Prezidentin mətbuat xidmətinin
məlumatı
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də
"Qarabağ" futbol komandasının baş məşqçisi
Qurban Qurbanova telefonla zəng etmiş, "Qarabağ"
komandasının Finlandiyanın "Honka"
komandasını məğlub edərək avroliqanın
4-cü mərhələsinə çıxması münasibətilə
təbrik etmişdir.
Komandanın Ağdam
şəhərindən olmasının və Qarabağın
adını daşımasının xüsusi əhəmiyyətini
vurğulayan dövlətimizin başçısı komanda
üzvlərinin tam əksəriyyətinin Azərbaycan vətəndaşlarından
ibarət olmasının və məşqçinin yerli kadr
olduğunun önəmini qeyd etmişdir. Prezident İlham Əliyev
"Qarabağ" komandasının əvvəlki mərhələdə
də güclü futbol komandasına qalib gəldiyini
vurğulayaraq bildirmişdir ki, bütün bunlar Azərbaycanın
böyük futbol potensialına malik olduğunu göstərir.
Dövlətimizin başçısı qələbə
münasibətilə bütün komanda üzvlərini bir
daha təbrik etmiş, onlara yeni qələbələr
arzulamışdır.
Komandanın baş məşqçisi
Qurban Qurbanov təbrikə görə dövlət
başçısına minnətdarlıq etmişdir. Azərbaycan
idmanına, o cümlədən "Qarabağ" futbol
komandasına göstərdiyi diqqət və qayğıya
görə Azərbaycan Prezidentinə komandanın üzvləri
adından minnətdarlığını bildirən baş məşqçi
bu diqqət və qayğıya layiqli oyunları ilə cavab
verəcəklərini bildirmişdir.
Azərbaycan.- 2009.- 8 avqust.- S. 1.