Əlverişli
coğrafi-geosiyasi məkanda yerləşən Azərbaycanın
son illərdə Cənubi Qafqazın lokomotiv dövlətinə
çevrilərək dünyanın fövqəlgüc mərkəzlərinin
strateji maraq dairəsinə daxil olması, balanslı, sabit və
ardıcıl xarici siyasət strategiyası ilə regionda
toqquşan maraqları optimal şəkildə
uzlaşdırması heç də yalnız respublikanın zəngin
təbii sərvətləri ilə şərtlənmir. Analoji
tərəqqi yolu keçmiş bir sıra Qərb dövlətlərində
olduğu kimi, Azərbaycanda da zəngin təbii potensialın
milli mənafelərə uyğun
reallaşdırılması, respublikamızın regional və
qlobal miqyasda təsir edən proseslərə geniş nüfuz
imkanları qazanması məhz milli lider amili ilə şərtlənir.
Ulu öndər Heydər Əliyevin
balanslaşdırılmış xarici siyasət kursunu keyfiyyətcə
yeni mərhələdə uğurla davam etdirən və yeni
çalarla təkmilləşdirən Azərbaycan Prezidenti
İlham Əliyev praqmatizmə, əməli fəaliyyətə
və konstruktivizmə əsaslanan çevik siyasətə
üstünlük vermiş, respublikamız qlobal iqtisadi əməkdaşlıq
təşəbbüslərinin əsas mərkəzinə
çevrilmişdir.
Xarici siyasətin dəyişməz hədəfləri
Dinamik inkişaf və tərəqqi
yolunda olan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən
biri də milli mənafeləri bəşəri miqyasda
müdafiə edə bilən praqmatik, çevik, təmkinli və
səriştəli xarici siyasətin yeridilməsidir. Eyni
zamanda, dünyanın bütün dövlətləri ilə
bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr
yaratmaq və inkişaf etdirməklə, ölkənin beynəlxalq
mövqelərini möhkəmləndirmək,
iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf
etdirmək ən ümumi vəzifələr
sırasındadır. Bu reallıqlara nəzərən
dövlət başçısı İlham Əliyevin xarici
siyasətdə üstünlük verdiyi strategiya nəinki
milli maraqların maksimum dərəcədə qorunmasını,
eyni zamanda, Azərbaycanın heç bir dövlətdən
asılı olmadan - tam müstəqil siyasət yeritməsini
təmin etmişdir. Bu gün ərazi və əhali
baxımından o qədər də böyük olmayan,
dünya neft ehtiyatlarının cəmi 1 faizinə sahiblik edən
Azərbaycan məhz düşünülmüş xarici siyasəti,
əlverişli geopolitik mövqeyi, nəqliyyat-kommunikasiya və
tranzit imkanları, iqtisadi inkişaf dinamikası və
tolerantlığı ilə Avrasiya qitəsinin ən cəlbedici
məkanlarından birinə çevrilmiş, eləcə də
ayrı-ayrı dövlətlərin bölgədə
toqquşan maraqlarının optimal balansına nail ola
bilmişdir.
Uzunmüddətli xarici
siyasət strategiyası konkret zaman, məkan və şəraitə
uyğun olaraq dövlətlərin cari xarici siyasət
proqramının hazırlanmasını, yürüdüləcək
siyasətin, görüləcək işlərin prioritetlərinin
müəyyənləşdirilməsini tələb edir. Əslində,
xarici siyasət sahəsindəki prioritetlər dövlətin
uzunmüddətli diplomatik fəaliyyət proqramı,
qarşısında duran vəzifələrin daha dəqiqləşdirilmiş,
qruplaşdırılmış, təsnifatlaşdırılmış,
mövcud zaman və məkan çərçivəsində
önə çıxarılmış hissəsidir. Rəsmi
Bakı regionda və bütövlükdə beynəlxalq
münasibətlər sistemində cərəyan edən proseslərin
mahiyyətinə adekvat olaraq xarici siyasətdə müəyyən
reveranslar etsə də, dövlət müstəqilliyinin hər
cür təhdiddən qorunması, ərazi bütövlüyünün,
suverenliyinin bərpası, beynəlxalq hüquq normaları əsasında
ikitərəfli və çoxtərəfli əməkdaşlıq
münasibətlərinin qurulması, müstəqil xarici siyasətin
həyata keçirilməsi, səmərəli iqtisadi layihələrin
dəstəklənməsi, ərazilərin Ermənistanın
işğalından azad edilməsi kimi prioritetlər dəyişməz
qalır.
