Tərtər gül-çiçəklər
və bulaqlar şəhəridir
Tərtərin mərkəzinin
mənzərəsi hər gün dəyişir. Şəhər
böyüyür, genişlənir. Göz işlədikcə
görünən gül-çiçəklər,
yaşıllıqlar qəlbə fərəh və
rahatlıq gətirir, bu isti yay günlərində
insanları öz qoynuna çəkir. Hər axşam şəhərdəki
onlarla bulağın ətrafına toplaşanlar burada
rahatlıq tapır, sərinlikdən zövq alırlar. Onu da
deyək ki, şəhərdəki yeniliklər tərtərlilərin
psixologiyasında da dəyişikliklərə səbəb
olub.
Cəmi bir neçə
il bundan əvvəl şər qarışanda qız-gəlinlər
küçəyə çıxmazdılar. İndi
axşamlar ailəvi gəzintilər bir ənənəyə
çevrilib. Uşaqların sevinci valideynlərin, baba və nəvələrin
sevincinə qarışır, insanlarda xoş ovqat yaradır.
Bu günlər şəhərin
qonaqları da çoxdur. Tərtərdən kənarda
yaşayanlar indi istirahətlərini burada keçirməyə
üstünlük verirlər. Onlar doğma şəhərin
abadlaşan, gözəlləşən küçələrini,
parklarını, seyrəngahları, bulaqları balalarına fəxrlə
göstərir, bütün bunları öz uşaqlıq illərilə
müqayisə edir və bu günümüzdən qürur
duyduqlarını söyləyirlər.
- Bu günlərdə
rayonumuza gəldim. Maşınımız Bərdədən
keçib Tərtərə çatanda gözlərimə inanmadım.
Bir anlıq düşündüm ki, bəlkə yolu səhv
gəlmişik. Uşaqlar
çaşqınlığımı görüb
güldülər.
Dedilər ki, Tərtər
indi sənin uşaqlıq illərinin şəhəri deyil. Ölkəmizdə
gedən quruculuq işləri bu yerləri də
büsbütün dəyişib.
Tərtər Rayon
İcra Hakimiyyəti memarlıq şöbəsinin müdiri
Tofiq Kərimov bildirdi ki, 2009-cu ilin fevral ayından
başlayaraq Tərtər -Bərdə maqistral yolunun 2-ci və
3-cü kilometrliyində yenidənqurma və abadlıq işləri
aparılmışdır. Yolun 2 kilometrlik məsafəsində
hər iki tərəfdə, yəni, 4 kilometr məsafədə
yol kənarlarında olan dərin çuxurlara, yarğanlara
6000 maşına yaxın ballas, çay daşı, iridənli
qum və torpaq tökülərək yol genişləndirilmişdir.
Bu sahələrə asfalt-beton örtük salınaraq
magistral yolun eni 7 metrdən 15-16 metrə
çatdırılmışdır. Magistral yolun hər iki tərəfi
ilə 4 kilometr məsafəyə beton bardürlər
düzülmüş, rənglənmiş və
piyadaların gediş-gəlişi üçün düzəldilmişdir.
Yolun 3-cü kilometrində Tərtər
çayı tərəfində
bir hektar ərazidə yeni park salınmışdır. Bu
parka və yol kənarlarına 6500-ə qədər
müxtəlif meyvə,
qiymətli bəzək
ağacları, sərv
və çinarlar,
4500 ədəd qızılgül,
30000 ədəd həmişəyaşıl
kolları əkilmişdir.
Salınmış bu yaşıllıq
zolaqlarını və
bir hektar gül bağını suvarmaq üçün 2 ədəd yeni subartezian quyusu vurulmuşdur. 1970-ci illərdən dayanmış
bir subartezian quyusu bərpa olunaraq işə salınmışdır.
Yolun kənarında
yararsız hala düşmüş 360 metr uzunluğunda hasar
hörülüb bərpa olunmuş, suvanmış və rənglənmişdir.
Hasarın üstü ilə müasir memarlıq üslubunda
beton şəbəkələr quraşdırılmış
və rənglənmişdir. Burada həmçinin müasir
üslubda 50-dən çox metal işıqlanma dirəkləri
quraşdırılmış və gecə
işıqlanması təmin olunmuşdur. Müasir formada 8 ədəd
dayanacaq tikilmişdir.
Tərtərin "Səhəng
bulağı" deyilən ərazisində də xeyli abadlıq
və yaşıllaşdırma işləri
aparılmış, böyük meşə zolağı
yaradılmışdır. Indi həmin ərazi əhalinin ən
çox istirahət etdiyi bir guşədir.
"Yeni Tərtər"
qəzetinin redaktoru Tofiq Yusif deyir:
- Qısa müddət ərzində
bu seyrəngah tərtərlilər və şəhərimizin
qonaqları tərəfindən sevildi. Burada, necə deyərlər,
gül-gülü çağırır, sərinlikdir,
yaşıllıqdır. Bulaqların tərtibatında milli
ornamentlərdən geniş istifadə olunub. Yaradıcı
adama səhəngdən axan suya baxmaq kifayətdir ki, xəyalı
onu dağlar qoynuna aparsın...
Hafiz Tahirov, polis
kapitanı:
- İş günüm
nə qədər ağır keçsə də, bura gələndə
ruhən dincəlirəm, əsəblərim sakitləşir.
Hiss olunur ki, bu gözəlliyi yaradanlar şəhərimizi
ürəkdən sevən insanlardır.
Yayın bu isti günlərində
abadlıq, quruculuq və yaşıllaşdırma işləri
Tərtər - Goranboy magistral yolu istiqamətində
aparılır. Buradakı magistral yol 2 kilometr məsafədə
8 metr genişləndirilərək 13 metrə
çatdırılacaqdır. Səkilər düzəldiləcək,
müasir tipli 4 dayanacaq quraşdırılacaq,
yaşıllıq zolaqları salınacaqdır.
Tərtərdə
parkların, bulaqların sayı günbəgün artır. Tərtər
mehriban ana kimi öz sakinlərini yayın istisindən qoruyur,
körpə balalara yaşıllıqdan zövq almağı
və onu qorumağı öyrədir.
Tərtərin
qonağı olan Bakı şəhərinin sakini, iqtisad elmləri
namizədi Seymur İbadov Tərtərin bu günü
haqqında böyük həvəslə danışdı:
- Tərtər mənim
anamın şəhəridir. Uşaqlıqda da yay tətilini
nənəmizin yanında keçirərdik.
Amma onda burada darıxırdıq. İndi isə Tərtərdə darıxmaq mümkün deyil. Gəzməli, istirahət etməli yerlər o qədərdir ki! Yeni parkları və bulaqları gəzdim, görülən işləri çox bəyəndim. Tərtər bulaqlar və gül-çiçəklər şəhəridir.
Lazım QULİYEV
Azərbaycan.- 2009.- 8 avqust.- S. 6.