Rumıniyalı qonaqlar Talassemiya Mərkəzində olmuşlar

 

Ölkəmizdə işgüzar səfərdə olan Rumıniyanın paytaxtı Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanunun başçılıq etdiyi nümayəndə heyəti avqustun 7-də Talassemiya Mərkəzində olmuşdur.

Mərkəz barədə qonaqlara məlumat verən baş həkim Azər Kərimov bildirmişdir ki, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunan mərkəz həmin xəstəliyə düçar olanlar və onların yaxınları üçün ümid yeridir. Burada gün ərzində 40-50 xəstə qəbul edilir.

Qeyd olunmuşdur ki, hazırda ölkəmizdə min nəfərə yaxın talassemiyalı xəstə vardır və onlardan 700 nəfərə yaxını daimi nəzarət altındadır. Beynəlxalq standartlara tam cavab verən mərkəzin üç regional şöbəsi də fəaliyyət göstərir.

Qonaqlar 2-ci mərtəbədə yerləşən transfuziya zalı və 12 otaqdan ibarət klinika, manipulyasiya, iri sahəli ümumi laboratoriya, şüa diaqnostikası otaqlarına baxdılar. Nümayəndə heyətinin üzvləri transfuziya zalında müalicə alan uşaq və onun valideyni ilə görüşüb xəstənin vəziyyəti ilə maraqlandılar. Mərkəzdə xəstəliyin aşkar edilməsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir.

Qonaqlar mərkəzin reanimasiya palatasına, manipulyasiya və transplantasiya otaqlarına, sterilləşdirmə mərkəzinə baxmışlar.

Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanu bildirmişdir ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə rast gəlinməyən mərkəzin ölkənizdə fəaliyyət göstərməsi, doğrudan da, xoş bir haldır. Nikolay Ontsyanu daha sonra demişdir: "Bu, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin səhiyyə sahəsində yürütdüyü siyasətin gözəl nümunəsidir".

Nümayəndə heyətinin üzvləri ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi məqsədilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən məmnun qaldıqlarını bildirmişlər.

Qonaqlar Talassemiya Mərkəzinə xatirə hədiyyələri təqdim etdilər.

 

 

Azərbaycan.- 2009.- 8 avqust.- S. 2.