məhrum
etmişdir.
Beləliklə, ilk
yarış gününü Azərbaycan yığma
komandası 1 qızıl və 1 bürünc medalla başa
vurmuşdur.
Bu gün daha 3 güləşçimiz
- 55 kq-da Orxan Əhmədov (Avropa çempionu-2009), 66 kq-da
Rüstəm Əliyev və 84 kq-da Murtuza Tağıyev (Avropa
ikincisi-2009) dünya birinciliyinin medalları uğrunda
yarışacaqlar.
AzərTAc
Azərbaycan.- 2009.- 6 avqust.- S. 6.