Rusiya Qafqazda münaqişələrin
həllinin tərəfdarıdır
Azərbaycan Prezidenti
Administrasiyasının Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov demişdir ki, Rusiyanın Baş
naziri Vladimir Putinin Türkiyəyə səfəri zamanı
Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar
səsləndirdiyi fikirlər əhəmiyyətlidir. Bu fakt
göstərir ki, Rusiya Qafqazda münaqişələrin həllinin
tərəfdarıdır.
N.Məmmədov
bildirmişdir ki, ümumiyyətlə, Cənubi Qafqaz
özünün geostrateji mövqeyinə görə
dünyanın aparıcı dövlətlərinin diqqətindədir.
Bu baxımdan Putinin "Rusiya Qafqazda münaqişələrin
həllinin tərəfdarıdır. Çünki
münaqişələr bizim bölgə ölkələri
ilə əməkdaşlığımıza mənfi təsir
göstərir" fikri başadüşüləndir. Onun
sözlərinə görə, dünyanın aparıcı
dövlətləri öz maraqları naminə də bu
regionda sabitliyin olmasını istəyirlər.
"Amma təəssüf
ki, bəlkə də, həmin dövlətlərin
maraqları səbəbindən bölgədə
münaqişələr yaranmışdır və davam edir. Qeyd
etmək lazımdır ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin
özünəməxsus mövqeyi də vardır. Azərbaycanın
səyləri ondan ibarətdir ki, bu maraqlar bir-birinə
uyğunlaşdırılsın və problem ölkəmizin
dövlətçilik və milli maraqlarına uyğun şəkildə
həll edilsin",- deyə şöbə müdiri
vurğulamışıdr.
N.Məmmədovun fikrincə,
böyük dövlətlərin Dağlıq Qarabağ
probleminin həllində maraqlı olduğu artıq
özünü göstərir. Ona görə də Ermənistan
tərəfinə təzyiqlər artır.
AzərTAc
Azərbaycan.- 2009.- 9 avqust.- S. 1.