Avqustun 7-də Azərbaycan
Respublikasının Baş Prokurorluğunda prokurorluq
orqanları tərəfindən 2009-cu ilin birinci
yarısında "Prokurorluq haqqında" qanunda nəzərdə
tutulmuş fəaliyyət istiqamətləri üzrə
görülmüş işlərin vəziyyəti və həmin
məsələnin bölgə yığıncaqlarında
müzakirələrinin nəticələrinə həsr
olunmuş geniş əməliyyat müşavirəsi
keçirilmişdir.
Azərbaycan
Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən
bildirmişlər ki, müşavirədə
çıxış edən baş prokuror Zakir Qaralov
bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən müasir məzmunlu dövlətçilik
siyasəti nəticəsində 2009-cu ilin birinci
yarısında ölkə həyatının bütün sahələrində
inkişaf davam etmiş və Vətənimizin iqtisadi qüdrəti
daha da möhkəmləndirilmişdir. Azərbaycanın və
hər bir regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
yolunda inamlı addımlar atılmış, keyfiyyətcə
yeni inkişaf mərhələsinə qaldırılan hərtərəfli
islahatlar və yeniləşmə prosesləri dönməz
xarakter almış, ölkəmizin dünya dövlətləri
birliyində və bölgədəki rolu əhəmiyyətli
dərəcədə artmışdır.
Nazirlər Kabinetinin
2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında Azərbaycan Prezidentinin nitqində qaldırılan
məsələləri diqqətə çatdıran Baş
prokuror dünyanın əksər ölkələrində
ciddi iqtisadi problemlər yaşandığı bir şəraitdə
Azərbaycan iqtisadiyyatının uğurlu inkişaf etdiyini,
bu ilin birinci yarısında ümumi daxili məhsulun 3,6 faizlik
artımına nail olunduğunu, qeyri-neft sektorunda
artımın 4,1 faiz təşkil etdiyini,
iqtisadiyyatımızın gələcəyinin neft amilindən
daha az asılı olduğunu xüsusi
vurğulamışdır.
Diqqətə
çatdırılmışdır ki, 2009-cu ilin birinci
yarısında Azərbaycan Prokurorluğu orqanları tərəfindən
digər hüquq-mühafizə, məhkəmə və ədliyyə
orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi
sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa,
o cümlədən mütəşəkkil cinayətkarlığın
təhlükəli təzahürlərinə qarşı
mübarizənin gücləndirilməsi, vətəndaşların
hüquq və azadlıqlarının etibarlı müdafiəsinin
təmin edilməsi, "Prokurorluq haqqında" qanunda nəzərdə
tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin
artırılması məqsədilə bir sıra məqsədyönlü
tədbirlərin görülməsi təmin edilmişdir.
Digər
hüquq-mühafizə orqanları, ilk növbədə,
Daxili İşlər və Milli Təhlükəsizlik
nazirlikləri ilə qarşılıqlı əlaqəli
birgə fəaliyyətin nəticəsidir ki, 2009-cu ilin birinci
yarısında əvvəlki hesabat dövrü ilə
müqayisədə respublika üzrə qeydə
alınmış qəsdən adam öldürmə, adam
oğurluğu, hədə-qorxu ilə tələb etmə, dələduzluq,
quldurluq, yetkinlik yaşına çatmayanlar tərəfindən
törədilən cinayətlərin sayı əhəmiyyətli
dərəcədə azalmış, adamların girov
götürülməsi kimi cinayətlər, ümumiyyətlə,
qeydə alınmamış, törədilmiş 11.180 cinayətin
təxminən 86 faizinin açılması təmin
edilmişdir.
Mütəşəkkil
cinayətkarlığın ən təhlükəli təzahürlərindən
olan korrupsiya cinayətlərinə qarşı mübarizənin
gücləndirilməsi istiqamətində zəruri tədbirlərin
görülməsi təmin olunur. Bu sahədə
ixtisaslaşdırılmış qurum olan Baş Prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
tərəfindən 2009-cu ilin birinci yarısında
rüşvətlə bağlı, vəzifədən
sui-istifadə etmə, vəzifə səlahiyyətlərini
aşma və bu xarakterli digər faktlar üzrə 99 şəxs
barəsində 55 cinayət işinin istintaqı tamamlanaraq
aidiyyəti üzrə baxılması üçün
müvafiq məhkəmələrə göndərilmişdir.
