Ermənistana işğal etdiyi ərazilərdən
çıxması üçün
beynəlxalq təzyiqlər
güclənir
Beynəlxalq miqyasda Azərbaycanın
diplomatik mövqelərinin kifayət qədər güclənməsi
Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər
tez həll edilməsi üçün Ermənistana təzyiqlərin
daha da artmasına səbəb olub. Artıq beynəlxalq
ictimaiyyət, eləcə də münaqişənin həllində
vasitəçilik edən dövlətlər problemin mərhələli
şəkildə həllinə nail olmaq məqsədilə
Ermənistanın konstruktiv mövqe nümayiş etdirməli
olduğunu bilavasitə Yerevanın özündə
açıq bəyan edirlər.
Bu mənada avqustun 7-də
regiona növbəti səfərə çıxan ATƏT-in
Minsk qrupunun ABŞ-dan olan həmsədri Mətyu Brayzənin
Yerevanda verdiyi açıqlamalar, onun "Euroforum" adlı
konfrans çərçivəsində avropalı və erməni
tələbələrlə görüşdə səsləndirdiyi
fikirlər xüsusi diqqət cəlb edir. Həmsədrin
sözlərinə görə, Ermənistan tərəfi
Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana
qaytarmalıdır: "Beş rayon dərhal, iki rayon isə
müəyyən zaman ərzində qaytarılmaldır. Bu,
beş ilədək uzana bilər. Həmçinin
münaqişə zonasına beynəlxalq sülhməramlı
qüvvələr yerləşdirilməlidir. Onların tərkibini
tərəflərin özləri müəyyənləşdirəcəklər".
Amerikalı həmsədrin
sözlərinə görə, tərəflər hansısa
ölkənin sülhməramlı qüvvələrdə
iştirakına veto hüququna malik olacaqlar: "Sülhməramlılar
özlərini hücumdan müdafiə etmək
üçün yalnız şəxsi silahlara malik olacaq. Sülhməramlıların
sayını Ermənistan və Azərbaycan müəyyən
edəcək. Onlar sülhün dəstəklənməsində
hansı ölkələrin iştirak edəcəyinə də
qərar verəcəklər.
Biz həmsədrlər
kimi təklif edirik ki, sülhməramlılar silahlı
olmasınlar, müşahidəçi funksiyasını yerinə
yetirsinlər". Həmsədr qeyd edib ki, bu məsələ
ilə bağlı danışıqlar davam edir: "Kosovo və
Bosniya təcrübəsi göstərdi ki, əgər tərəflərdən
biri bunu istəmirsə, sülhməramlı qüvvələr
hərbi münaqişənin qarşısını ala
bilmir".
Münaqişənin həllinin
mümkünlüyü barədə danışan
amerikalı diplomat bəyan edib ki, Madrid sənədinə əsasən,
Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi təmin
edilməli, referendum keçirilənədək isə müvəqqəti
status verilməlidir.
Brayzə qeyd edir ki, Ermənistanla
Dağlıq Qarabağı birləşdirən dəhlizin
olması nəzərdə tutulub. Azərbaycanla işğal
olunmuş ərazilər arasında olan minalı ərazilər
isə təmizlənəcək. Nitqinin sonunda amerikalı həmsədr
deyib ki, qeyd olunan məsələlərin
reallaşdırılması regionda demokratiya, inkişaf və
stabilliyin bərqərar olmasına xidmət edəcək. Amerikalı
diplomat onu da vurğulayıb ki, Ermənistan-Azərbaycan və
Ermənistan-Türkiyə münasibətlərini yoluna qoymaq,
regionda sülh və sabitliyi bərpa etmək
üçün tarixi imkanlar var. Onun sözlərinə
görə, Dağlıq Qarabağ münaqişəsinin həll
olunmaması regionda iqtisadi inkişafı əngəlləyir
və enerji layihələrinə mənfi təsir göstərir.
Beləliklə, Mətyu
Brayzənın açıqlamalarından aydın
görünür ki, Ermənistan mərhələli şəkildə
işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir
və bu, hazırda danışıqların əsas
müzakirə mövzusunu təşkil edir. Münaqişənin
həllində digər vasitəçi ölkə olan Rusiya
da bu problemin mümkün qədər tez həllinin vacibliyini
bildirir.
