Azərbaycanın hərbi xərclərinin
artması erməniləri
daha çox qorxuya salmağa başlayıb
Yerləşdiyi regionun
lider dövlətinə çevrilən Azərbaycan ordu
quruculuğu sahəsində də kifayət qədər ciddi
nailiyyətlər əldə edib. Bunun nəticəsidir ki, Cənubi
Qafqazda ən güclü ordunun məhz Azərbaycana məxsus
olması dünya, həmçinin region dövlətləri tərəfindən
də etiraf olunur.
Azərbaycan ordusunun istər
müasir hərbi texniki vasitələrlə, istərsə də
digər bütün sahələr üzrə təminatının
yüksək olması daha çox işğalçı Ermənistanda
ciddi narahatlığa yol açıb və bu ölkədə
Azərbaycanın zəbt olunmuş ərazilərini hərbi əməliyyatlarla
geri qaytara biləcəyi əsl dəhşət kimi qəbul
olunur.
Lakin ermənilər onu
da yaxşı bilirlər ki, Azərbaycan beynəlxalq hüquq
prinsiplərinə görə ərazilərini işğaldan
azad etmək üçün hərbi əməliyyatlara
başlamaq hüququna malikdir və rəsmi Bakı ən
yüksək səviyyədə lazım gələrsə, bu
hüquqdan istifadə edəcəyini bəyan edib. Prezident
İlham Əliyev bununla bağlı bildirmişdir: "15 il ərzində
- atəşkəs sazişi bağlanandan sonra aparılan
danışıqlar heç bir nəticə vermir. Belə
olan halda təbii ki, biz ordumuzun gücünə güvənməliyik.
Məhz bu məqsədlə son illər ərzində mütəmadi
qaydada ordu potensialının gücləndirilməsi
üçün praktiki tədbirlər
görülübdür. Bu gün bizim ordumuz bölgədə
ən qüdrətli ordudur. Azərbaycanda istənilən vəzifəni
icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət
göstərir və Azərbaycanın ərazi
bütövlüyünün bərpası üçün
biz lazım olan halda hərbi gücdən də istifadə edə
bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq
normaları da bizə bu imkanı verir".
Müasir silahlarla təchiz
edilən Azərbaycan ordusunun hərbi əməliyyatlara
başlaya biləcəyindən ehtiyatlanan Ermənistan məğlub
olacağını başa düşdüyü
üçün indi hər vəchlə Dağlıq
Qarabağ münaqişəsinin yenidən əsgəri
müstəviyə keçməsinə mane olmağa
çalışır. Bu məqsədlə erməni diasporu
da fəaliyyətini xeyli genişləndirib. Ermənistanın,
eləcə də erməni diasporunun narahatlığına
yol açan əsas məqamlardan biri isə Azərbaycanın
hərbi xərcləridir. Əslində, Azərbaycanın
işğala məruz qalması və müdafiə qabiliyyətinin,
daha da gücləndirilməsi baxımından hərbi xərclərini
artırması təbii qarşılanmalıdır və bu
istiqamətdə müvafiq işlər görülür. Prezident
İlham Əliyev bununla əlaqədar qeyd edir: "Hərbi xərclərimiz
ildən-ilə artır. Son 5 il ərzində Azərbaycanda
bütün hərbi xərclər 6,5 milyard dollar səviyyəsində
idi. Bu, əlbəttə ki, bizim hərbi
gücümüzü böyük dərəcədə
artırmışdır. Bu il hərbi büdcəmiz 2 milyard
dollardır. Gələcək illərdə bu məbləğ
daha da artacaqdır".
