Azərbaycan-Latviya münasibətləri bütün sahələrdə inkişaf edir

 

Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətini dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrin ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirilməsi təşkil edir. Ölkə başçısının son 6 ildə milli məqsədlərə çatmaq naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Uğurla aparılan xarici siyasət kursu nəticəsində Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Dünyanın nüfuzlu təşkilatları və dövlətləri ilə əməkdaşlığın getdikcə möhkəmlənməsi ölkəmizin beynəlxalq əlaqələrində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

Azərbaycan Respublikası regionun tərəqqisinə və inkişafına xidmət edən bir sıra qlobal enerji və kommunikasiya layihələrini reallaşdırmaqla tərəfdaş dövlətlərin etibarını qazanmışdır. Azərbaycan bu layihələrin lokomotivi qismində regionda sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək lider dövlətə çevrilmişdir. Ölkəmiz iqtisadi sahədə bölgənin əsas güc mərkəzi sayılır. Ölkə iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində sənaye sahəsində mühüm uğurlar əldə olunmuşdur. Neft və qaz hasilatı sənayesində birgə fəaliyyətlə bağlı dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanan müqavilələr bu sahənin sürətli inkişafına təkan vermişdir.

Azərbaycanın iqtisadi, siyasi, mədəni və digər sahələrdə davamlı inkişafı ölkəmizlə əməkdaşlq etmək istəyən dövlətlərin sayının ilbəil artmasına gətirib çıxarmışdır. Ölkəmizlə əməkdaşlığa böyük maraq göstərən dövlətlərdən biri də Latviyadır.

Azərbaycan və Latviya respublikaları arasında diplomatik münasibətlərin əsası 11 yanvar 1994-cü ildə qoyulmuşdur. 2005-ci ildə Bakı və Riqa şəhərlərində qarşılıqlı surətdə hər iki ölkənin səfirlikləri fəaliyyətə başlamışdır. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan vermişdir. Yüksək səviyyəli rəsmi səfərlər, aparılmış danışıqlar, imzalanmış ikitərəfli sənədlər və əldə olunmuş nəticələr iki ölkə arasında möhkəm siyasi əlaqələrin yaradıldığını nümayiş etdirir.

2005-2006-cı illərdə Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi əlaqələrin hüquqi bazasının təkmilləşdirilməsinə, ticarət əlaqələrinin inkişafı sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. İqtisadi sahəni əhatə edən bir sıra sazişlər, o cümlədən "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" saziş, "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın imzalanması iqtisadi əlaqələrin inkişafına güclü təkan vermişdir. Bundan əlavə, "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişlərin imzalanması iqtisadi münasibətlərin daha da genişləndirilməsinə münbit şərait yaratmışdır.

Prezident İlham Əliyevin 3-5 oktyabr 2006-cı ildə Latviya Respublikasına dövlət səfəri və imzalanan mühüm sənədlər iki ölkə arasında iqtisadi əlaqələrin yeni mərhələdə inkişafına müsbət təsir göstərdi. Azərbaycan Prezidentinin bu ölkəyə səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında Hava əlaqələri haqqında" saziş, iki ölkə rəhbərləri arasında Birgə Bəyannamənin imzalanması iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlığın möhkəmlənməsinə güclü təkan verdi.

2007-ci ilin mayında Valdis Zatlersin Latviya Respublikasının Prezidenti seçilməsindən sonra Azərbaycan və Latviya respublikaları arasında əlaqələr yeni mərhələyə daxil olaraq yüksələn xətt üzrə inkişaf etməyə başladı. Həmin ilin mart ayında Bakıda Azərbaycan və Latviya respublikaları arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirildi və yekun protokol imzalandı.

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il yanvarın 30-da Davosda Dünya İqtisadi Forumunun "Enerji Qutbook-2009" mövzusunda keçirilən toplantısı çərçivəsində Latviya Prezidenti Valdis Zatlers ilə görüş keçirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdilər. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə genişlənməsindən məmnunluq ifadə olunmuş, qarşılıqlı əlaqələrin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa öz töhfəsini verəcəyi qeyd edilmişdir.

Azərbaycan Latviya ilə Avropa Şurası, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı və "Fərdi tərəfdaşlıq üzrə Əməliyyat Planı" çərçivəsində də sıx əməkdaşlıq edir. Ölkəmizin Avratlantik strukturlara inteqrasiyası prosesində yeni mərhələ olan "Daha geniş Avropa: yeni qonşuluq" siyasəti təşəbbüsünə daxil edilməsinə bu dövlət də dəstək vermiş və hazırda da Azərbaycan Respublikasının Fəaliyyət Planını dəstəkləyir.

Latviya Avropa İttifaqı ölkələrinə alternativ qaz tədarükünü nəzərdə tutan "Nabukko" layihəsini dəstəkləyir. İyulun 13-də Türkiyə, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriya arasında imzalanan "Nabukko" qaz kəmərinin inşası haqqında müqavilə "Nabukko" layihəsinin müsbət inkişafına təsir göstərəcəkdir. Latviya layihədə iştirak etməsə də, Avropa İttifaqı ölkəsi kimi Azərbaycanın mövqeyini daim müdafiə edir.

Latviya Prezidenti Valdis Zatlers ölkəmizə səfəri öncəsi "Trend" agentliyinə verdiyi müsahibədə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə bildirmişdi: "Latviya və Azərbaycan arasında münasibətlər əladır. Bundan əlavə, Prezident İlham Əliyevi dostum hesab edirəm. Latviya və Azərbaycanın ümumi dəyərləri var ki, bu da Azərbaycanın Avropa İttifaqı və NATO ilə daha sıx əməkdaşlıq səylərində özünü göstərir. Son on il ərzində baş vermiş hadisələrin inkişafı Azərbaycanın Cənubi Qafqaz regionunda aparıcı ölkələrdən biri olduğunu təsdiqləyir.

Hətta qlobal maliyyə böhranı dövründə də Latviya və Azərbaycan arasındakı iqtisadi münasibətlər inkişaf edir. 2008-ci ildə Latviyadan Azərbaycana ixrac iki dəfə, bu ölkənin Azərbaycandan idxalı isə 30 faiz artıb və ilbəil artır. Dünya iqtisadiyyatındakı çətin vəziyyət sahibkarları biznesdə yeni ideyalar, tərəfdaşlar və bazar axtarışlarına sövq edir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın istifadə olunmayan potensialı latviyalı sahibkarlara Azərbaycanda özləri üçün yeni imkanlar yaratmağa imkan verdi. Beləliklə, Latviyanın Azərbaycan ilə iqtisadi münasibətlərin gələcək inkişafına böyük marağı var. Azərbaycana səfərim zamanı məni biznes nümayəndə heyəti müşayiət edəcək".

Azərbaycan və Latviya respublikaları arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensial var. Latviya Prezidentinin ölkəmizə səfəri bu münasibətlərin inkişafına mühüm töhfə olacaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 7 avqust.- S. 3.