Tibb elminin görkəmli
şəxsiyyəti
Dünya şöhrətli
uroloq-cərrah, Dövlət mükafatları laureatı,
AMEA-nın akademiki, Rusiya Tibb Elmləri Akademiyasının
müxbir üzvü, Beynəlxalq və Avropa Uroloqlar Cəmiyyətinin
həqiqi üzvü Mirməmməd Cavad oğlu Cavadzadənin
dünyasını dəyişməsindən bir il
ötür. Xalqımızın daim qürur və iftixarla
xatırladığı M.Cavadzadənin Azərbaycanda urologiya
və operativ nefrologiyanın inkişafında misilsiz xidmətləri
olmuşdur.
Akademik M.Cavadzadə 18
may 1927-ci ildə Lənkəran şəhərində
doğulmuşdu. 1943-1948-ci illərdə Azərbaycan Tibb
İnstitutunda təhsil almış, 1951-ci ilə kimi Lənkəran
rayonlararası xəstəxananın baş həkimi və cərrah
vəzifələrində çalışmışdır. 1951-ci
ildən İ.Piroqov adına Moskva Tibb İnstitutunun Urologiya
kafedrasına aspirant qəbul olunmuş, 1954-cü ildə namizədlik
dissertasiyasını müdafiə etmiş, 1954-1957-ci illərdə
Krım Tibb İnstitutunun cərrahiyyə kafedrasında
çalışmış və həmin vilayətin baş
uroloqu təyin edilmişdi. 1957-ci ildə İ.Piroqov adına
II Moskva Tibb İnstitutunun Urologiya kafedrasına dəvət
almış və 1962-ci ilə qədər orada fəaliyyət
göstərmişdir. 1962-ci ildə doktorluq
dissertasiyasını müdafiə etmiş və 1963-cü
ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Urologiya
kafedrasının müdiri seçilmişdir. Tanınmış
cərrah çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın
tibb elminə böyük töhfələr vermiş, urologiya
və operativ nefrologiya sahələrində misilsiz uğurlar
qazanmışdır.
O, keçən əsrin
50-ci illərində anesteziologiya probleminə xüsusi diqqət
yetirmiş, urologiyanın inkişafını
anesteziologiya-reanimatologiya ilə əlaqələndirərək
bu sahədə elmi-tədqiqat işlərinin
aparılmasını önəmli hesab etmişdi.
M.Cavadzadə prostat vəzisi
və sidik kisəsində cərrahi əməliyyat zamanı
çanaq sümükdaxili anesteziya tətbiq etmişdir. Alim
uroloji əməliyyat vaxtı ümumi
ağrısızlaşdırma məsələlərinin həllinə
çox ciddi yanaşırdı. Çoxsaylı
axtarışlardan sonra cərrah belə nəticəyə gəlmişdi
ki, uroloji əməliyyatların geniş spektrinə daimi
seçilmiş anestezioloji təminatın olması
mümkün deyil. Bununla əlaqədar sonralar "Böyrək
polikistozlu xəstələrdə cərrahi əməliyyat
zamanı ağrısızlaşdırma" adlı elmi əsərini
çap etdirmişdir.
1960-cı illərdə
M.Cavadzadənin təşəbbüsü və rəhbərliyi
ilə ilk dəfə Bakıda Respublika Klinik Uroloji Xəstəxana
açılmışdır. Alim cərrahiyyə əməliyyatında
xəstənin təhlükəsizliyini təmin edən
anesteziologiya-reanimatologiyanın yeni üsulları və xeyli
iqtisadi səmərə verən autohemotransfuziya ilə
bağlı ideyalarını həmin uroloji xəstəxanada
uğurla həyata keçirmişdir.
Orqanların
köçürülməsi təbabətin ən öndə
olan problemlərindən biri idi. Dünyanın qabaqcıl təcrübələrinə
yiyələnən M.Cavadzadə tibb elminin bu sahəsini də
fəth etmişdir. O, 1971-ci ildə Zaqafqaziyada ilk dəfə
böyrəkköçürmə əməliyyatını
həyata keçirmiş və bundan sonra bu iş Respublika
Klinik Uroloji Xəstəxanasında yüksək səviyyədə
davam etdirilmişdir.
