Uşaq psixo-nevroloji mərkəzi akademik Zərifə Əliyeva adına uşaq bağçası ilə tanışlıq

 

Ölkəmizdə işgüzar səfərdə olan Rumıniyanın paytaxtı Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanunun başçılıq etdiyi nümayəndə heyəti avqustun 7-də Bakının Nərimanov rayonundakı uşaq psixo-nevroloji mərkəzində və akademik Zərifə Əliyeva adına uşaq bağçasında olmuşdur.

Əvvəlcə uşaq psixo-nevroloji mərkəzinə gələn qonaqlara müəssisənin direktoru İradə Musayeva məlumat verərək bildirmişdir ki, 70 uşağın olduğu mərkəzdə uşaqların sağlamlığı ilə 5 həkim və 11 tibb bacısı məşğul olur. Mərkəz lazımi səviyyədə təchiz edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu uşaq evinin problemlərini daim diqqətdə saxladığı, bütün bayramlarda uşaqlara hədiyyələr göndərdiyi qeyd olunmuşdur.

Nümayəndə heyətinin başçısı Nikolay Ontsyanu rəhbəri olduğu Buxarest şəhərinin 2-ci sektorunda da bu tipli uşaq evinin fəaliyyət göstərdiyini söyləmiş, belə uşaqların daim diqqətə ehtiyacı olduğunu bildirmişdir. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsünü yüksək qiymətləndirmişlər.

Qonaqlar mərkəzdə yaradılmış şəraitlə, müayinə və müalicə prosesi, uşaqlara verilən yeməklərin keyfiyyəti, övladlıq məsələləri ilə maraqlanmışlar. Uşaq evinə xatirə hədiyyələri təqdim olunmuşdur.

 

* * *

 

Sonra qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına uşaq bağçasında olmuşlar.

Nümayəndə heyətinə məlumat verən bağçanın müdiri Sevinc Mustafayeva bildirmişdir ki, ən müasir standartlara malik bağça 3 yaşdan 6 yaşadək 120 nəfər uşaq üçün nəzərdə tutulmuşdur.

Uşaqlara bağçada ana dili ilə yanaşı, ingilis və rus dillərində də dərslər keçirilir.

Qonaqlar bağçanın gimnastika salonu, qrup, yataq otaqları, oyun zalları, hovuzu, müasir üslubda yeməkxanası ilə tanış olmuşlar. Böyük mərasimlər üçün nəzərdə tutulan salonda iri monitor, səs və görüntü üçün xüsusi avadanlıq qoyulmuşdur. Binada mərkəzləşdirilmiş təhlükəsizlik və istilik sistemləri quraşdırılmışdır.

Ən müasir avadanlıqla təchiz edilmiş bağçada yaradılmış şəraiti yüksək qiymətləndirən rumıniyalı qonaqlar bağçaya xatirə hədiyyələri təqdim etmişlər.

 

 

Azərbaycan.- 2009.- 8 avqust.- S. 2.