Nizamnamə kapitalında
dövlətə məxsus səhmlər olan bankların və
bank olmayan kredit təşkilatlarının idarə edilməsini
təkmilləşdirmək məqsədilə qərara
alıram:
1. Nizamnamə
kapitalında dövlətə məxsus səhmlər olan
banklarda və bank olmayan kredit təşkilatlarında (bundan
sonra kredit təşkilatı) həmin səhmlərin imkan
verdiyi dərəcədə ümumi
yığıncağın səlahiyyətlərinə aid
edilmiş məsələlərin həll edilməsində
dövlətin adından iştirak etmə hüququ
aşağıdakı dövlət orqanlarına həvalə
edilsin:
1.1. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə:
1.1.1. kredit təşkilatının
Müşahidə Şurasının və Audit Komitəsinin
(Təftiş Komissiyasının) üzvlərinin seçilməsi
və onların səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi;
1.1.2. kredit təşkilatının
icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi;
1.1.3. kredit təşkilatının
illik hesabatlarının, mühasibat balanslarının, mənfəət
və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin
və zərərinin bölüşdürülməsi;
1.1.4. kredit təşkilatının
xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) bağlanmasına razılıq verilməsi;
1.1.5. kredit təşkilatının
reqlamentinin qəbul edilməsi və reqlamentə əlavə
və dəyişikliklərin edilməsi;
1.1.6. kredit təşkilatının
faiz dərəcələri, aktivlərin yerləşdirilməsi
və kateqoriyaları barəsində siyasətinin, habelə
bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətinin
müəyyənləşdirilməsi;
1.1.7. növbəti və
tələb olunduğu hallarda növbədənkənar
auditin keçirilməsi barədə qərarın qəbul edilməsi
və bu məqsədlə kənar auditorun təyin edilməsi;
1.1.8. kredit təşkilatının
büdcəsinin qəbul və təsdiq edilməsi;
1.1.9. kredit təşkilatının
inzibatçılarının işə götürülməsi
müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi;
1.1.10. Müşahidə
Şurası üzvlərinin səlahiyyətləri istisna
olmaqla, kredit təşkilatının
inzibatçılarının kredit təşkilatı
adından və kredit təşkilatı hesabına öhdəliklər
qəbul etmək səlahiyyətlərinin və həmin səlahiyyətlərin
kredit təşkilatının digər əməkdaşlarına
verilməsi hüququnun hədlərinin müəyyənləşdirilməsi;
1.1.11. kredit təşkilatı
inzibatçılarının kommersiya maraqlarının
açıqlaması haqqında qaydaların və həmin
qaydalara dəyişiklik və əlavələrin qəbul
edilməsi;
1.1.12. kredit təşkilatının
səhmlərinin buraxılması müddətlərinin və
şərtlərinin müəyyənləşdirilməsi,
habelə mühüm iştirak payının əldə edilməsinə
razılıq verilməsi;
1.1.13. kredit təşkilatının
kənar auditor tərəfindən təsdiqlənmiş və
Audit Komitəsi tərəfindən tövsiyə edilmiş
illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə
xalis mənfəət hesabına ehtiyatların
yaradılması və dividendlərin ödənilməsi barədə
qərarın qəbul edilməsi.
1.2. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə:
1.2.1. Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin təklifi əsasında kredit
təşkilatının Nizamnaməsinin təsdiq edilməsi,
nizamnamə kapitalının miqdarının müəyyən
edilməsi;
1.2.2. Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin təklifi əsasında
kredit təşkilatının nümayəndəlik və
filiallarının yaradılması və ya ləğv edilməsi,
tabeliyində olan hüquqi şəxs statuslu qurumların
yaradılması, yenidən təşkili və ya ləğv
edilməsi;
1.2.3. bu fərmanla
müəyyən edilmiş səlahiyyətlər istisna
olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə ümumi yığıncağın səlahiyyətlərinə
aid edilmiş digər məsələlərin Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi ilə
razılaşdırmaqla həll edilməsi.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə
tapşırılsın ki, bu fərmanın 1.1-ci bəndində
göstərilən məsələlərin həllində
iştirak edərək nizamnamə kapitalında dövlətə
məxsus səhmlər olan kredit təşkilatlarının səmərəli
idarə edilməsi ilə bağlı müvafiq tədbirlər
görsün və bu barədə ildə bir dəfə Azərbaycan
Respublikası Prezidentinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 8 avqust.- S. 1.