Qlobal böhranı dəf edən iqtisadi inkişaf strategiyası

 

Azərbaycanın son illərdə ciddi makroiqtisadi uğurlara imza atması, beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsində aparıcı söz sahibi kimi çıxış etməsi və qlobal maliyyə böhranı şəraitində dinamik artım tempini qoruyub saxlaması dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış çevik mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Respublikanın bütün problemlərinə milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq qiymətləndirməyi bacaran Azərbaycan Prezidenti İlham Əliyev praqmatik liderlik keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirə bilmişdir.

Dövlət başçısı müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış etdiyini ilk gündən müəyyənləşdirmiş, rəhbərlik etdiyi komandanın bütün səylərini də məhz bu istiqamətə səfərbər etmişdir. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya sayəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır. Azərbaycan Prezidenti cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, yürütdüyü siyasətin reallığa adekvat olduğunu son 6 ildə əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.

Azərbaycanın son beş ildəki büdcəsinə nəzər saldıqda, həyata keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır. MDB dövlətlərinin büdcə vəsaitləri son beş ildə təxminən 15-20 faiz artdığı halda, respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 1 milyard 500 milyon manat, 2005-ci ildə 2 milyard 100 milyon manat, 2006-cı ildə 3 milyard 800 milyon manat olmuş, 2007-ci ildə 50 faizdən də çox yüksələrək 6 milyard manatı ötmüşdür. 2008-2009-cu illərdə dövlət büdcəsinin 10 milyard manatı ötməsi də artım dinamikasının miqyasını əyani surətdə nümayiş etdirir.

Fəaliyyətini hər zaman ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini mütərəqqi ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev bunu həm də şəffaf, səmərəli və demokratik idarəetmənin mühüm formulu hesab edir. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin uğurlarının ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir. Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləmişdir. Bir sıra dünya ölkələrinin qlobal maliyyə böhranı ilə üzləşdiyi halda, Azərbaycanın 2009-cu ilin son 6 ayında da mühüm nailiyyətlərə imza atması - makroiqtisadi sabitliyi qoruyub saxlaması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması dövlət rəhbərinin həyata keçirdiyi inkişaf strategiyasının səmərəliliyinin əyani göstəricisidir. Cənab İlham Əliyevin ötən 6 ayda həyata keçirdiyi antiböhran tədbirləri həm də onun yüksək iqtisadi idarəetmə qabiliyyətinə, mükəmməl iş təcrübəsinə dəlalət edir.

Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla davam etdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun yüksəlməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisinin artması, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi hökumətin son 6 ayda həyata keçirdiyi iqtisadi siyasətin əsas qayəsini təşkil etmişdir. Nazirlər Kabinetinin iclasında sosial-iqtisadi, infrastruktur, mədəni və digər sahələrdə görülmüş işlərlə bağlı açıqlanmış faktlar Azərbaycanın dinamik iqtisadi inkişaf və tərəqqi yolunda olduğunu təsdiqləməklə yanaşı, dövlət başçısı cənab İlham Əliyevin hökumətin fəaliyyətinə necə böyük tələbkarlıqla, məsuliyyətlə yanaşdığını göstərir. İlin əvvəllərindən neftin qiymətlərinin kəskin şəkildə enməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi çevik və real antiböhran tədbirləri iqtisadi fəallığı qorumuş, dünya miqyasında özünü qabarıq göstərən neqativ proseslərin respublikamıza ciddi sirayət etməsinin qarşısını almışdır.

Ötən dövrün göstəriciləri deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. Bu isə ölkə başçısı İlham Əliyevin hələ ilin əvvəlində hökumət qarşısında müəyyənləşdirdiyi ən başlıca vəzifənin uğurla həyata keçirildiyini göstərir. Xatırladaq ki, cənab İlham Əliyev cari ilin əvvəlində qlobal böhranın dəf edilməsi üçün enerji, yanacaq, qaz, su sərfinin qənaətlə aparılması, kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların və yanacağın dəyərinin vaxtında və tam ödənilməsi, aidiyyəti orqanlar tərəfindən vergi və rüsumların dövlət büdcəsinə toplanmasının şəksiz təmin olunması, dövlət qurumlarında şəffaflığın, maliyyə intizamının möhkəmləndirilməsi kimi məqamları xüsusi önə çəkmişdir. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdən əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. Son 6 ayda respublikada ümumi daxili məhsulun 3,6 faiz artması, eləcə də qeyri-neft sektorunda artımın 4,1 faiz təşkil etməsi dünya iqtisadiyyatını sarsıdan "maliyyə qasırğası" fonunda kifayət qədər diqqətçəkicidir.

Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı nitqində Azərbaycan iqtisadiyyatının böhranın ciddi təsirinə məruz qalmadığını xüsusi qeyd etmiş, eləcə də qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətini vurğulamışdır: "Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümumi daxili məhsul istehsalı 3,6 faiz artmışdır. Yaxşı haldır ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox önəmli göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən asılılığı tədricən azalır. Əlbəttə, neft-qaz sektorunun inkişafı və bu sahədə görülən işlər iqtisadi imkanlarımızı xeyli genişləndirmişdir. Biz də bu imkanlardan səmərəli istifadə etdik və iqtisadiyyatımızın digər sektorlarının inkişafı üçün əməli-praktik işlər görülmüşdür".

Hesabat dövründə iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdən biri də milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə olunmasıdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2009-cu ildə inkişaf etmiş ölkələrdə ümumi daxili məhsul istehsalı 2,5-5, Avropa İttifaqı ölkələrində 4,7, Asiyanın yeni industrial dövlətlərində 6, MDB dövlətlərində məcmu olaraq 4 faiz azalacaqdır. Fond 2009-cu ildə ümumilikdə dünya iqtisadiyyatının 1,4 faiz azalacağını proqnozlaşdırır. Dünya bazarında neftin qiymətlərinin 3-4 dəfəyədək aşağı düşməsinə baxmayaraq Azərbaycanda son 6 ayda ümumi daxili məhsulun 3,6 faizlik artımı iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirilən siyasətin praktik nəticəsindən xəbər verir.

"Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik" - deyən dövlət başçısı hələ 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" fərmanlarında neftdən əldə olunan gəlirlərdən milli iqtisadiyyatın çoxqütblü inkişafı naminə səmərəli istifadə olunması məsələsinə mühüm yer ayrılmışdır. Cənab İlham Əliyev iqtisadiyyatın neft gəlirlərindən asılılığını yolverilməz saymaqla yanaşı, qeyri-neft sektorunun daha çox regionlarda inkişaf etdirilməsi yolu ilə sosial və regional tarazlığın qorunmasına çalışmışdır.

Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-stabillik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnu itirməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. Hazırda dünya ölkələrini iflic edən qlobal iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsi də məhz hökumət səviyyəsində qeyri-neft sektoruna göstərilən yüksək qayğının nəticəsidir. Regionlara göstərilən diqqət nəticəsində ötən beş ildə sənaye istehsalı 3,7, investisiyalar 2,4, strateji valyuta ehtiyatları 9,8, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7, qeyri-neft məhsullarının ixracı 2,2, orta aylıq əməkhaqqı 2,7, pensiyaların orta aylıq məbləği 4 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə enmişdir.

Şübhəsiz, qlobal iqtisadi böhranın respublika iqtisadiyyatına ciddi təsir göstərməməsinin bir sıra əsasları var. Ölkəmizin müstəqil iqtisadi siyasət yeritməsi, beynəlxalq maliyyə qurumlarının təsiri ilə hərəkət etməməsi, maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirakdan çəkinməsi maliyyə böhranının təsirini zəiflədən əsas amillər sırasındadır. Azərbaycanın dünya maliyyə institutlarına öz kapitalı, fond aktivləri və qiymətli kağızları ilə fəal inteqrasiya etməməsi də ölkəni qlobal böhrandan hifz edir. Respublika iqtisadiyyatında müşahidə olunan dinamik artımın maliyyə iqtisadiyyatına deyil, real əmtəəyə, istehsala əsaslanması qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayır. Azərbaycanın qlobal böhranın sərt təsirlərinə məruz qalmamasının səbəblərindən biri də xarici borclanmanın səviyyəsinin ümumi daxili məhsul istehsalına nəzərən ildən-ilə aşağı düşməsidir: əgər xarici borclanmanın ÜDM-ə nisbəti 2005-ci ildə 18, 2006-cı ildə 12, 2007-ci ildə 6 faiz idisə, 2008-ci ildə bu rəqəm 6,5 faiz təşkil etmişdir.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın qlobal böhrandan az ziyan çəkməsinin səbəblərinə toxunarkən, haqlı olaraq respublikamızın milli maraqlara əsaslanan iqtisadi siyasət yetirdiyini xüsusi önə çəkmişdir: "Bəzi hallarda Azərbaycanda maliyyə sektorundakı müəyyən konservativ meyillər beynəlxalq maliyyə qurumları tərəfindən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya meyillərinə daha sürətlə qoşulaq, beynəlxalq ticarət qurumlarına inteqrasiya edək. Ancaq bizim mövqeyimiz bütün zamanlarda çox ehtiyatlı idi. Çünki Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır. Bəzi başqa ölkələr kimi, biz xarici yardımlardan asılı deyilik. Bizim böyük, zəngin neft-qaz yataqlarımız, əlverişli coğrafi mövqeyimiz var. Artıq çox müasir və möhkəm enerji və nəqliyyat infrastrukturumuz var. Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq. Yenə də deyirəm, böhran onu göstərdi ki, bu, düzgün seçimdir, düzgün yoldur və əminəm ki, biz növbəti illərdə də bu yolla gedəcəyik".

İqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələrinin acı təcrübəsi göstərir ki, qlobal maliyyə böhranının zərbəsi ilk növbədə bank sektoruna dəyir, onların öz öhdəliklərini normal məcrada yerinə yetirməsində çətinliklər yaranır. Azərbaycanda isə belə bir problemin müşahidə olunmadığını artıq tam əminliklə söyləmək olar. Mərkəzi Bankın həyata keçirdiyi preventiv tədbirlər nəticəsində cari il respublika bankları likvidlik problemi ilə bağlı istehlak və biznes kreditlərinin verilməsi prosesini dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmiş, hətta ipoteka kreditləşməsi yenidən bərpa olunmuşdur. Bu fakt həm də respublikanın dinamik sosial-iqtisadi inkişafı ilə bağlı olaraq bank sektorunun fəaliyyətində səmərəliliyin əhəmiyyətli dərəcədə artımı ilə şərtlənir. Əhalinin pul gəlirlərinin artımı adekvat olaraq banklarda saxlanılan əmanətlərin də artmasına yaxşı zəmin yaratmışdır. Azərbaycan manatı məzənnəsini qoruyub saxlamış, hökumət məhz əhalinin sosial mənafeyini əsas tutaraq manatın devolvasiyasına imkan verməmişdir.

Qlobal böhranının Azərbaycana ciddi sirayət etməməsinin əsas səbəblərindən biri də regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsidir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Son beş ildə bazar iqtisadiyyatının tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin formalaşdırılması, liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi və dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətinin təkmilləşdirilməsi nəticəsində azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına ciddi təkan vermiş, iş adamlarının fəaliyyətini stimullaşdırmışdır. Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatmışdır. Respublikamız bu gün nəinki iqtisadiyyatını daxili imkanlar hesabına inkişaf etdirir, hətta davamlı inkişaf baxımından bir çox dövlətlərin iqtisadiyyatına investisiyalar yatırır. Xüsusi vurğulamaq lazımdır ki, 2009-cu ilin ilk 6 ayında dövlət büdcəsinə qeyri-neft sektoru üzrə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 119 milyon manat və ya 11,4 faiz çox vəsait daxil olmuşdur.

Cari ilin ilk yarım ili ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır. Hesabat dövründə dövlət büdcəsindən kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 33 milyon, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə isə 10 milyon manat həcmində vəsaitin ayrılması da sahibkarlığa kömək tədbirlərinin tərkib hissəsidir.

2010-cu ildən bir sıra sahələrdə vergilərin aşağı salınması planlaşdırılır və bu, sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından son dərəcə əhəmiyyətli addımdır. Gələn ilin yanvarından fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsinin 35 faizdən 20, müəssisələrin mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədilə vergi tutulan əməliyyatların həcminin 90 min manatdan 150 min manatadək artırılması nəzərdə tutulur. 2010-cu ildən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endiriləcək, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad ediləcəkdir.

İqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm nəticələrindən biri də ölkənin sənaye potensialının son illərdə əhəmiyyətli dərəcədə güclənməsidir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsini kompensasiya etmək mümkündür. Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş İttifaq dövründə olduğu kimi, dövlətin nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir. Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər. Qlobal maliyyə böhranı şəraitində sənaye müəssisələrinə dövlət yardımlarının göstərilməsi də Prezident İlham Əliyevin antiböhran tədbirlərinin mühüm tərkib hissəsidir. Dövlət başçısı Nazirlər Kabinetinin son iclasında Azərbaycan İnvestisiya Şirkətinin bu istiqamətdə yerli investorlarla əməkdaşlıq etməsinin vacibliyini vurğulamışdır: "Düzdür, Azərbaycan Dövlət İnvestisiya Şirkəti daha çox xarici investisiyaların cəlb edilməsi üçün yaradılmışdır. Ancaq, eyni zamanda, bu şirkət Azərbaycan iqtisadiyyatında daha çox prioritet xarakter daşıyan sahələrdə yerli investorlarla da uğurlu əməkdaşlıq edə bilər. Hesab edirəm ki, növbəti ildə dövlət büdcəsində Azərbaycan Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılması məsələləri də öz həllini tapmalıdır. Çünki bu vaxta qədər ayrılmış vəsaitin, demək olar ki, böyük hissəsi xərclənib, bir hissəsi də xərclənəcəkdir. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin hər il əlavə maliyyə resursları olmalıdır ki, biz bu vəsaiti lazımi sahələrə yönəldək".

Müasir dövrdə istənilən dövlətin davamlı və sabit inkişafının ümdə şərtlərindən biri onun lazımi infrastruktura malik olmasıdır. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Ümumbəşəri sivilizasiyanın ən yüksək səviyyəyə çatdığı bir şəraitdə Azərbaycan vətəndaşının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur layihələrin gerçəkləşdirilməsi, ilk növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı, yolların bərpası və yenidən çəkilişi, zəruri abadlıq işlərinin aparılması dövlətin əsas vəzifələrindəndir. Qlobal maliyyə böhranına baxmayaraq, 2009-cu ilin dövlət büdcəsindən infrastruktur layihələrinə 5,6 milyard manat ayrılması vətəndaşların rahatlığına və firavanlığına xidmət edən bu islahatların hökumət üçün nə dərəcədə prioritet olduğunu göstərir.

Hesabat dövründə bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi davam etdirilmiş, dövlət büdcəsindən bu məqsədə 1 milyard 675 milyon manat vəsait ayrılmışdır. Həmin vəsaitlərin böyük bir qismi sosial-mədəni və məişət təyinatlı obyektlərin - təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, idman müəssisələrinin tikintisinə və yenidən qurulmasına yönəldilmişdir. İcrası ötən illərdən başlamış qlobal əhəmiyyətli layihələrin icrasında da ləngimə olmamış, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişləri, eyni zamanda, magistral əhəmiyyətli yolların yenidən qurulması davam etdirilmişdir. Regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması istiqamətində işlər intensivləşmişdir. Nazirlər Kabinetinin son iclasında da vurğulandığı kimi, həyata keçiriləcək tədbirlər nəticəsində Kür-Araz çayları ətrafında yerləşən kəndlərdə yaşayan insanların hamısı ekoloji cəhətdən təmiz içməli su ilə təmin ediləcəkdir.

Hökumətin iclası həm də onu göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin 6 ayında da sosial-liberalizm xəttinə sadiq qalmış, qlobal böhranın vətəndaşların mənafeyinə ziyan vurmaması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Ümumilikdə, sosial məsələlərin həlli hökumətin son illərdəki fəaliyyətinin əsas qayəsinə çevrilmiş, dövlət büdcəsindən bu məqsədlə vəsaitlərin ildən-ilə artırılması müşahidə edilmişdir. Yürüdülən siyasət elmi əsaslara söykəndiyindən, bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə geniş dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyət təşkil etmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının uğurlu nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.

Bir çox dövlətlərdən fərqli olaraq, qlobal maliyyə böhranı ölkəmizdə aztəminatlı təbəqənin sosial rifah halına heç bir təsir göstərməmiş, əksinə, ərzaq malları üzrə inflyasiyanın cəmi 2,1 faiz olması fonunda əhalinin pul gəlirlərinin 19 faiz artması alıcılıq qabiliyyətinin yüksəlməsinə imkan yaratmışdır. Hesabat dövründə əhalinin real gəlirləri 15-16, orta aylıq əməkhaqqı 15 faiz artmışdır. Bundan əlavə, regionların inkişafına xidmət edən tədbirlərin uğurla davam etdirilməsi nəticəsində respublikada 35 min yeni iş yeri açılmışdır və bunun da 25 mini daimidir.

