Naxçıvanı daha uğurlu perspektivlər gözləyir

 

Öz qədim abidələri, korifey sənətkarları, fədakar əmək adamları, istedadlı gəncləri ilə öyünən Naxçıvan torpağını əbəs yerə "Şərqin qapısı" adlandırmırlar. Bu diyar tarixən Azərbaycanın barlı-bərəkətli, min bir nemətli məmləkəti kimi tanınıb. Xalqımızı əbədi yaşadacaq ənənələrin, tarixi memarlıq incilərinin, daş salnamələrin qorunub saxlandığı ulu səltənətin yeni, parlaq həyatı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı ildə dahi şəxsiyyətin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O ağır, çətin anlarda Heydər Əliyevin siyasi cəsarəti və uzaqgörənliyi nəticəsində qəbul edilmiş müdrik qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 85 illiyi ilə bağlı yubiley şənliklərində iştirak etməsi, bu qədim diyarın iqtisadi və müdafiə qüdrətinin artırılması sahəsində atılan addımlarla yaxından maraqlanması, yeni sənaye müəssisələrinin, mədəni və sosial obyektlərin açılış tədbirlərinə qatılması Naxçıvanın daha xoş gələcəyinə, inkişafına, abadlaşdırılmasına və gözəlləşdirilməsinə mühüm stimul verir. Müşahidəçilər və analitiklər səfərin bir sıra məqamlarına toxunarkən Prezident İlham Əliyevin Naxçıvanın inkişafı ilə bağlı Heydər Əliyev strategiyasına yeni uğurlu çalarlar əlavə etdiyini konkret faktlarla açıqlayır, hərtərəfli şərh edirlər. Naxçıvan Muxtar Respublikasının 85-ci ildönümünün ulu öndər Heydər Əliyevin adını daşıyan yeni, möhtəşəm sarayda qeyd edilməsinin özü də rəmzi məna daşıyırdı.

Prezident İlham Əliyevin Naxçıvanda olarkən yeni Doğum Mərkəzinin, Şərur Olimpiya Kompleksinin, Şahmat Məktəbinin, "Badamlı" Mineral Sular Zavodunun, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etməsi muxtar respublika sakinlərinin ürəyindən oldu. Ölkə başçısı ilə görüşlərdə söylənilən fikirlər, səslənən təklif və mülahizələr bu yerlərin yaxın gələcəkdə tanınmaz dərəcədə dəyişəcəyindən, yeni sosial obyektlərin, müasir infrastrukturun, sənaye müəssisələri və tikintilərin hesabına çox önəmli ixrac potensialının yaradılacağından xəbər verir.

Son illlər Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsi də sürətlə inkişaf edir. Yeni emal müəssisələri istifadəyə verilib. Vayxır Su-Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi Naxçıvanın enerji potensialını xeyli gücləndirib. Burada yaradılan dəryaça muxtar respublikada suvarma problemlərini, demək olar ki, tamamilə həll edib. Naxçıvanda qazlaşdırma prosesi tamamilə başa çatıb. Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi barədə konkret qərarlar qəbul edilmişdir. Burada tikiləcək böyük həcmli qaz anbarları qış aylarında muxtar respublikanı dayanıqlı qazla təmin etməyə imkan yaradacaq.

Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə geniş nitq söyləyən Prezident İlham Əliyev bildirib ki, Naxçıvanın güclü olması Azərbaycanın güclü olması deməkdir. "Naxçıvan strateji ərazidə yerləşir. Naxçıvanın çox böyük siyasi və strateji əhəmiyyəti vardır. Azərbaycanın müstəqilliyinin əldə edilməsində Naxçıvanın və naxçıvanlıların çox böyük əməyi olmuşdur. Mən əminəm ki, həmişə olduğu kimi, naxçıvanlılar bundan sonra da Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi işində, Azərbaycanın müasir dövlət kimi inkişaf etməsi işində öz sözlərini deyəcəklər və dəyərli töhfələrini verəcəklər".

Bəli, bu gün görülən bütün işlər, həyata keçirilən radikal islahatlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir. Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır. Şəhər də xeyli gözəlləşib. Burada yeni binalar tikilib, qədim imarətlər təmir edilib, geniş yaşıllıqlar salınıb. Hər bir naxçıvanlı əldə edilmiş uğurlarla haqlı olaraq fəxr edir. Muxtar respublikanın 85 illik yubileyi münasibətilə keçirilən şənliklərdə iştirak edən yerli və xarici qonaqlar da Naxçıvanda quruculuq işlərinin əyani şahidi oldular.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2009.- 7 avqust.- S. 1.