Xatırlatmaq
lazımdır ki, hələ ulu öndər Heydər Əliyevin
rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12
noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş ilk milli Konstitusiyada respublikamızın xarici siyasətinin
konseptual əsasları, məqsədi, prinsip və
başlıca xüsusiyyətləri öz əksini
tapmışdır. Əsas Qanunun 10-cu maddəsində
göstərilir ki, Azərbaycan başqa dövlətlərlə
və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq
hüquq normaları və ölkənin maraqlarını nəzərdə
tutan prinsiplər əsasında qurur. Dövlət
başçısı İlham Əliyev də məhz bu tələblərdən
çıxış edərək hər bir konkret zaman, məkan
və şərait çərçivəsində xarici siyasət
prioritetlərini müəyyənləşdirir, onun həyata
keçirilməsini təmin edir. Beynəlxalq münasibətlər
sisteminin yeni düzəni, dövlətlərarası əlaqələrin
prinsipləri, beynəlxalq hüququn təsir gücü və
dairəsi, beynəlxalq təşkilatların Azərbaycanla
bağlı yürütdüyü siyasətin mahiyyəti
xarici siyasətdə ciddiliklə nəzərə
alınır. Şəffaflıq və öncədən
müəyyənləşdirmə, habelə öhdəliklərə
sadiqlik respublikamızın xarici siyasətinin fundamental prinsipləri
olaraq qalır. İstər qonşu, istərsə də digər
dövlətlərlə səmərəli ikitərəfli və
çoxtərəfli əlaqələri inkişaf etdirən
Azərbaycan regionda və onun sərhədlərindən kənarda
sülh içində birgə yaşama və mehriban
qonşuluq prinsiplərini təşviq edir.
Balanslaşdırılmış
xarici siyasət nəticəsində Azərbaycan nəinki beynəlxalq
mövqelərini möhkəmləndirə bilmiş, həm də
qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici
subyektinə çevrilməyə nail olmuşdur. Bu gün
respublikamız regionda yeritdiyi konstruktiv xarici siyasət nəticəsində
eyni zamanda həm ABŞ, həm Rusiya, həm İran, həm də
İsraillə sıx əməkdaşlıq edir. Bu və digər
dövlətlərin ziddiyyət təşkil edən maraqları
fonunda Azərbaycanın müstəqilliyini möhkəmləndirmək,
əks qütblərin hər biri ilə münasibətləri
strateji tərəfdaşlıq səviyyəsində davam
etdirmək çətin məsələdir. Cənab İlham
Əliyev bu vəzifənin öhdəsindən uğurla gələrək
bütövlükdə dünya siyasətində bütün
siyasi qütblərin hesablaşdığı və rəğbət
bəslədiyi fenomenal siyasi liderə çevrilmişdir.
Respublikamız beynəlxalq
hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət
həyata keçirməklə, bütün dövlətlərin
suverenliyi və ərazi bütövlüyünü əsas
tutur, bir dövlətin digərinin daxili işlərinə
müdaxiləsini yolverilməz sayır. Azərbaycanın
geosiyasi rəqabət və çəkişmə
meydanına çevrilməsinə heç zaman yol verməyəcəyini
dəfələrlə bəyan etmiş dövlət
başçısı İlham Əliyev, eyni zamanda, rəsmi
Bakı ilə ultimatum və təzyiq dilində
danışmağın da mənasızlığını qətiyyətli
və prinsipial addımları ilə sübuta yetirmişdir.
Şərqdən Qərbə körpü
Azərbaycan son illərdə
yeritdiyi tarazlaşdırılmış xarici siyasətlə
bölgədə maraqları toqquşan bütün dövlətlərlə
münasibətlərini bərabərhüquqlu tərəfdaş
səviyyəsində quraraq hətta hegemon dövlətləri
belə, özü ilə hesablaşmaq məcburiyyətində
qoymuş, beynəlxalq miqyasda sülh və əməkdaşlıq
mərkəzinə çevrilmişdir. Rəsmi Bakı
respublikanın milli maraqlarının hərtərəfli təminatı,
habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi
üçün iqtisadi, siyasi imkanlarından, karbohidrogen
ehtiyatlarından maksimum səmərəli istifadə edir.
Dövlət
başçısı İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, Azərbaycan bütün regional
məsələlərdə əsas oyunçulardan biridir,
regiondakı strateji əhəmiyyətli heç bir layihə
Azərbaycansız gerçəkləşə bilməz:
"Bu gün Azərbaycan bölgədə, dünyada cərəyan
edən prosesləri, sadəcə, müşahidə etməklə
kifayətlənmir. Biz proseslərin fəal
iştirakçısıyıq, bizim mövqeyimizdən,
sözümüzdən çox şey asılıdır. Azərbaycan
regionda sülh və əməkdaşlıq mərkəzinə
çevrilməkdədir. Bizimlə hesablaşırlar, məsləhətləşirlər
və bizim mövqeyimiz, bəzi hallarda birmənalı bəyanatlarımız
başqaları üçün də ciddi əsas
yaradır".