Bunu, Rusiyanın Baş
naziri Vladimir Putin Türkiyə səfəri zamanı növbəti
dəfə bəyan edib. Qeyd edək ki, Vladimir Putinin Ankarada
türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla
təkbətək görüşündə əsas
müzakirə mövzularından biri də məhz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı olub. Vladimir Putin bununla bağlı jurnalistlərin
sualına cavab verərkən ölkəsinin münaqişənin
həllində tutduğu mövqeyi belə şərh edib:
"Vaxtilə bu məsələdə ən fəal şəkildə
iştirak etmişəm. İndi Prezident Dmitri Medvedev bu
danışıqlara qatılıb. Mütəmadi olaraq iki
dövlətin prezidentləri ilə görüşür və
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
çox ciddi və fəal işlər görür. Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
çox ciddi və müsbət irəliləyişlər
var. Rusiya bu münaqişənin tezliklə həll edilməsini
istəyir. Rusiya Qafqazda hər hansı münaqişənin
olmasını istəmir. Çünki burada münaqişələrin
olması bölgə ölkələri ilə münasibətlərimizi
kölgəyə salır".
Vladimir Putin
vurğulayıb ki, Rusiyanın Dağlıq Qarabağ
münaqişəsindəki mövqeyi həmişə eyni
olub: "Biz münaqişə tərəflərinin yerinə
hərəkət edə bilmərik. Ancaq onlara kömək edə
bilərik. Onlara kömək etməklə, onları
münaqişənin həllinə gətirə bilərik".
Xatırladaq ki, bundan əvvəl
Rusiya və Türkiyənin baş nazirləri arasında
Dağlıq Qarabağ münaqişəsinə dair
müzakirələr Soçidə baş tutmuşdur. Məhz
həmin görüşdə də Vladimir Putin bildirmişdir
ki, Dağlıq Qarabağ problemi münaqişə tərəfləri
olan ölkə başçılarının iradəsinə
uyğun olaraq həll olunacaqdır. Rusiyanın Baş naziri
münaqişənin nizamlanmasında rəsmi Moskvanın və
Ankaranın dəstək verməyə hazır olduğunu
bildirib: "Rusiya və Türkiyə problemin həlli ilə
bağlı yaxından maraqlanır". Həmin vaxt Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan isə
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə
kömək edəcəyinə ümidvar olduğunu bildirib:
"Əminəm ki, birgə səylər münaqişənin
nizamlanması prosesində irəliləyişə səbəb
olacaq".
Ermənistanda isə
Rusiya və Türkiyə arasında Dağlıq Qarabağ
münaqişəsinə dair aparılan müzakirələr
birmənalı qarşılanmır. Baş verənləri
şərh edən erməni politoloq David Şahnazaryan qeyd edir
ki, Türkiyə sözügedən münaqişə ilə
bağlı daim Azərbaycanın mövqeyini dəstəkləyir:
"Şübhə yoxdur ki, Vladimir Putinin Türkiyədə
keçirdiyi görüşlərdə Ankara yenidən Azərbaycanın
mövqeyinə dəstək verib və bu məsələdə
Rusiyanın da analoji mövqedən çıxış etməsinə
çalışır. Beləliklə, Ermənistanın
mövqeləri münaqişə ətrafında getdikcə
daha çox zəifləməkdədir".
Erməni politoloq belə
düşünür ki, Azərbaycan, Türkiyə iqtisadi cəhətdən
daha güclü olduqları üçün regiona maraqlı
dövlətlər məhz bu ölkələrlə əməkdaşlığa
can atır: "Belə vəziyyət isə istər-istəməz
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ətrafında
daha güclü mövqedən çıxış etməsinə
şərait yaradır və görünən odur ki, Azərbaycan
bu şəraitdən məharətlə istifadə edir".
Beləliklə, proseslərin
təhlili göstərir ki, Azərbaycanın
apardığı uğurlu siyasət nəticəsində Ermənistanın
ölkəmizin ərazilərini işğal altında saxlamağı
davam etdirməsi mümkünsüzdür və beynəlxalq
ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həlli
məqsədilə rəsmi Yerevana təzyiqləri güclənməkdədir.
Hadisələrin bu səpkidə inkişafı həm də
onu göstərir ki, Ermənistan münaqişənin mərhələli
həll variantı ilə çözülməsinə
razılıq vermək məcburiyyətindədir. Bu həll
variantına uyğun olaraq Ermənistan ilk növbədə
Dağlıq Qarabağ ətrafında 7 rayonu, sonra
Dağlıq Qarabağın özünü işğaldan
azad etməlidir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 9
avqust.- S. 1, 3.