Azərbaycanda bütün sosial proqramlar uğurla icra olunur

 

Azərbaycan iqtisadiyyatı son beş il yarımda inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ölkə vətəndaşlarının mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursunun həyata keçirilməsi uğurlu nəticələrə gətirib çıxarmışdır. Milli iqtisadiyyatın beynəlxalq iqtisadi münasibətlər sisteminə transformasiyası, qlobal enerji-kommunikasiya, innovasiya layihələrinin həyata keçirilməsi nəticə etibarilə demokratikləşmə və vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafına, mütərəqqi yeniliklərin tətbiqinə imkan yaratmışdır.

Ölkəmizin sürətli iqtisadi inkişaf tempi cəmiyyətdə ictimai konsensusun əldə olunmasına, liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun daha da genişləndirilməsinə səbəb olub. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırmış ulu öndər Heydər Əliyevin müəllifi olduğu siyasi strategiyanın davamlığının təmin edilməsi respublikamızın gələcək uğurlarına təminat yaratmışdır. Elmi təməllərə söykənən iqtisadi inkişaf xətti nəticəsində Azərbaycan Cənubi Qafqazda sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətə çevrilmişdir.

Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tam istifadəyə verilməsi, Azərbaycan qazını dünya bazarlarına çatdıran Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirmişdir. Heç bir ölkədən iqtisadi-enerji asılılığı olmayan Azərbaycan yerləşdiyi regionda lider dövlət statusu qazanmışdır. Prezident İlham Əliyev uğurlu enerji siyasətinin davamlı olacağını bildirmişdir: "Biz enerji təhlükəsizliyi məsələlərinin həlli ilə mütəmadi qaydada məşğuluq və deyə bilərəm ki, bu sahədə qarşıda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycanda görülən tədbirlər nəticəsində neft-qaz hasilatı ilbəil artır. Azərbaycan nəinki neft, eyni zamanda qaz ixracı ilə çox ciddi məşğuldur. Biz, demək olar ki, bütün qonşu ölkələrə qaz ixrac edirik və gələn ildən bu proqram tam şəkildə təmin olunacaqdır. Eyni zamanda, ölkə əhalisini keyfiyyətli qazla təmin etmək üçün əlavə tədbirlər görülüb və əlavə investisiyalar hesabına bu sahədə də çox ciddi irəliləyiş olacaqdır".

Milli sərvətimiz olan neft və qazdan səmərəli istifadə olunması Azərbaycanın iqtisadi potensialının daha da gücləndirilməsinə geniş imkanlar açır. Neft gəlirlərindən düzgün istifadə edilməsi və onun iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə gətirib çıxarmışdır. Makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində sosial rifahın yaxşılaşmasına, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları gerçəkləşdirmək imkanı yaradır. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması uğurlu iqtisadi siyasətin müsbət nəticələridir. Ölkədə minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan işçilərin məvaciblərinin, sosial pensiya və müavinətlərin davamlı artırılması dövlətin vətəndaşlara olan diqqət və qayğısının bariz təcəssümüdür.

Dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurlu inkişafında davam edir. Ölkənin qeyri-neft sektorunda artımın 4,1 faiz təşkil etməsi çox müsbət göstəricidir və aparılan iqtisadi siyasət xəttinin düzgünlüyünü bir daha təsdiq edir.

Neft-qaz sektorunun inkişafı iqtisadiyyatın digər sektorlarının tərəqqisi üçün də əlverişli imkanlar yaradır.