Prokurorluğun istintaq fəaliyyətinin
daha da təkmilləşdirilməsi, ibtidai araşdırmaya
prosessual rəhbərliyin səmərəliliyinin
artırılması, dövlət ittihamının müdafiəsi
sahəsində işin səmərəli təşkili ilə
əlaqədar görülmüş tədbirlər,
"Prokurorluq haqqında" qanunla müəyyənləşdirilmiş
digər fəaliyyət istiqamətləri üzrə işin
düzgün təşkili, prokurorluğun işində
aşkarlığın təmin edilməsi məqsədilə
həyata keçirilən tədbirlər də öz müsbət
nəticələrini vermişdir.
Xüsusi
vurğulanmışdır ki, vətəndaşların
müraciətlərinə baxılması sahəsində yeni
informasiya texnologiyalarının tətbiqi və tam yeni məzmunlu
normativ hüquqi bazanın formalaşdırılması,
"Qaynar xətt" əlaqə mərkəzi və Azərbaycan
Prokurorluğunun veb saytı vasitəsilə Baş
Prokurorluğun rəhbərliyinə birbaşa müraciət
etmək imkanlarının yaradılması kimi tədbirlər
öz müsbət nəticələrini vermiş, "Qaynar
xətt" əlaqə mərkəzinin
yaradıldığı 2005-ci ildə vətəndaşlardan
860 müraciət daxil olduğu halda, hesabat dövründə
bu göstəricinin 38-ə qədər azalması vətəndaşların
müraciətlərinə baxılması və onların qəbulu
işinin təşkili sahəsində həyata keçirilən
islahatların səmərəliliyinin əyani sübutu
olmuşdur.
Qüvvədə olan
qanunvericiliyin tələblərinə və Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə
təsdiq edilmiş "Prokurorluğa işə qəbul
olunmaq üçün namizədlərlə müsabiqə
keçirilməsi qaydaları haqqında" Əsasnaməyə
uyğun olaraq 2009-cu ildə 60 ştat vahidi üzrə elan
edilmiş prokurorluq orqanlarına işə qəbulun
aşkarlıq şəraitində, şəffaf prosedurlarla,
hökumət və qeyri-hökumət təşkilatlarının,
xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin,
beynəlxalq təşkilatların və kütləvi
informasiya vasitələrinin nümayəndələrinin
iştirakı ilə keçirilməsi üçün zəruri
tədbirlərin görülməsi barədə Baş
Prokurorluğun müsabiqə komissiyasına və əlaqədar
struktur qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Əməliyyat
müşavirəsində Heydər Əliyev Fondunun təşəbbüsü
ilə qəbul edilmiş Azərbaycan Respublikası Milli Məclisinin
"Novruz bayramı münasibətilə amnistiya elan edilməsi
haqqında" 2009-cu il 17 mart tarixli qərarının və
həmin qərarın icrası ilə əlaqədar
verilmiş Baş Prokurorluq üzrə müvafiq əmrin tələblərinin
yerinə yetirilməsi istiqamətində prokurorluq orqanları
tərəfindən görülən işlər müsbət
qiymətləndirilməklə bu sahədə fərqlənən
əməkdaşların əməyinin qiymətləndirilməsi
üçün müvafiq tədbirlərin görülməsi
məqsədəmüvafiq hesab edilmişdir.
Qeyd edilmişdir ki,
"Dövlət və bələdiyyə əmlakının
və vəsaitlərinin idarə olunması sahəsində
korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı
mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli fərmanının
və onun icrası qaydasında verilmiş Baş Prokurorluq
üzrə müvafiq əmrin tələblərinə
qeyd-şərtsiz əməl edilməklə korrupsiya
hüquqpozmalarına qarşı kəsərli mübarizənin
təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.