Bütün bunlar isə
qeyd olunduğu kimi, Ermənistanda böyük
narahatlığa yol açıb. Avropa Erməni
Federasiyasının ATƏT-ə ünvanladığı bəyanat
da bunu sübut edir. Bəyanatda Azərbaycanın hərbi xərclərini
artırmasından, Prezident İlham Əliyevin Dağlıq
Qarabağ münaqişəsinin hərbi yolla həllinin
mümkünlüyünə dair səsləndirdiyi fikirlərdən
ciddi narahatlıq ifadə olunur. Bəyanatda münaqişənin
həllinin hərbi müstəviyə keçməməsi
üçün ATƏT-in Minsk qrupundan fəaliyyətini
gücləndirmək və Azərbaycanı bu yoldan çəkindirmək
xahiş olunur. Bununla yanaşı, Avropa Erməni
Federasiyası ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ
münaqişəsinin hərbi yolla həll edilməyəcəyinə
dair Azərbaycandan təminat almasını da istəyir:
"Biz Minsk qrupu həmsədrlərinə müraciət
edirik ki, Azərbaycanın hərbi
çağırışlarını ciddi qəbul etsin və
ATƏT-in Minsk qrupu çərçivəsində gedən
sonrakı danışıqlara qədər hücum etməmək
barədə əsaslı təminat alsın".
Bütün bunlar bir
daha ermənilərin Azərbaycanın hərbi gücündən
qorxuya düşdüyünü bariz şəkildə
nümayiş etdirir. Avropa Erməni Federasiyasının sədri
Hilda Çoboyan da Azərbaycanın hərbi baxımdan kifayət
qədər üstünlüyə malik olduğunu
açıq etiraf edir. Ancaq o da faktdır ki, erməni
diasporunun müharibənin yenidən başlanmaması
üçün canfəşanlığına rəğmən,
Azərbaycan işğala məruz qaldığına görə,
istənilən vaxt zəbt olunmuş torpaqlarını geri
qaytarmaq üçün hərbi əməliyyatlara
başlamaq hüququna malikdir və bütün beynəlxalq
normalar, konvensiyalar buna tam imkan verir.
Onu da bildirək ki, Ermənistanın
ölkəmizin hərbi gücündən daha çox
ehtiyatlanmasının əsas səbəblərindən biri də
cari ilin iyunun 24-də Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin yaradılmasının 91-ci
ildönümü münasibətilə Müdafiə
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili
Qoşunların birləşmə və hissələrinin
irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri
olub. Bu təlimlərdən sonra Ermənistanda ciddi
narahatlıq yaranıb. Bu səbəbdən Ermənistanın
bütün təbliğat maşını əsas diqqəti
ona yönəldir ki, beynəlxalq ictimaiyyət Dağlıq
Qarabağ münaqişəsinin hərbi əməliyyatlar
yolu ilə həllinə imkan verməsinlər. Erməni
politoloq Suren Surenyan isə qeyd edib ki, Azərbaycan ordusu
müasir hərbi avavdanlıq və silahla təmin edilməsinə
görə Ermənistanı xeyli üstələyir: "Bu
gün Azərbaycan ordusunda elə silahlar var ki, bizdə
onların bir nümunəsi belə, yoxdur.
Həmçinin yaddan
çıxmamalıdır ki, say etibarı ilə də Azərbaycan
ordusu bizim silahlı qüvvələri üstələyir. Maddi
təminat baxımından da vəziyyət bizim xeyrimizə
deyil. Bu gün Serj Sarkisyan və Robert Koçaryan
cütlüyü ordunu elə hala salıb ki, bura daha çox
rüşvətxorluq, cinayət mənbəyinə
çevrilib".
Belə ordu ilə Azərbaycanın
qarşısında duruş gətirməyin çətin
olduğunu etiraf edən politoloq Ermənistanın bu vəziyyətdən
əsas çıxış yolunun Dağlıq Qarabağ
münaqişəsi ətrafında danışıqlar yolu ilə
tərəqqiyə nail olunmasında görür. Suren Surenyan
onu da bildirir ki, Dağlıq Qarabağ münaqişəsi həll
olunmayanadək Ermənistan müstəqil dövlət ola bilməz.
