Rumıniyalı qonaqlar Heydər
Əliyev Fondunda olmuşlar
Azərbaycana
işgüzar səfərə gələn Rumıniyanın
paytaxtı Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay
Ontsyanunun başçılıq etdiyi nümayəndə heyəti
avqustun 6-də Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara ulu öndər
Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq
yaradılmış fondun məqsədləri, çoxşaxəli
fəaliyyəti, ulu öndərin şəxsi arxivindən
götürülmüş eksponatlar haqqında ətraflı
məlumat verilmişdir.
Ümummilli liderin orta və
ali məktəbləri əla qiymətlərlə bitirməsi
barədə attestatı və diplomu, əla təhsilə və
nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi
müxtəlif kollektivlərdə yalnız müsbət
keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri,
keçmiş SSRİ-nin müxtəlif guşələrində,
respublikamızın ayrı-ayrı şəhər və
rayonlarında keçirilən tədbirlərdə çəkilmiş
yadigar fotoşəkilləri, iş otağındakı əşyalar
şərəfli ömrün salnaməsini xatirələrdə
bir daha canlandırmışdır.
Nümayəndə heyətinin
üzvləri Heydər Əliyevin həyatının ən
müxtəlif məqamlarını əks etdirən və Azərbaycan
tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür
yaradan çoxlu sənədlərlə, dünyanın
tanınmış siyasi xadimlərinin bəxş etdikləri
hədiyyələrlə, ulu öndər haqqında kitablarla,
nüfuzlu elm, mədəniyyət və incəsənət
xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu
haqqında fikirləri ilə tanış olmuş,
ayrı-ayrı ölkələrin liderləri ilə
görüşlərdə çəkilmiş şəkillərə
maraqla baxmışlar.
Qonaqlar ulu öndərin
Azərbaycanda hüquqi, demokratik dövlət və ordu
quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər
barədə məlumatı diqqətlə dinləmiş,
fondla tanışlıqdan zəngin təəssüratla
ayrılmışlar.
Azərbaycan.- 2009.- 7 avqust.- S. 2.