Son illər Bakıda
müxtəlif səviyyəli beynəlxalq və regional tədbirlərin
keçirilməsi bir tərəfdən respublikamızın
qlobal miqyasda artan nüfuzu, digər tərəfdənsə əlverişli
coğrafi-geosiyasi mövqeyi, habelə potensial imkanları ilə
şərtlənir. Azərbaycan bu gün Şərqlə Qərbi
birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya
xətlərinin, habelə neft-qaz boru kəmərlərinin
keçdiyi əlverişli tranzit məkan kimi təkcə
Avropa üçün deyil, həm də Uzaq Şərq
üçün strateji əhəmiyyət kəsb edir. Qərbin
etimadsız yanaşdığı Rusiya və İran kimi
dövlətlərin arasında yerləşən
respublikamız bir növ Şərqlə Qərb arasında əlverişli
körpü rolunu oynayır. Coğrafi baxımdan Qərblə
Şərqi qovuşduran Azərbaycan Avropa ölkələrindən
mal və xidmətlərin Asiya bazarlarına və yaxud əksinə
daşınması üçün təbii keçid
imkanını təmin edir. Bu mənada Orta Şərq və
Asiya ölkələri ilə əlaqələr Azərbaycanın
xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri
və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar
iqtisadi, telekommunikasiya və digər sahələrdə
qarşılıqlı faydalı əməkdaşlıq
üçün perspektivlər açır.
Cənubi Qafqaz regionu ərazisindən
beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya
dəhlizlərinin reallaşdırılması Azərbaycanın
tranzit imkanlarını əhəmiyyətli dərəcədə
genişləndirir. Üstəlik, Mərkəzi Asiya dövlətlərinin
malik olduğu zəngin karbohidrogen ehtiyatlarının Qərbə
daşınması üçün ən optimal marşrutlar
da məhz Azərbaycandan keçir. Qazaxıstan neft
ehtiyatlarının bir qismini məhz Bakı-Tbilisi-Ceyhan neft kəməri
ilə Qərb bazarlarına nəql etmək barədə
mövqeyini qətiləşdirib. Yaranmaqda olan Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat və enerji dəhlizi
üzərində - böyük ticarət yollarının kəsişməsində
yerləşməsi respublikamıza eyni zamanda enerji və
infrastruktur mərkəzinə çevrilmək imkanı
yaradır. Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin
(TRASECA), habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata
keçirilməsində də əsas
iştirakçılardan biridir. Üstəlik, Azərbaycan
Türkiyə və Gürcüstanla Qərb üçün
geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin çəkilişi istiqamətində
sıx əməkdaşlıq edir. Bu layihənin gerçəkləşdirilməsi
regional əməkdaşlığın sürətləndirilməsi
baxımından da müstəsna əhəmiyyət
daşıyır.
Azərbaycanın Qərb
və Avropa üçün müstəsna əhəmiyyət
kəsb edən dövlətə çevrilməsi heç də
sırf respublikamızın malik olduğu zəngin karbohidrogen
ehtiyatları ilə şərtlənmir. Küveyt, Nigeriya,
Venesuela, İran və Türkmənistan qədər nəhəng
neft-qaz ehtiyatlarına malik olmayan Azərbaycan daha çox
demokratikləşmə yolunu prioritet seçərək
Avratlantik məkana fəal surətdə inteqrasiya edən
etibarlı tərəfdaş kimi böyük etimad
qazanmışdır. Qərb dövlətləri, o cümlədən
Avropanın nüfuzlu enerji şirkətləri, nəhəng
biznes qurumları demokratiyanı və azad bazar
iqtisadiyyatını prioritet inkişaf yolu kimi qəbul etməyən
hər hansı dövlətlə əməkdaşlığı
kifayət qədər riskli və perspektivsiz sayırlar.
Azərbaycan isə Qərbdə
yalnız zəngin neft-qaz ehtiyatları ilə deyil, həm də
demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş
hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini
konkret addımları ilə sübuta yetirmişdir. Avropa
Şurasının tamhüquqlu üzvü olan
respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT,
Avropa Birliyi, NATO kimi nüfuzlu təşkilatlarla sıx əməkdaşlığı
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat
kimi qiymətləndirilir. Respublikamızın milli inkişaf və
tərəqqi baxımından demokratikləşmə xəttinə
səmimi bağlılığı da indi Qərb mühitində
hansısa şübhə və yaxud tərəddüd
doğurmur. Demokratik islahatlar yolunda olan, iqtisadi inkişaf
potensialı yüksək dəyərləndirilən,
dünya enerji təhlükəsizliyi sistemindəki rolu və
çəkisi durmadan artan Azərbaycan Avropa dövlətləri
üçün də strateji əhəmiyyətli dövlətə
çevrilir. Azərbaycanın NATO-nun "Fərdi əməkdaşlıq
üzrə əməliyyat planı"na, habelə Avropa
Birliyinin "Şərq tərəfdaşlığı"
layihəsinə cəlb olunması da məhz bu marağın
təzahürüdür. Sonuncu layihə Azərbaycanla Avropa
Birliyi arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və
institusional əməkdaşlığı inkişaf etdirir,
eləcə də əməkdaşlığın keyfiyyətcə
yeni səviyyəyə qaldırılması üçün
ciddi əsaslar yaradır.