Bu gün Azərbaycan kimi ikinci bir dövlət tapmaq çətindir ki, ümumi daxili məhsulun artım tempinə görə dünyada birinciliyini uzun müddət qoruyub saxlaya bilsin. Dünyanı bürümüş maliyyə böhranının ölkəmizə ciddi təsir etməməsi Azərbaycan rəhbərliyinin gördüyü qabaqlayıcı tədbirlər və uğurlu iqtisadi siyasət strategiyasının nəticəsində mümkün olmuşdur. Bu ilin birinci yarısında ümumi daxili məhsulun 3,6 faiz artması deyilənləri bir daha təsdiq edir.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman, eləcə də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" əhalinin sosial rifah halının yüksəlməsinə, bölgələrin tarazlı inkişafına, yeni infrastrukturların yaradılmasna, sahibkarlıq mühitinin genişləndirilməsinə geniş imkanlar açmışdır. Son beş ildə ölkə üzrə yeni yaradılan müəssisələrin 40, iş yerlərinin isə 80 faizi regionların payına düşür. Regional inkişaf proqramının nəzərdə tutulan vaxtdan tez və keyfiyyətlə icra olunması nəticəsində bütün rayonların siması dəyişmiş, paytaxtla bölgələr arasında kəskin inkişaf fərqi aradan qaldırılmışdır. Proqramda qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi və son beş ildə bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətlər 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramının hazırlanmasını labüd etmişdir. Ölkə başçısının təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramı qarşıdakı illərdə dinamik inkişafın davam etdirilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, əhalinin sosial rifahının daha da yüksəlməsinə imkan yaradacaqdır. Birinci Dövlət Proqramının uğurlu icrası nəticəsində Azərbaycanda təxminən 800 minə yaxın yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür.

Cari ilin altı ayı ərzində Azərbaycan iqtisadiyyatının ardıcıl artımı davam etmişdir. Qeyri-neft sektorunun sürətli inkişafı ölkə rəhbərliyinin apardığı iqtisadi siyasətin məqsədyönlülüyündən xəbər verir. Ötən müddət ərzində digər sahələr kimi əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün də əlavə vəsaitlər ayrılmışdır. Ölkəmizin əsas magistral yollarının yenidən qurulması istiqamətində layihələrin uğurla reallaşdırılması qarşıda daha böyük perspektivlər açır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında" 2005-ci il 26 noyabr tarixli, həmçinin "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" 2006-cı il 1 fevral tarixli sərəncamları, "Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı" bu sahədə əsaslı islahatların aparılmasına geniş imkanlar yaratmışdır.

Prezident İlham Əliyev bu günlərdə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil magistralında, Masazır qəsəbəsi yaxınlığında tikilmiş körpünün açılışında iştirak etmişdir. Xatırladaq ki, "Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 6-cı və 16-cı kilometrlik hissəsinin yenidən qurulması" layihəsinə 3 körpünün yenidən qurulması və bir yeni körpünün tikintisi də daxildir. Xırdalandan və Masazırdan gələn avtomobil yollarını magistralla birləşdirən yeni körpü də bu ərazidə nəqliyyat vasitələrinin hərəkət rahatlığının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçısı tikintisi 2010-cu ildə başa çatdırılacaq Bakı dairəvi yolun tikintisi ilə də tanış olmuşdur. Bakı-Rusiya, Bakı-Gürcüstan və Bakı-İran sərhədlərin avtomagistrallarını birləşdirəcək bu layihə üzrə işlərin uğurla başa çatdırılması adıçəkilən ölkələrlə yük və sərnişin daşımalarının daha da intensivləşdirilməsinə imkan verəcəkdir.

Ölkə başçısı paytaxtın "Azneft" meydanından Bilgəh qəsəbəsinə qədər olan yolun kənarlarında aparılan abadlıq işləri ilə də tanış olmuşdur. Bakı şəhərinin əsas magistralından biri olan Heydər Əliyev prospektində aparılan yenidənqurma işləri, ilk növbədə, bu yolda avtomobillərin rahat və sürətli hərəkətinə imkan yaratmış, tıxacları aradan qaldırmış, piyadaların təhlükəsizliyini təmin etmişdir.

Azərbaycan rəhbərliyinin yürütdüyü iqtisadi siyasət ölkəmizin dinamik inkişafını təmin etmiş, vətəndaşlarımızın sosial rifah halının yüksəlməsinə gətirib çıxarmışdır. İqtisadi inkişafının yüksəliş mərhələsini yaşayan ölkəmizdə çoxşaxəli islahatlar kursunun davam etdirilməsi daha böyük nailiyyətlərə imza atılacağını deməyə əsas verir.

 

 

Azərbaycan.- 2009.- 9 avqust.- S. 1.