Azərbaycan Prezidenti İlham Əliyev bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə bp arasında uzun illər davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu. Əməkdaşlığın gələcəkdə də genişlənməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulandı.

bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlis "bp-Azərbaycan" şirkətinin vəzifəsini başa vurmuş rəhbəri Bill Şreyderin yerinə Rəşid Cavanşirin təyin olunduğunu bildirərək, bu təyinatın azərbaycanlı kadrların bp-nin fəaliyyətində yaxından iştirakının yaxşı nümunəsi olduğunu dedi.

Dövlətimizin başçısı Bill Şreyderin ölkəmizlə bp arasında əməkdaşlığın genişlənməsindəki xidmətlərini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev azərbaycanlı kadrın "bp-Azərbaycan" şirkətinin prezidenti vəzifəsinə təyin olunmasını Azərbaycan ilə bp arasında səmərəli əməkdaşlıq əlaqələrinin təzahürü kimi qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 avqust.- S.1.