Keçiriləcək yoxlamalar üzərində çox
ciddi nəzarət mexanizminin yaradılması, sui-istifadə
hallarını istisna edəcək prinsipiallıq şəraitinin
formalaşdırılması təmin olunmalıdır. Bu məsələ
ilə əlaqədar qarşıda duran əsas vəzifələr
dövlətimizin başçısı İlham Əliyevin
siyasi iradəsinə müvafiq olaraq dövlət və bələdiyyə
əmlakının və vəsaitlərinin idarə
olunması sahəsində korrupsiya hüquqpozmalarına
qarşı zəruri tələblər səviyyəsində
kəsərli mübarizə aparılması, qeyd olunan sahələrdə
hüquqpozmalar barədə daxil olan hər bir müraciət
üzrə hərtərəfli, obyektiv və tam
araşdırmaların həyata keçirilməsi yolu ilə
qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi,
yoxlamaların təşkili və keçirilməsinə məsul
olan prokurorluğun müvafiq qurumları və əməkdaşları
tərəfindən sui-istifadə hallarına və qanunsuz hərəkətlərə
yol verilməsinin qarşısının dərhal
alınması, insan hüquq və azadlıqlarının hərtərəfli
qorunması, yoxlamaların keçirilməsinin bütün mərhələlərində
şəffaflığın təmin edilməsindən ibarət
olmalıdır. Müşavirədə qeyd edilən fərmanın
prokurorluq orqanlarında ətraflı öyrənilməsi və
geniş əhali kütlələri arasında izahı istiqamətində
görüləcək işlər barədə
tapşırıqlar verilmişdir.
Əməliyyat
müşavirəsində, həmçinin cinayətkarlığa
qarşı mübarizə ilə əlaqədar əldə
edilmiş uğurlarla yanaşı, bu sahədə mövcud
olan mənfi təzahürlərin aradan qaldırılması,
artım meyili müşahidə olunan cinayətlərin
profilaktikası istiqamətində həyata keçiriləcək
qabaqlayıcı tədbirlərin səmərəliliyinin
yüksəldilməsinin zəruriliyi
vurğulanmışdır.
Nəzərə
çatdırılmışdır ki, cari ilin birinci
yarısında prokurorluq orqanları tərəfindən
görülmüş işlərin vəziyyəti təsdiq
edilmiş cədvələ uyğun olaraq bölgələr
üzrə keçirilən əməliyyat müşavirələrində
müzakirə edilmişdir. Bölgə müşavirələrinin
yeni məzmunda keçirilməsində əsas məqsəd,
ilk növbədə, müzakirələrin tabe struktur
qurumların bütün əməkdaşlarının
iştirakı ilə aparılması, habelə bu sahədə
işin təşkilinə görə Baş Prokurorluğun
kollegiya üzvlərinin məsuliyyəti və fəallığının
artırılması ilə əlaqədar olmuşdur. Baş
prokurorun müavinlərinin, Baş Prokurorluğun kollegiya
üzvlərinin sədrliyi və tabe şəhər və
rayon prokurorluqlarının bütün əməkdaşlarının
iştirakı ilə Gəncə, Sumqayıt və Mingəçevir
şəhərləri, Sabirabad, Şamaxı, Cəlilabad və
Ağcabədi rayonlarında keçirilmiş geniş əməliyyat
müşavirələrində hesabat dövründə
görülmüş işlərin real vəziyyəti,
mövcud nöqsanların yaranma səbəbləri hərtərəfli
və prinsipial təhlil edilmiş, "Prokurorluq haqqında"
qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri
üzrə işin səmərəliliyinin
artırılması, tabe struktur qurumların fəaliyyəti
üzərində Baş Prokurorluğun nəzarətinin daha
da təkmilləşdirilməsi, prokurorluq orqanlarında xidməti,
icra və əmək intizamının daha da yüksəldilməsi
üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Tabe prokurorluqların bütün əməkdaşlarının
iştirakı ilə keçirilən əməliyyat
müşavirələrində qaldırılan və işin
səmərəliliyinə mənfi təsir göstərən
problemlərin həlli istiqamətində qarşıda duran
konkret vəzifələr müəyyənləşdirilmiş
və Baş Prokurorluğun əlaqədar struktur
qurumlarına müvafiq tapşırıqlar verilmişdir.