Dövlət
başçısı İlham Əliyev neft və qazın
hasilatı, nəqli kimi məsələlərdə hər
zaman şəffaflıq və ədalət prinsiplərinə
riayət olunmasının vacibliyini önə çəkmiş,
təbii sərvətlərin iqtisadiyyatı inkişaf etdirmək
üçün əlverişli vasitə olduğunu dəfələrlə
vurğulamışdır. Hələ 2004-cü ildə
Böyük Britaniyanın keçmiş Baş naziri Toni
Bleyerin "Mədən sənayesində şəffaflıq təşəbbüsü"nə
qoşulduğunu bəyan etmiş Azərbaycan neft gəlirlərinin
toplandığı Dövlət Neft Fondunun da maksimum şəffaflığa
və hesabatlılığa əsaslanan fəaliyyətini təmin
etmişdir.
İqtisadiyyatı cəlbedici ölkə
Dünya təcrübəsi
göstərir ki, təbii sərvətlərin zənginliyi bəzi
hallarda dövlətlərə və xalqlara rifah, səadət
və inkişaf deyil, əksinə, böyük faciələr,
ağlasığmaz problemlər gətirir. Neftdən səmərəsiz
istifadə nəticəsində bir çox ölkəni
acınacaqlı vəziyyətə salmış "Holland
sindromu" kimi arzuolunmaz presedent mövcuddur. Azərbaycan isə
təbii sərvətlərindən maksimum səmərəli
və məqsədyönlü istifadə etməklə, ilk
növbədə, çoxşaxəli iqtisadi inkişafa nail
olmuş, eləcə də əhalinin sosial rifah
halının yüksəldilməsi istiqamətində
uğurlu nəticələr qazanmışdır. "Neft
bizim üçün məqsəd deyil, iqtisadiyyatı
inkişaf etdirmək üçün vasitədir" - deyən
dövlət başçısı İlham Əliyevin
yeritdiyi məqsədyönlü strategiya nəticəsində
2009-cu ildə ölkənin qeyri-neft sektoru yüksək
dinamizmlə - 14 faiz artmışdır. Maliyyə
böhranı şəraitində qeyri-neft sektorunda
artımın milli inkişaf tarixində ilk dəfə olaraq
neft sektorunda artımı üstələməsi hökumətin
fəaliyyətinin yüksək səmərəlilik əmsalı
kimi xüsusi vurğulanmalıdır.
2009-cu ildən daha
qabarıq hiss olunan qlobal maliyyə böhranına rəğmən,
Azərbaycan iqtisadiyyatı bu destruktiv prosesə ciddi
müqavimət göstərərək inkişaf tempini qoruyub
saxlayır. Neftin qiymətlərinin 3-4 dəfəyədək
aşağı düşməsinə rəğmən, cari
ildə ümumi daxili məhsulun 14 faizlik artımı
respublikada iqtisadiyyatın şaxələndirilməsi, neft
amilindən asılılığın azaldılması
istiqamətində həyata keçirilən siyasətin
praktik nəticəsindən xəbər verir. Hazırda
dünya ölkələrini iflic edən qlobal iqtisadi
böhranın Azərbaycana ciddi təsir göstərməməsi
də məhz hökumət səviyyəsində qeyri-neft
sektoruna göstərilən yüksək qayğının nəticəsidir.
İqtisadiyyatın şaxələndirilməsi və
qeyri-neft sektorunun inkişafı istiqamətində həyata
keçirilmiş əməli tədbirlər nəticəsində
son beş ildə qeyri-neft sektoruna qoyulan investisiyalar beş ildə
6,2 dəfə artmış, onun xüsusi çəkisi
2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə
yüksəlmişdir.
