Rusiyalı gənclər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olmuşlar

 

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəvəti ilə RAGT-nin və Rusiya Gənclər İctimai Palatasının üzvlərindən, rusiyalı dövlət qulluqçularından, Rusiyanın aparıcı ali məktəblərində təhsil alan rus və azərbaycanlı tələbələrdən ibarət bir qrup gənc Azərbaycana səfərləri çərçivəsində avqustun 7-də Naxçıvan şəhərinə gəlmişlər.

Qonaqlar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət etmişlər.

Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olmuşdur. Məlumat verilmişdir ki, muzey ulu öndərin həyat və fəaliyyətinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Muzeydə nümayiş etdirilən eksponatlar ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi əşyalardan, ümummilli liderimizin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyətinə başladığı və Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti, Azərbaycana rəhbərliyinin 1969-1982-ci illəri əhatə edən birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı və muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü də öz əksini tapmışdır.

Muzeydə hazırda 2600-ə yaxın eksponat toplanmışdır ki, bu eksponatların əksəriyyəti ilk dəfə olaraq məhz burada nümayiş etdirilir. Yüksək səviyyəli muzey xidməti göstərmək üçün burada kitabxana yaradılmış, ulu öndərimiz haqqında çəkilmiş filmlərə tamaşa etmək üçün televizor və videomaqnitofon qoyulmuş, kompüter dəstləri quraşdırılmış, muzeyin internet saytı yaradılmışdır.

Sonra qonaqlar yeni yaradılmış istehsal və səhiyyə müəssisələrinin işi ilə tanış olmuş, idman mərkəzlərinə baxmış, tarixi, dini və təbiət abidələrini ziyarət etmişlər.

Qonaqlar Naxçıvandan xoş təəssüratla ayrılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 avqust.- S. 5.