Diqqətə
çatdırılmışdır ki, prokurorluğun fəaliyyət
istiqamətləri üzrə işinin səmərəliliyinin
artırılması məqsədilə rayon və şəhər
prokurorluqları digər hüquq-mühafizə orqanları ilə
birlikdə artım meyili müşahidə olunan cinayətlərə
qarşı qabaqlayıcı, məqsədyönlü tədbirlərin
daha da gücləndirilməsi, cari ildə və ötən
illərdən bağlı qalan cinayətlərin
açılması üçün aparılan zəruri əməliyyat-axtarış
tədbirləri üzərində prokuror nəzarətinin
günün tələbləri səviyyəsində həyata
keçirilməsi, törədilmiş və ya hazırlanan
cinayətlərə dair daxil olan məlumatların vaxtında
qəbulu, qeydə alınması və həlli zamanı cinayət-prosessual
qanunvericiliyin tələblərinə dönmədən əməl
olunması, cinayətlərin uçotdan gizlədilməsi
hallarına qarşı barışmaz mübarizə
aparılması, belə qanun pozuntularına yol verən,
xüsusilə də əsassız və qanunsuz yoxlamalar
aparılmasına cəhd edən işçilər barəsində
ən qəti və kəsərli tədbirlərin
görülməsi, cinayət təqibinin həyata
keçirilməsi ilə əlaqədar ibtidai
araşdırmaya prosessual rəhbərliyin keyfiyyətinin
yüksəldilməsi, icra və əmək intizamının
daha da möhkəmləndirilməsi üçün kəsərli
tədbirlərin görülməsi təmin edilməlidir.
Prokurorluq
orqanlarının fəaliyyətində mövcud olan mənfi
təzahürlərə qarşı aparılan prinsipial
mübarizənin nəticəsi olaraq hesabat dövründə
müxtəlif pozuntulara və qanunsuzluqlara yol verən 23
prokurorluq əməkdaşının intizam qaydasında cəzalandırılması,
o cümlədən 2 əməkdaşın prokurorluq
orqanlarından xaric olunması diqqətə
çatdırılmaqla xidməti, icra və əmək
intizamının daha da yüksəldilməsi
üçün zəruri tədbirlərin görülməsi
bütün tabe prokurorlardan tələb edilmişdir.
Azərbaycan Prezidentinin
2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq
edilmiş "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramı"nın prokurorluğun tarixində yeni təkmilləşmə,
inkişaf və hərtərəfli müasirləşdirmə
dövrünün əsasını qoyduğu vurğulanmaqla
prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun
təkmilləşdirilməsi, maddi-texniki təminatının
yaxşılaşdırılması və işçilərin
sosial müdafiəsinin gücləndirilməsi sahəsində
vəzifələrin yerinə yetirilməsi üzrə konkret
tədbirlər müəyyənləşdirilmiş, bu
istiqamətdə görülən işlərin vəziyyətinin
cari ilin sentyabrında Baş Prokurorluğun kollegiyasında
müzakirəyə çıxarılması qərara
alınmışdır.
2009-cu ilin birinci
yarısında prokurorluq orqanları tərəfindən
görülmüş işlər və bu məsələnin
bölgə müşavirələrində müzakirəsinin
nəticələri barədə Baş prokurorun birinci
müavini Rüstəm Usubov tərəfindən ətraflı
məlumat verilmiş, Baş Prokurorluğun kollegiya üzvləri
- Təşkilat-analitik idarənin rəisi Əzizağa Həsənov,
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin rəisi Kamran Əliyev və Dövlət
İttihamının Müdafiəsi üzrə İdarənin
rəisi İlqar Cəfərov çıxış etmişlər.
Əməliyyat
müşavirəsində belə bir inam ifadə olunmuşdur
ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu
dövlətçilik siyasətini qətiyyətlə dəstəkləyən,
öz əməli fəaliyyətləri ilə dövlətçilik
ideyalarına sadiqliyini sübuta yetirən Azərbaycan
Respublikası Prokurorluğu orqanlarının kollektivi tərəfindən
prokurorluğa ən yüksək səviyyədə göstərilən
etimadı doğrultmaq, qanunun aliliyini, insan hüquqları və
azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa
qarşı barışmaz mübarizəni təmin etmək
üçün bütün zəruri tədbirlər
görüləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 8 avqust.- S. 2.