Qlobal böhranın Azərbaycana
ciddi sirayət etməməsinin əsas səbəblərindən
biri də regionlarda əlverişli biznes və investisiya
mühitinin formalaşması, iş adamlarının fəaliyyət
imkanlarının genişlənməsi, bölgələrin istehsal
potensialının səmərəli realizəsi, daxili
istehsalın təşviq edilməsidir. Daxili investisiya
qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə
artması, xaricdən maliyyə
asılılığının minimuma endirilməsi, real
sektorun, istehsalla məşğul olan müəssisələrin
hərtərəfli dəstəklənməsi, daxili
bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət
kəsb edir. Ümumilikdə respublikada iqtisadiyyatın dövlət
tənzimlənməsi prosesi tamamilə demokratik prinsiplərə
söykənməklə yanaşı, respublikada makroiqtisadi
sabitliyin qorunub saxlanılmasına, real sektorun dinamik
inkişafına, onun maliyyə təminatının möhkəmləndirilməsinə
xidmət edir.
Hökumətin paralel
olaraq infrastruktur layihələrinə ciddi əhəmiyyət
verməsi yerli və xarici sahibkarlığın dinamik
inkişafı, respublikanın investisiya cəlbediciliyinin
yüksəldilməsi baxımından son dərəcə
vacib əhəmiyyət daşıyır. Əgər
2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin
maliyyələşdirilməsinə 600 milyon manat
ayrılmışdısa, 2009-cu ildə bu rəqəm 5,6
milyard manat təşkil edir. Bir tərəfdən makroiqtisadi
sabitlik, digər tərəfdənsə əlverişli biznes
mühiti respublikamızın Qərb şirkətləri
üçün cəlbediciliyini daha da artırır. Bundan
başqa, biznes subyektlərinin qeydiyyat sisteminin sadələşdirilərək
"vahid pəncərə" sistemi əsasında aparılması,
"Xüsusi iqtisadi zonalar haqqında" qanunun qəbulu da
ölkəyə xarici investisiyaların cəlbi
baxımından vacib əhəmiyyət kəsb edir. Son
beş ildə Azərbaycan iqtisadiyyatına 44 milyard dollar məbləğində
sərmayənin yatırılması da deyilənlərin əyani
təsdiqidir.
Respublikada əlverişli
biznes mühitinin mövcudluğunu şərtləndirən ən
başlıca amil xarici investisiyalara hökumət səviyyəsində
ciddi təminatın verilməsi, eyni zamanda iri neft və qaz
müqavilələrinin Milli Məclis tərəfindən
ratifikasiya edilməsidir. Bir sözlə, Qərbin köməyi
və davamlı dəstəyi ilə iqtisadiyyata struktur
islahatlarını müvəffəqiyyətlə başa
çatdırmaq, dünyanın liberal ticarət-biznes məkanına
daxil olmaq üçün əlverişli beynəlxalq dəstək
almaq və dinamik inkişaf yoluna çıxmaq xarici siyasətin
mühüm prioritetlərindən biri olaraq qalır.
Dövlət
başçısı İlham Əliyevin neft amilini insan
kapitalına çevirmək istiqamətində həyata
keçirdiyi məqsədyönlü strategiya da Qərb
dövlətlərində maraqla qarşılanır. Cənab
İlham Əliyev xüsusi vurğulayır ki, intellektual
potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə
görə bu gün hətta zəngin təbii sərvətləri
belə üstələyir. Yeni dünya nizamında
elmi-informativ biliklər inkişafın mühüm
katalizatoruna, innovasion yeniliklərin başlıca təminatına
çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması,
əldə edilməsi, tətbiqi sosial-iqtisadi inkişafın,
qlobal rəqabətin mühüm amilləridir.
Avropa təhsil sisteminə
fəal inteqrasiyanı nəzərdə tutan Bolonya prosesinə
qoşulmuş Azərbaycan da perspektiv inkişafını təbii
sərvətlərdə deyil, məhz elm və təhsildə,
informasiya-kommunikasiya texnologiyalarının inkişafında
görür.
Sivilizasiyaların qovuşduğu tolerant məkan
Sivilizasiyaların dialoqu
və tolerant düşüncə tərzi, cəmiyyətin
tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyət
və lokal insan birliklərinin birgəyaşayışı nəticəsində
əldə olunmuş tarixi nailiyyət olaraq, demokratik cəmiyyətin,
mədəniyyətlərarası münasibətlərin təməl
prinsiplərindəndir. Tarixən başqa millətlərə
və səmavi dinlərə, fərqli mədəniyyətlərə
dözümlü yanaşması ilə seçilən Azərbaycanda
tolerantlıq xalqımızın milli-mənəvi dəyərlər
sistemindən, düşüncə sistemindən
qaynaqlanır. Geostrateji mövqeyinə görə
çeşidli dünyagörüşü və həyat tərzinin,
mədəni-mənəvi dəyərlərin, dini
konfessiyaların qovuşduğu bu torpaq milli-etnik tərkibi ilə
dünyanın nadir mədəni sivilizasiyalarından birinə
çevrilmişdir. Belə bir məkanda yaşayan insanlar bu təmasın
təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü,
Qərb və Şərq mədəniyyətinin dialoqunu da
öz gündəlik həyatında hiss edir. Bəzən
dünyanın ən müxtəlif qübtlərində siyasi
qarşıdurmalara çevrilən bu dialoq Azərbaycan mədəniyyətində
hər hansı çatışmazlıqlara səbəb
olmamış, əksinə, bu məmləkətdə bənzərsiz
mədəni mühit formalaşdırmışdır. Ümummilli
lider Heydər Əliyevin dediyi kimi, "Yönümüz Şərqə
olsa da, yolumuz Qərbədir".
