KİV-lərin "İdman. Gənclik. Sağlamlıq" mövzusunda beynəlxalq seminarı keçirilmişdir

 

Omskda 20-ci Beynəlxalq Sibir Marafonu keçirilmişdir. Bu möhtəşəm idman tədbiri ərəfəsində daha bir əlamətdar hadisə olmuşdur: jurnalistlərin "İdman. Gənclik. Sağlamlıq" mövzusunda birinci beynəlxalq seminarı açılmışdır.

Seminarın işində MDB üzvü olan bir sıra ölkələrin gənclik, bədən tərbiyəsi və idman məsələlərini işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi. Həmin tədbirlərdə Azərbaycanı AzərTAc-ın bölmə müdiri Ziyadxan Həsənov təmsil edirdi.

Tanınmış idmançılar və idman mövzusunda yazan jurnalistlər seminar iştirakçıları qarşısında çıxış etmişlər. Tədbir çərçivəsində "dəyirmi masa" görüşləri keçirilmiş, şəhərin idman klubları ilə tanışlıq, idman infrastrukturuna baxış, tanınmış veteran idmançılarla görüşlər təşkil edilmişdir.

İclasların birində AzərTAc-ın təmsilçisi Azərbaycanda idmanın inkişafı və KİV-lərin bu prosesdə rolu barədə məruzə etmişdir. Seminar iştirakçılarına Azərbaycan Dövlət Teleqraf Agentliyinin fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, AzərTAc-ın dünyanın aparıcı informasiya agentlikləri ilə imzaladığı ikitərəfli sazişlər çərçivəsində informasiya və təcrübə mübadiləsi aparılır, agentliklər bu və ya digər hadisələrin işıqlandırılmasında bir-birlərinə kömək edirlər.

AzərTAc rəsmi xronika ilə yanaşı, ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və başqa məsələlər barədə Azərbaycan, rus və ingilis dillərində operativ informasiya yayılmasını təmin edir.

Azərbaycanda idmanın inkişaf sürəti və bu işdə dövlətin rolu barədə məlumatlar seminar iştirakçılarının böyük marağına səbəb olmuşdur. Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafına böyük diqqət yetirilir, ölkənin bütün regionlarında Olimpiya kompleksləri inşa edilmiş, idmanın və bədən tərbiyəsinin inkişafına dair müxtəlif dövlət proqramları qəbul edilmişdir.

Republikada idman sahəsində qazanılmış uğurlar, idmançılarımızın ən nüfuzlu beynəlxalq idman yarışlarında göstərdiyi yüksək nəticələr Milli Olimpiya Komitəsinin, İdman və Gənclər Nazirliyinin, idman federasiyalarının, idman klubları və cəmiyyətlərinin, həmçinin kütləvi informasiya vasitələrinin sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. İndi Azərbaycanda dünya və Avropa çempionatları, iri beynəlxalq turnirlər keçirilir. Bu da öz növbəsində AzərTAc-ın jurnalistlərinin həm ölkədə, həm də onun hüdudlarından kənarda keçirilən idman tədbirlərinin işıqlandırılması ilə əlaqədar işini daha da stimullaşdırır.

Seminarın yekunlarına görə, Azərbaycan Dövlət Teleqraf Agentliyi həmin tədbirin təşkilatçılarının xüsusi diplomuna və təşəkkür məktubuna layiq görülmüşdür.

Seminar iştirakçıları Omsk KİV-lərinin işi ilə tanış olmuş, 42 km 195 m məsafəyə kişilər və qadınlar arasında 20-ci Beynəlxalq Sibir Marafonunun gedişini müşahidə etmişlər.

Bu il əsas distansiyaya (42 km 195 m) qaçış və ekiden yarışından (marafon məsafəsinin bir neçə iştirakçı arasında bölüşdürülərək qət edilməsi) əlavə, daha bir məsafəyə - 10 kilometrə qaçış yarışları və həmişəki kimi, 5 kilometr məsafəyə kütləvi qaçış da keçirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 avqust.- S. 2.