M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir

 

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru professor Nərgiz Paşayeva bu nüfuzlu ali məktəbə qəbul olunan tələbələrlə görüşmüşdür.

Tələbələr qarşısında çıxış edən rektor Bakı filialında təhsilin universitetin statusu səviyyəsində olacağını diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, 98 nəfər bu nüfuzlu təhsil ocağının tələbəsi adına layiq görülmüşdür. Bu ildən MDU-nun Bakı filialında filologiya, kimya, riyaziyyat fakültələri ilə yanaşı, psixologiya fakültəsi də fəaliyyət göstərəcəkdir.

Rektor Nərgiz Paşayeva tələbələri təbrik edərək bu günün onların həyatında ən əlamətdar hadisələrdən biri olduğunu vurğulamışdır. N.Paşayeva qeyd etmişdir ki, tələbə adını qazanan gənclər elm sahəsində çətin və şərəfli yola qədəm qoyurlar. Universitet tələbələrinin qarşısında duran başlıca vəzifə biliklərin əsaslarına mükəmməl yiyələnmək, gələcəyin layiqli mütəxəssisləri olmaqdır.

Müsabiqənin asan keçmədiyini deyən Bakı filialının rektoru, abituriyentlərin Moskvadan gələn müəllim-professor heyəti qarşısında biliklərini yüksək səviyyədə nümayiş etdirdiklərini və sınaqdan uğurla çıxdıqlarını söyləmişdir. M.V.Lomonosov adına universitetin tələbəsi adını daşımağın şərəfli və məsuliyyətli olduğunu deyən rektor imtahanları qəbul edən Moskva komissiyasının üzvlərinə minnətdarlığını bildirmişdir.

Qəbul komissiyasının üzvləri də azərbaycanlı tələbələrin çətin sınaqlardan uğurla çıxdıqlarını bildirmişlər.

Tələbələrlə görüş universitetin himninin səsləndirilməsi ilə başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 avqust.- S. 5.