Azərbaycanın həm Qərb, həm də Şərq mədəniyyətinə məxsus olması ilə bağlı nadir xüsusiyyəti ona dini məlumatsızlığın və dözümsüzlüyün aradan qaldırılması üçün dinlərarası dialoqda mühüm rol oynamaq üçün imkanlar yaradır. Eyni zamanda, respublikamız dərin tarixi köklərə malik, etnik və dini dözümlülük baxımından nadir dünyəvi müsəlman ölkəsidir. Hazırda Azərbaycanda mövcud olan etnik-dini tolerantlıq bəzi inkişaf etmiş ölkələrə də örnək göstərilə bilər. Əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini hifz etməyi bacaran Azərbaycan xalqı ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə müasirliyə və yeniliyə can atmaqdadır. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı haqlı olaraq vurğulayır ki, demokratik prinsiplərlə yaşamaq, bu yönümdə inkişaf etmək arzusunda olan hər bir dövlət ölkəsində cəmiyyətdaxili tolerantlığın bərqərar olmasını təmin etməlidir. Və bu, regionda, sonda isə bütün dünyada tolerant durumun formalaşmasına olan xidmətdir. Dövlət başçısı respublikamızda bütün milli və dini azlıqların birgə yaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir: "Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır. Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma mövcuddur. Başqa dövlətlər də Azərbaycanın bu təcrübəsindən faydalana bilərlər".
Müxtəlif xalqların dinc yanaşı şəraitdə yaşaması, habelə vicdan azadlığının maksimum səviyyədə təmin olunması Azərbaycanın Qərb mühitində nüfuzunu və regiondakı xüsusi çəkisini daha da artırır. Mədəniyyətlər arasında körpü rolunu oynayan Azərbaycan beynəlxalq birliyin mənafeyi naminə bu dəyərləri təşviq etmək məsuliyyətini hiss edir. 2007-ci ildə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sədri kimi Azərbaycan İslam Konfransı Təşkilatının strukturlarının və funksiyalarının daha da gücləndirilməsi və Avropa təşkilatları ilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində səylər göstərmişdir. 2009-cu ildə Bakı şəhərinin "İslam mədəniyyətinin paytaxtı" elan olunması da İKT-nin respublikamızla humanitar sahədə əməkdaşlığa yüksək önəm verdiyini təsdiqləyir.
Cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu gün Azərbaycan yüksək tolerantlığı, zəngin mədəniyyəti ilə yaşamaq üçün də əlverişli ölkədir. Dini tolerantlıqla yanaşı, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, təhlükəsizlik kimi amillər də ölkəyə xarici miqrasiyanı şərtləndirən amillər sırasındadır. "Azərbaycanda əcnəbilər müxtəlif sahələrdə işləyirlər. Onlar yüksək maaş alan mütəxəssislərdir, enerji sektorunda, xidmət sektorunda çalışanlardır. Ancaq bununla bərabər, fəhlələr də kifayət qədər çoxdur və onların sayı getdikcə artır. Bir daha demək istəyirəm ki, bu, iqtisadi inkişafın çox vacib göstəricisidir. İkincisi, bu onu göstərir ki, Azərbaycan yaşamaq üçün çox gözəl ölkədir. Biz onsuz da bunu bilirik. İndi isə bütün dünya bunu bilir" - deyə dövlət başçısı bildirir.
Enerji sektorunda etibarlı tərəfdaş
Azərbaycanın xarici siyasətinin hazırkı arxitekturasına təsir edən mühüm amillərdən biri də respublikanın zəngin neft-qaz resurslarına malik olmasıdır və bu reallığı heç bir halda istisna etmək olmaz. Respublikamız özünün Avrasiya məkanındakı əhəmiyyətli geosiyasi vəziyyətini və zəngin enerji resurslarını Qərbə lazımi səviyyədə təqdim etməklə, bölgədə lider statusunu təmin etmişdir. Azərbaycanın zəngin təbii sərvətlərə malik olması nəinki xalqın rifahına xidmət edir, eyni zamanda, bu, milli təhlükəsizliyin və siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından da vacib amildir. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının hasilatı və təhlükəsiz marşrutlarla dünya bazarlarına nəqli Azərbaycanın enerji strategiyası adı altında xarici siyasətdə prioritet istiqamətlərdən birini təşkil edir. Bu strategiyanın əsas mahiyyəti Xəzər dənizinin Azərbaycan sektorunda mövcud karbohidrogen ehtiyatlarının qabaqcıl Qərb texnologiyası və investisiya imkanlarından səmərəli istifadə yolu ilə dövriyyəyə buraxılması, təhlükəsiz yollarla dünya bazarına çıxarılması, satışından əldə edilən vəsaitin ölkənin digər sahələrinin, qeyri-neft sektorunun inkişafına yönəldilməsi, ən başlıcası, bugünkü və gələcək nəsillərin firavan həyatının təmin edilməsidir.
Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi hazırkı şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu və mövqeyi kifayət qədər yüksək dəyərləndirilir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi məsələsinin Rusiya ilə Qərb arasında gərginlik mənbəyi olaraq qalması ilə bağlıdır. Xüsusən də Gürcüstanla Rusiya arasında ötən ilin avqust ayında baş vermiş hərbi toqquşmadan sonra Qərb dövlətləri hər zaman Rusiyanın "enerji sınağı"na məruz qala biləcəklərindən ehtiyatlanırlar.
Rəsmi Moskvanın bu zəif nöqtədən tutmaqla bir sıra nüfuzlu Avropa dövlətlərinə təsir imkanı əldə etmək cəhdləri Qərbdə təlaşla qarşılanır və bütövlükdə bu coğrafi arealda enerji təhlükəsizliyi sisteminə potensial təhdid kimi dəyərləndirilir. Son illər Rusiyadan yan keçməklə Xəzər regionunun karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan alternativ neft və qaz borularının çəkilməsi ətrafında müzakirələrin intensivləşməsi də məhz bu amillə şərtlənir. Bu müzakirələrin bilavasitə Azərbaycanın iştirakı ilə aparılması isə respublikamızın bütövlükdə regionun enerji təhlükəsizliyində artan rolu və imkanları ilə bağlıdır. Bir neçə gün əvvəl Türkiyədə Azərbaycanın da iştirakı ilə "Nabucco" qaz kəmərinin gerçəkləşdirilməsi ilə bağlı hökumətlərarası sazişin imzalanması deyilənləri bir daha təsdiqləyir.
Azərbaycanın karbohidrogen ehtiyatları ölkəni əhəmiyyətli enerji mənbəyinə və beynəlxalq təchizat sisteminin vacib tərkib hissəsinə çevirir. Yalnız enerji istehsalçısı və ixracçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycan regionun mərkəzi oyunçusuna çevrilir. Respublikamızın coğrafi yerləşməsi ölkənin dünya bazarlarına enerji nəqlini şaxələndirmək imkanı verir.
Son dövrlər müxtəlif dövlətlərin Azərbaycana marağının kəskin şəkildə artması da məhz respublikanın enerji sahəsində etibarlı və öhdəliklərinə sadiq tərəfdaş olması ilə şərtlənir. Təkcə 2009-cu ilin müvafiq dövründə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda, İçveçrədə, Çexiyada, Belçikada, o cümlədən 3 dəfə Rusiyada işgüzar səfərdə olmuş, enerji məsələlərilə bağlı intensiv müzakirələr aparmışdır. Dövlət başçısının bu il ərzində Küveytə, İrana və Böyük Britaniyaya gerçəkləşən rəsmi səfərləri, o cümlədən Yunanıstana dövlət səfəri zamanı da Azərbaycanla bu dövlətlər arasında enerji sektorunda əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir. Bundan əlavə, 2009-cu ildə Ukrayna, Gürcüstan, İsrail, Rusiya, Suriya və Polşa prezidentləri, habelə Türkiyənin Baş naziri Azərbaycanda səfərdə olmuş, müxtəlif sahələrdə əməkdaşlığın prioritetləri, habelə enerji təhlükəsizliyi məsələsi ətrafında qarşılıqlı faydalı müzakirələr aparılmışdır.
Təkcə son iki ayda İsrail, Rusiya, Polşa və Suriyanın dövlət rəhbərlərinin Azərbaycana səfər etməsi, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyada, daha sonra Rusiyada olması respublikamızın xarici siyasətinin çevik və praqmatik mahiyyət daşıdığını bir daha təsdiqləyir. Təcavüzkar siyasətindən əl çəkməyən, Rusiyanın forpostuna çevrilən, Qərb üçün heç bir maraq kəsb etməyən Ermənistandan fərqli olaraq Azərbaycan sanballı iqtisadi tərəfdaş kimi qəbul edilir. Respublikamıza intensivləşən səfərlər, eyni zamanda, Azərbaycanın regionda artan nüfuzunun, proseslərə əsaslı təsir imkanlarının nəticələri kimi diqqəti çəkir.