Hesabat dövründə dövlətdən ünvanlı sosial yardım alan vətəndaşların sayının 800 minə çatması, orta hesabla hər ailəyə 100 manat məbləğində yardımın göstərilməsi, habelə ipoteka kreditləşməsinin bərpası da hökumətin sosialyönümlü siyasətinin göstəricisidir. Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında vurğuladığı kimi, yoxsulluğun azaldılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir: "...Bu böhran bir həqiqət anı idi. Kimin nəyə qadir olduğunu çox açıq şəkildə göstərdi. İlk növbədə, onu göstərdi ki, Azərbaycan dövləti istənilən iqtisadi sınaqlardan şərəflə çıxa bilər və bu iqtisadi sınaqlar Azərbaycan əhalisinə heç bir təsir göstərməmişdir. Belə olan halda, sosial proqramların davam etdirilməsi ilə bağlı bütün lazımi tədbirlər görüləcəkdir. Yoxsulluğun azaldılmasına dair bu vaxta qədər görülən tədbirlər davam etdirilməlidir. Hələ ki demək tezdir, ancaq mən hesab edirəm ki, Azərbaycanda yoxsulluğun azaldılması meyilləri davam etdirilməlidir. Sosial infrastrukturun yeniləşdirilməsi və tikintisi, xəstəxanaların, məktəblərin tikintisi və s. ilə bağlı proqramlar, büdcədə nəzərdə tutulmuş investisiya layihələri icra olunmalıdır".

Azərbaycanın son illərdə əldə etdiyi mühüm uğurlarından biri də onun qısa müddətdə Avropa üçün alternativ enerji mənbələri formalaşdırmaq, neft kəmərlərini şaxələndirmək təşəbbüslərini praktik fəaliyyət müstəvisinə keçirməyə nail olmasıdır. Hesabat dövründə bu istiqamətdə də bir sıra uğurlu addımlar atılmışdır. Konkret olaraq Azərbaycan qazının Rusiyaya satışı ilə bağlı aparılan danışıqların iyulun əvvəllərində uğurla başa çatması - hər iki ölkənin dövlət rəhbərlərinin bununla əlaqədar Bakıda saziş imzalaması respublikamızın regionun enerji təhlükəsizliyi sisteminə daha bir mühüm töhfəsi sayıla bilər. Faktiki olaraq indiyədək Türkiyəni, İranı, Yunanıstanı və Gürcüstanı əhəmiyyətli həcmdə qazla təmin edən respublikamızın Rusiyaya qaz nəqlinə başlaması təkcə iqtisadi-kommersiya deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir.

Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana son səfəri zamanı əldə edilmiş yekun razılığa əsasən, Azərbaycan Rusiyaya hər 1000 kubmetri 350 ABŞ dolları olmaqla, ildə 500 milyon kubmetr mavi yanacaq ixrac etməlidir. 5 illik müqavilənin rəsmi Bakının maraqlarına cavab verən şərtlər əsasında imzalanması göstərir ki, respublikamız istənilən məsələdə, o cümlədən təbii sərvətlərindən səmərəli istifadədə, ilk növbədə, xalqın milli mənafeyini əsas götürür. Enerji sahəsində əməkdaşlığın sivil kommersiya prinsiplərinə, beynəlxalq normalara əsaslanması vacibliyini dəfələrlə bəyan etmiş Azərbaycan iqtidarı təbii sərvətlərin satışı zamanı ədalətli qiymət faktorunu da xüsusi diqqətə çəkir.

Respublikamızın mövcud olduğu zəngin qaz ehtiyatları ona bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək imkanı yaradır. Gələn ildən yeni imzalanmış neft-qaz layihələri üzrə əməli-praktik işlərə başlanacaqdır. Bu baxımdan, "Şahdəniz" layihəsinin ikinci mərhələsinin başlanması ilə bağlı həyata keçirilən tədbirlər xüsusi vurğulanmalıdır.

Ümumilikdə, Nazirlər Kabinetinin 2009-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasının təhlilinə nəzərən tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqli şəkildə davam etdirən dövlət başçısı cənab İlham Əliyev milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Bu fakt bir daha göstərir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2009.- 8 avqust.- S. 4.