Naxçıvan iqtisadi inkişaf
və tərəqqi yolundadır
Prezident İlham Əliyevin
Naxçıvan Muxtar Respublikasına səfəri göstərdi
ki, ölkəmizin bütün bölgələrində
olduğu kimi, bu qədim diyarda da son illər tikinti-quruculuq və
abadlıq işləri geniş vüsət almış,
muxtar respublikada dinamik inkişafa nail olunmuşdur. İnsanların
sosial həyat tərzi yaxşılaşmış, yüzlərlə
yeni iş yeri açılmış, ictimai və sosial obyektlər
tikilmiş, müasir standartlara cavab verən fabrik, sex və
digər istehsal sahələri yaradılmışdır. Bugünlərdə
Naxçıvanda dövlət başçısının
xeyir-duası ilə açılan yeni sosial obyektlər bu
fikirlərin bariz nümunəsidir. Naxçıvan şəhərində
Heydər Əliyev Sarayının əsaslı şəkildə
yenidən qurulması, Şahmat Mərkəzinin istifadəyə
verilməsi, "Badamlı" Mineral Sular Zavodunun işə
salınması, Naxçıvan-Sədərək avtomobil
yolunun, Şərurda Olimpiya-İdman Kompleksinin, Şahbuz Rayon
Mərkəzi Xəstəxanasının yeni binasının
açılışı Prezident İlham Əliyevin Azərbaycanın
bütün regionlarında olduğu kimi, muxtar respublikada da
sosial-iqtisadi sahələrə ciddi qayğı göstərdiyini,
əhalinin həyat səviyyəsinin və maddi durumunun daha da
yaxşılaşdırılması istiqamətində
görülən işlərə diqqət yetirdiyinin
canlı şahidi olduq.
Azərbaycan Prezidenti
yeni obyektlərin açılışında və ictimaiyyətlə
görüşlərində vurğuladı ki, bundan sonra
muxtar respublikanın daha da inkişaf etdirilməsi, sosial-siyasi
və iqtisadi sahələrdə yeni uğurlar qazanması,
habelə müdafiə qüdrətini artırmaq
üçün lazımi tədbirlər görüləcəkdir.
Dövlət başçısının son 5 il ərzində
dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfər
etməsi, həmin səfərlər, zamanı verdiyi
tapşırıq və tövsiyələr,
apardığı müzakirələr, irəli
sürdüyü ideyalar bu qədim diyarın yeni yüksəlişinin
əsas strategiyasını müəyyən etmişdir:
"Azərbaycan qədim diyardır. Naxçıvanın
çox qədim tarixi var. 3500 il bundan əvvəl insanlar
burada yaşamış və yaratmışlar. Eyni zamanda,
Naxçıvanın çox zəngin dövlətçilik
tarixi vardır. Bütün dövrlərdə Naxçıvan
Azərbaycan üçün dayaq olmuş, arxa olmuşdur. Naxçıvan
Azərbaycana böyük mütəfəkkirlər, elm, incəsənət,
mədəniyyət xadimləri, siyasi xadimlər, böyük
sərkərdələr bəxş etmişdir. Naxçıvan
Azərbaycana və dünyaya xalqımızın ümummilli
lideri Heydər Əliyevi bəxş etmişdir".
Naxçıvan Muxtar
Respublikasında son illər aparılan genişmiqyaslı
quruculuq işləri zamanı dövlət büdcəsi
hesabına və Heydər Əliyev Fondunun xətti ilə 31
min 692 yerlik 82 məktəb binası tikilib istifadəyə
verilmiş, yaxud əsaslı şəkildə yenidən qurulmuşdur.
Məktəblərin hamısı müasir avadanlıqlarla,
kompüter texnologiyası ilə təmin edilmişdir.
Yaxın illərdə açılmış
Diaqnostika-Müalicə Mərkəzi isə nəinki
Naxçıvan Muxtar Respublikasında, eyni zamanda, ətraf
bölgələrdə analoqu olmayan tibb müəssisəsinə
çevrilib. Son 5 il ərzində muxtar respublika üzrə 35
min 740 yeni iş yeri açılıb. Bunun 63,8 faizi daimidir.
Muxtar respublikanın 85 illiyinə həsr olunmuş təntənəli
mərasimdə Ali Məclisin Sədri Vasif Talıbov
çıxış edərək bu qədim diyarın son
beş ildə keçdiyi inkişaf yolundan ətraflı
danışmış, burada inkişafın dövlətimizin
başçısının qayğısının nəticəsi
olduğunu diqqətə çatdıraraq demişdir ki,
ölkə Prezidentinin Naxçıvana etdiyi səfərlər
zamanı 40-dan çox mühüm əhəmiyyətli
obyektin istifadəyə verilməsi, uzun fasilədən sonra
muxtar respublikaya təbii qazın nəqlinin bərpa
olunması muxtar respublikanın inkişafına göstərilən
dövlət qayğısının bariz nümunəsidir. Muxtar
respublikada əsas iqtisadi göstərici olan ümumi daxili məhsul
istehsalının ötən beş il ərzində həcmi
3,5 dəfədən çox artaraq 232 milyon manatdan 776 milyon
manata çatmışdır.