Çünki yaranmış çətin vəziyyətdən
çıxmaq üçün ölkənin heç bir
resursu yoxdur. Onun fikrincə, Azərbaycan işğal
olunmuş 7 rayonun qaytarılması müqabilində
Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə
tam zəmanət verərsə, rəsmi Yerevan bu təklifi
qiymətləndirməlidir. Əks təqdirdə, Suren Surenyan
Dağlıq Qarabağın özünün də tezliklə
Azərbaycanın nəzarətinə keçəcəyini
istisna etməyib.
Bundan əvvəl Ermənistanın
sabiq prezident Levon Ter-Petrosyan qeyd edib ki, ac-yalavac vəziyyətdə
saxlanılan ölkəsinin ordusunu ən müasir avadanlıq
və silahlarla təchiz edilmiş nizamlı Azərbaycan ordusu
ilə müqayisə etmək mümkünsüzdür:
"Sarkisyan da yaxşı bilir ki, ac-yalavac Ermənistan
ordusunu, ən müasir avadanlıqlarla təchiz edilmiş
nizamlı Azərbaycan ordusu ilə müqayisə etmək belə,
mümkün deyil. Bu səbəbdən də, o Bakının
münaqişənin hərb yolu ilə həllini istisna etməyən
açıqlamalarından qorxuya düşüb və
danışıqlarda geri addım atmağa məcburdur".
Real vəziyyət də
onu göstərir ki, bütün əsas sahələr üzrə
Azərbaycan ordusu günü-gündən gücləndiyi
halda, Ermənistan silahlı qüvvələrində tamamilə
əks proses gedir. Maddi təminat baxımından indiyə kimi
kifayət qədər ciddi çətinliklərlə üzləşən
Ermənistan ordusuna artıq
çağırışçı
çatışmazlığı da qabarıq şəkildə
özünü büruzə verməyə başlayıb. Nüfuzlu
"Eurasianet" portalında bu barədə yer alan məqalədə
deyilir ki, Ermənistanda hərbi xidmətdən azad olunmalarla
bağlı güzəştlər, eləcə də
demoqrafik vəziyyət çağırışçı
çatışmazlığı probleminə səbəb
olub. Yazıda qeyd olunur ki, ötən əsrin 90-cı illərində
Ermənistanda doğum əmsalı kəskin şəkildə
düşüb. Belə ki, 1991-ci ildə ölkədə 39
min oğlan uşağı anadan olub və 2009-cu ildə məhz
onlar hərbi xidmətə çağırılırlar. Lakin
doğulan oğlan uşaqlarının sayı 1995-ci ilə qədər
25 697-yə enib. Ermənistan Dövlət Statistika Xidmətinin
demoqrafiya şöbəsinin müdiri Karine Xuyumciyanın
bildirdiyinə görə, müharibədən ötən
dövr ərzində də doğum əmsalı
yaxşılaşmayıb. Ötən il Ermənistanda
doğulan körpələrin 24 mini oğlan olub. Statistika xidmətinin
rəsmisi bildirib ki, bu özünü ən azı gələn
onillik ərzində hərbi xidmətə başlayan erməni
çağırışçılarının sayında əks
etdirəcək.
Ermənistan ordusunun
generalı Kamo Koçunts isə deyib ki, demoqrafik problemi aradan
qaldırmaq üçün ordunun müqaviləli heyətlə
əvəzlənməsinə ehtiyac var. Lakin Ermənistan
ordusunda vəziyyət kifayət qədər acınacaqlı
olduğundan buraya müqaviləli heyətin cəlb
olunacağının özü sual altındadır. Belə
vəziyyətdə Azərbaycanın hərbi gücü
qarşısında Ermənistanın tab gətirə bilməsinin
mümkünsüzlüyü işğalçı ölkədə
də yaxşı başa düşülür.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 8
avqust.- S. 5.