Xüsusi vurğulamaq lazımdır ki, bir vaxtlar Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilməyən Rusiya Federasiyası son illərdə respublikamızla bərabərhüquqlu əməkdaşlığı möhkəmləndirmək istiqamətində ciddi səylər göstərir. Rusiyanın gənc və enerjili dövlət başçısı Dmitri Medvedevin son bir ildə Azərbaycanda iki dəfə səfərdə olması (Rusiya Prezidentinin ilk rəsmi səfər etdiyi dövlətlərdən biri məhz Azərbaycan olmuşdu - X.N.) faktı özlüyündə çox mətləblərdən xəbər verir. Aşkar görünür ki, Rusiyanın dövlət başçısı respublikamızın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir.
Cənab Dmitri Medvedevin Bakıya iyulun əvvəllərində gerçəkləşən işgüzar səfəri zamanı Azərbaycan qazının Rusiyaya satışı ilə bağlı aparılan danışıqlar uğurla yekunlaşmış, hər iki ölkənin dövlət başçıları bununla əlaqədar Bakıda saziş imzalamışlar. Sazişə əsasən, Azərbaycan Rusiyaya hər 1000 kubmetri 350 ABŞ dolları olmaqla, ildə 500 milyon kubmetr mavi yanacaq ixrac etməlidir. 5 illik müqavilənin rəsmi Bakının maraqlarına cavab verən şərtlər əsasında imzalanması göstərir ki, respublikamız istənilən məsələdə, o cümlədən təbii sərvətlərindən səmərəli istifadədə ilk növbədə xalqın milli mənafeyini əsas götürür. Enerji sahəsində əməkdaşlığın sivil kommersiya prinsiplərinə, beynəlxalq normalara əsaslanması vacibliyini dəfələrlə bəyan etmiş Azərbaycan iqtidarı təbii sərvətlərin satışı zamanı ədalətli qiymət faktorunu da xüsusi diqqətə çəkir.
Azərbaycan regionun iri neft və qaz hasilatçısı olaraq bütün iqtisadi və siyasi öhdəliklərə əməl olunmasını qarşılıqlı faydalı əməkdaşlıqda vacib amillərdən biri kimi dəyərləndirir. Rəsmi Bakı siyasi və iqtisadi öhdəliklərinə daim sadiq qalaraq qiymət mübahisələrinin baş verməməsinə, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında sivil və işgüzar münasibətlərin qurulmasına çalışır. Dövlət başçısı İlham Əliyev neftin, qazın idxalı və ixracı məsələlərinin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulamaqla yanaşı, enerji təhlükəsizliyinin təmini işində istehsalçılar, istehlakçılar və tranzit ölkələr arasında əməkdaşlığı da vacib sayır. Praqmatik və realist siyasətçi kimi daim vurğulayır ki, enerji təhlükəsizliyi təkcə istehlakçılar üçün yox, eyni zamanda istehsalçılar üçün, tranzit ölkələr üçün təhlükəsizlik deməkdir. Bu üç tərəf arasında əməkdaşlıq şəffaf, beynəlxalq təcrübəyə uyğun olmalı, bazar iqtisadiyyatı, sağlam rəqabət prinsipləri əsasında qurulmalıdır. İstehsalçı, istehlakçı və tranzit ölkələr arasında əməkdaşlığın sivil normalara əsaslanması, alqı-satqı məsələlərində qiymətlərin ədalət prinsipi ilə razılaşdırılması isə uzunmüddətli əməkdaşlığın vacib şərtlərindəndir. Rusiyaya mavi yanacağın nəqli ilə bağlı danışıqlar prosesində bunu bir daha əməli işilə sübuta yetirən rəsmi Bakı hansısa dövlətə neftin, yaxud qazın nəqli məsələsində optimal kommersiya şərtlərini əsas götürür, siyasi mülahizələrə yol vermir. Əldə olunmuş razılaşma da göstərir ki, Rusiyaya təbii qazın satışı zamanı Azərbaycan xalqının və dövlətinin iqtisadi mənafeyi maksimum dərəcədə önə çəkilmişdir.
Bir sözlə, bu gün Azərbaycanın istər xarici, istərsə də daxili siyasəti regional liderliyi çoxdan qazanmış respublikamızı daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzinə çevirir. Rəsmi Bakının yeritdiyi praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı bütövlükdə Avropa məkanında strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirir. Ən başlıcası, indi Avropanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı sadəcə neft istehsalçısı və ixracatçısı kimi deyil, demokratik inkişaf və tərəqqi yoluna, sivil Qərb dəyərlərinə sadiq ölkə kimi qəbul edirlər.
Xalid NİYAZOV
Azərbaycan.- 2009.- 8 avqust.- S. 3.