Böyrək
çatışmazlığı, onun patogenezi, kəskinləşməsi,
konservativ və fəal müalicəsi məsələləri
müasir nefrologiyanın qlobal problemlərindən biri idi. Təkcə
onu demək kifayətdir ki, keçmiş sovetlər
dövründə hemodializin birinci seansı ilk dəfə
olaraq M.Cavadzadənin iştirakı ilə
aparılmışdır. O, uroloji xəstəxananı
yaradarkən hemodializ şöbəsinin açılması
problemini qoymuş və buna nail olmuşdur. Alim 1969-cu ildə
respublikada ilk radionuklid diaqnostikası şöbəsini
yaratmış, eyni zamanda mühüm əhəmiyyətə
malik radioizotop laboratoriyasını müasir aparatlarla təmin
etmişdir.
Akademik M.Cavadzadənin başçılığı
altında keçmiş İttifaqda ilk dəfə olaraq
uroloji xəstəxananın nəzdində
ixtisaslaşdırılmış tibbi-genetik bölmə fəaliyyətə
başlamışdır. Tibb sahəsində qazanılan bu
kimi nailiyyətlər nəticəsində dünyada məşhur
olan Azərbaycan uroloq və nefroloqlar məktəbi
yaradılmışdır. M.Cavadzadənin bilavasitə rəhbərliyi
altında həmin sahələr üzrə 72 elmlər namizədi
və 17 elmlər doktoru hazırlanmışdır.
M.Cavadzadə tərəfindən
uşaqlarda anadangəlmə hidronefrozlu xəstəliklərin
müalicəsinin taktika və diaqnostikası, operativ
müdaxilə və əməliyyatdan sonrakı vəziyyəti
yüksək səviyyədə işlənmişdir.
Alimin diqqətini çəkən
ən vacib sahələrdən biri də uşaq urologiyası
olmuşdur. Təsadüfi deyil ki, keçmiş İttifaqda
ilk ixtisaslaşdırılmış uşaq urologiyası
şöbəsi məhz M.Cavadzadənin klinikasında
yaradılmışdır. Ölkəmizdə ilk dəfə
alim tərəfindən uşaqlarda sidikliyin neyrogen
disfunksiyasının kompleks müayinəsi, rekonstruktiv plastik əməliyyatlar,
operativ texnikanın təkmilləşdirilməsi ilə
modifikasiyaları təklif olunmuşdur. Uronefrologiya sahəsində
angioqrafik, radioimmunoloji tədqiqat metodlarının,
tibbi-genetik müayinələrin tətbiqi də ilk dəfə
məhz onun tərəfindən aparılmışdır. Onun
təşəbbüsü və rəhbərliyi altında
RKUX-da litotupsiya və endocərrahiyyə şöbələri
yaradılmış və müasir cihazlarla təmin
edilmişdir.
Urologiyanın
bütün bölmələrini əhatə edən
yaradıcılıq axtarışlarının genişliyi,
uzaqgörənlik, aparılan tədqiqatların
aktuallığı, ciddilik və məsuliyyət M.Cavadzadənin
elmi fəaliyyətinin əsas istiqamətlərindən idi. Onun
elmi işləri urologiya və nefrologiya sahəsində
çalışan həkimlərin gündəlik fəaliyyətinin
istiqamətvericisi olmuşdur. Uroloq endocərrahiyyə və
rentgen-radionuklid laboratoriya, hemodializ və böyrək
köçürülməsi, anesteziologiya və intensiv
terapiya, litotrupsiya, uşaq uronefroloji şöbələrini,
urodinamik laboratoriya, tibbi genetik məsləhətxana təşkil
etmişdir.
Cavadzadənin gərgin əməyi
sayəsində bütün elmi-klinik bölmələr,
aparılan elmi-tədqiqat işləri, xəstələrə
göstərilən müasir müalicə xidmətləri qabaqcıl
uroloji klinikalar səviyyəsinə çatmışdır. Yeni
tədqiqatların nəticələri klinik praktikada tətbiq
edilir, namizədlik, doktorluq dissertasiyalarının mövzusuna
çevrilirdi.
Akademik M.Cavadzadənin dərin
elmi axtarışları və məhsuldar fəaliyyəti sayəsində
bir-birinin ardınca çap edilən, müxtəlif
formalı böyrək anomaliyasının embriogenezi, klinik
gedişi, diaqnostikası və müalicəsinə həsr
olunmuş, "Böyrək anomaliyalarının cərrahiyyəsi"
və ingilis dilində nəşr edilən "Böyrəklərin
və sidik kisəsi anomaliyalarının cərrahiyyəsi"
monoqrafiyaları dərin elmi tutumu ilə yanaşı, həm
də praktik baxımdan müəllifinə böyük
şöhrət qazandırmışdır.
