Türkiyənin enerji və
təbii ehtiyatlar naziri Naxçıvanda səfərdədir
Türkiyənin enerji və
təbii ehtiyatlar naziri Taner Yıldız Naxçıvan Muxtar
Respublikasına səfərə yola düşməzdən əvvəl
jurnalistlərə bildirmişdir ki, Nabukko layihəsinə dair
və Rusiya ilə enerji sənədlərinin imzalanmasından
sonra Azərbaycan ilə danışıqlara böyük
ümid bəsləyir.
Onun sözlərinə
görə, Azərbaycan və Türkiyə arasında
"Şahdəniz-1" qazının qiyməti, "Şahdəniz-2"
qazının həcmi və tranzit xərcləri ilə
bağlı danışıqlar davam edir. Müzakirələr
zamanı 2015-ci ildən sonrakı müddətdə əməkdaşlığın
perspektivlərinə də toxunulacaqdır. Nazir onu da
bildirmişdir ki, Naxçıvandakı
danışıqların yekunu olaraq hər hansı sənədin
imzalanması gözlənilmir.
Həmin gün Taner Yıldız Naxçıvana gəlmişdir.
Anadolu agentliyinin xəbərinə görə,
Naxçıvan Muxtar Respublikasında səfərdə olan
nazir Taner Yıldız Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbovla
görüşmüşdür.
Görüşdə
nazir Ankaranın Naxçıvan ilə ticarət həcminin
artırılmasını istədiyini söyləmişdir. Taner
Yıldız Baş nazir Rəcəb Tayyib Ərdoğanın
Azərbaycana və Naxçıvana göstərdiyi diqqəti
xüsusi vurğulamışdır. Məhz onun göstərişi
ilə Naxçıvan ilə İğdır arasında qaz kəməri
və dəmir yolu inşa ediləcəkdir. Türkiyə
Naxçıvan Muxtar Respublikasının hər hansı əməkdaşlıq
təklifinə də müsbət cavab verəcəkdir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da əməkdaşlığın
yüksək səviyyədə olduğunu vurğulayaraq
demişdir ki, Türkiyə və Azərbaycanın
gücü birlikdədir. "Bir millət, iki dövlət"
olan Azərbaycan və Türkiyənin ortaq dostları və
düşmənləri vardır. Hazırda
Naxçıvandan Türkiyəyə elektrik enerjisi verilir və
yaxın gələcəkdə bu enerjinin həcmi artırılacaqdır.
Biz Heydər Əliyev və Atatürkün yolu ilə gedərək
Türkiyə, Azərbaycan və Naxçıvan arasında
dostluq və əməkdaşlığı daha da gücləndirəcəyik.
Sonra Taner Yıldız
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
Abdullayev ilə danışıqlar aparmışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2009.- 9 avqust.- S. 3.