Adambaşına
düşən ÜDM-in həcmi isə 637 ABŞ
dollarından 2 min 500 ABŞ dollarına çataraq dörd dəfə
artmış, büdcənin həcmi bu dövrdə 48 milyon
manatdan 5,7 dəfə artaraq 273 milyon manat olmuşdur. İqtisadiyyatın
inkişafı muxtar respublikanın xarici iqtisadi əlaqələrinin
də artmasına səbəb olmuşdur.
Ötən beş il ərzində muxtar respublikada yeni emal və istehsal müəssisələrinin yaradılması sənayenin inkişafında nəzərəçarpacaq dönüş yaratmışdır. Belə ki, 2004-cü illə müqayisədə 2008-ci ildə sənaye məhsulu istehsalının həcmi 26 milyon manatdan 164 milyon manata çataraq altı dəfə artmışdır. Təkcə 2009-cu ilin altı ayı ərzində muxtar respublikada 122 milyon 181 min manatlıq sənaye məhsulu istehsal olunub. Ötən dövr ərzində dövlət dəstəyi ilə 32 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Onların arasında cem istehsalı sahəsi, ərzaq məhsulları terminalı, gücü ildə 3 milyon litr olan pivə zavodu, plastik qapı-pəncərə, elastik boru, tikiş müəssisələri və digər obyektlər var. Məhsul istehsalının artımına birbaşa təsir göstərən amillərdən biri də özəl bölmənin inkişaf etdirilməsidir. Əgər 2004-cü ildə muxtar respublikada sahibkarlara üç milyon manata yaxın kredit verilmişdirsə, cari ildə maliyyə dəstəyinin həcmi 6 dəfə artırılaraq 19 milyon manata yaxın olmuşdur. Bunun nəticəsidir ki, 2004-2009-cu illər ərzində muxtar respublikada 184 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. İndi Naxçıvan Muxtar Respublikasında 87 növdə ərzaq, 148 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə 235 növdə məhsula olan tələbat daxili imkanlar hesabına ödənilir. Son beş ildə muxtar respublikaya qoyulan investisiyaların həcmi də artmışdır. Çoxsaylı təhsil, səhiyyə və digər sosial obyektlər inşa olunmuşdur. Məktəb tikintisində Heydər Əliyev Fondu xüsusi fəallıq göstərmişdir. Fondun təşəbbüsü ilə müasir standartlara cavab verən məktəb binaları inşa olunmuşdur. Elmin inkişafı və Naxçıvan MR-in tarixi ilə bağlı araşdırmaların aparılması istiqamətində ciddi nəticələr əldə edilmiş, tarixi abidələrin bərpası ilə bağlı lazımi tədbirlər görülmüşdür.
Muxtar respublikada əsas əkinçilik sahəsinə - taxıla olan ehtiyacın ödənilməsi sahəsində son illər yüksək nailiyyətlər əldə edilmiş, insanların təbii qaz və elektrik enerjisinə olan tələbatı tam ödənilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması və şəxsi vəsaitləri hesabına tikilən yaraşıqlı mülklərin sayı artmışdır. Əgər 2004-cü ildə əhalinin şəxsi vəsaiti hesabına 28 min kvadratmetr yaşayış sahəsi tikilmişdirsə, ötən il və bu ilin altı ayı ərzində həmin göstərici 6 dəfə artaraq 184 min kvadratmetr olmuşdur. Əldə edilən inkişaf, yaradılan şərait öz növbəsində bir vaxtlar muxtar respublikanı tərk etmiş vətəndaşların geri qayıtmasına, əhali artımına və məskunlaşmaya da öz təsirini göstərmişdir. Burada yaşayan insanların həyata və cəmiyyətə olan baxışları xeyli dəyişib, torpağa bağlılıq hissləri daha da güclənib. Son beş ildə muxtar respublikanın əhalisi 20 min nəfər artmış, əhalinin ümumi sayı isə 400 min nəfərə çatmışdır. Naxçıvanın iqtisadi və təbii sərvətlər potensialı yüksək səviyyədədir. Naxçıvanlılar dövlət başçısının qayğısından ruhlanaraq bütün bu imkanlardan səmərəli istifadə etməklə ölkədə aparılan quruculuq işlərində fəal iştirak edirlər. Təbii ki, qazanılan uğurlar, əldə olunan nailiyyətlər, ilk növbədə, ardıcıl və məqsədyönlü siyasətin həyata keçirilməsi ilə bağlıdır. Bütün bunların kökündə isə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası dayanır.
Rəhman SALMANLI
Azərbaycan.- 2009.- 8
avqust.- S. 1.