Alim 1982-ci ildə
"Anadangəlmə böyrək və sidik yolları
orqanlarının anomaliyalarının müalicəsində
diaqnostik və orijinal rekonstruktiv əməliyyatların
müasir üsullarla kliniki təcrübədə işlənilməsi
və tətbiqi" işinə görə SSRİ Dövlət
mükafatı laureatı adına layiq
görülmüşdür.
Akademik M.Cavadzadə
1975-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi
ilə Ə.Əiyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun rektoru təyin
edilmişdir. Bununla institutun bütün sahələrində
dəyişikliklərlə müşayiət olunan yeni
dövr başlanmışdır. Həmin illərdə
akademik M.Cavadzadə bütün səy və
bacarığını institutun sosial və maddi-texniki
bazasının möhkəmləndirilməsinə, elmi və
elmi-pedaqoji kadrlarla təminatına, yeni həkimlər nəslinin
daha da təkmilləşdirilməsinə, professor-müəllim
heyətinin yaradıcılıq fəaliyyəti
üçün şəraitin yaradılmasına,
istedadlı gənc kadrların bacarıqlarının üzə
çıxarılmasına sərf etmişdir. Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun onlarca gənc müəllimi alimin təşəbbüsü
və ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə
Moskva, Sankt-Peterburq və digər elmi mərkəzlərin
doktorantura və aspiranturasına göndərilmişlər. Hazırda
institutun kafedra müdirlərinin və professor-müəllim
heyətinin əsas hissəsini həmin alimlər təşkil
edir.
M.Cavadzadənin gərgin
əməyi sayəsində qısa müddətdə institut
keçmiş sovetlər miqyasında ən qabaqcıl və
aparıcı mövqeyə çıxmışdı. Onun rəhbərliyi
altında bütün kafedraların fəaliyyəti güclənmiş,
yeni kafedra və laboratoriyalar yaradılmışdır. Akademikin
təşəbbüsü ilə Anesteziologiya və
reanimatologiya kafedrasının açılması respublikada
bu sahənin sonrakı inkişafına təkan vermişdir. Kafedrada
aparılan elmi və pedaqoji işlər ölkədə
anesteziologiya xidmətinin keyfiyyətinin yüksəlməsinə
böyük təsir göstərmişdir.
Dünya şöhrətli
uroloq-alim institutda elmi-pedaqoji kadrların hazırlanmasına
son dərəcə həssas yanaşırdı. Akademikin 34
ildən yuxarı rektorluq fəaliyyəti dövründə
51 elmlər doktoru və 152 elmlər namizədi
hazırlanmışdır. Bunun nəticəsi olaraq institutun
professor-müəllim heyətinin bir çoxu Azərbaycanın,
Rusiyanın və digər xarici ölkələrin elmlər
akademiyalarının həqiqi, müxbir və fəxri
üzvüdür, bir çoxu əməkdar elm xadimi, əməkdar
həkim və müəllimidir.
Alim 34 monoqrafiya və dərs
vəsaitinin, 16 elmi-tədris filmi və 700-dən artıq elmi
məqalənin müəllifidir.
M.Cavadzadə
bacarıqlı uroloq-cərrah olmaqla yanaşı, yüksək
insani keyfiyyətləri ilə də fərqlənirdi. Akademikin
misilsiz xidmətləri dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmişdir. O, 1997-ci ildə
"Şöhrət", 2007-ci ildə isə
"İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Alim həyatının
son gününə qədər Respublika Kliniki Uroloji Xəstəxananın
və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun yenidən qurulması və təkmilləşdirilməsi
istiqamətində yorulmadan çalışmışdır.
Artıq bir ildir ki,
dünya şöhrətli uroloq-cərrah M.Cavadzadə
aramızda yoxdur. Lakin onun mənalı, zəngin həyat və
fəaliyyəti gələcək nəsillər
üçün örnəkdir.
S.KƏRİMOV,
Ə.Əliyev adına ADHTİ-nin rektoru,
tibb elmləri doktoru
Azərbaycan.- 2009.- 7 avqust.- S. 5.