Son illərin gələcək zamanın yazıları

 

Azərbaycan ədəbiyyatşünaslığı və elmi-nəzəri fikrini son illərdə təmsil edən elə qələm sahibləri var ki, onların əsərləri yalnız bu günün deyil, həm də gələcəyin yazılarıdır. Tanınmış tənqidçi, ədəbiyyatşünas-alim, professor Vilayət Quliyevin "Son illərin yazıları" (Bakı, "Ozan" nəşriyyatı, 2009) kitabında toplanan elmi-publisistik məqalələr buna parlaq nümunədir. Vilayət Quliyevin imzası azərbaycanlı və Azərbaycanı sevən oxuculara sovet hakimiyyəti illərindən yaxşı tanışdır. Hələ senzuralı dövrlərdə Vilayət Quliyev haqqında az danışılan, qadağan olunan, unudulan və yaxud da unutdurulan şəxslərə, hadisə və problemlərə dair məqalələr yazır, "özümüz və sözümüz" haqqında düşüncələrini geniş oxucu kütləsinə çatdırırdı. "Son illərin yazıları" məhz həmin ənənənin davamı kimi ortaya çıxıb. Kitabda toplanan məqalələr XIX-XX əsrlərdə baş verən hadisələri və "gözdən uzaq, könüldən iraq" qalanları əks etdirir. Həmin məqalələr dövri mətbuatda Azərbaycan və rus dilində çap olunan yazılardır ki, müəllif onları kitab halında oxuculara təqdim edir.

Kitaba ön söz yazan tədqiqatçı-alim Asif Rüstəmli haqlı olaraq xatırladır ki, "İmkanlı insanlarımızın çoxu məzuniyyətlərini Avropa ölkələrinin ən gözəl kurort şəhərlərində keçirməyi üstün tutduqları halda, bu kitabın müəllifi belə vaxtını Ulan-Batorun 400 kilometrliyində yerləşən Qaraqorum yaxınlığındakı ucsuz-bucaqsız çöllüyə səpələnmiş "Bilgə Kağan", "Kül Tigin", "Tonyukuk" yazılı abidələrinin ziyarətinə yollanmışdı". Kitab dörd əsas bölmədən, iyirmi bir məqalədən ibarətdir. Birinci "Azərbaycan-Türkiyə" bölümündə Əhməd bəy Ağaoğlu, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Nazan Ölçər, Məmduh Şövkət Esendal, Məmməd Sadiq Aran, generallar Məhəmməd Sarıkərimli və Mahmud Sarıkərimli Bərköz qardaşları haqqında geniş məlumat verilir. XX əsr Azərbaycan tarixinin görkəmli simaları olan bu şəxsiyyətlər haqqında məlumatın az olması və onlara dair arxiv sənədlərinin "gizlində" qalmasını nəzərə alsaq, Vilayət Quliyevin zəhmətinin elmi-ictimai dəyərini düzgün qiymətləndirmək olar.

Kitabın "Tarixi gəzişmələr" bölümündə Mirzə Kazımbəy, İsa Sultan Şahtaxtinski, Cavad xan, Adilxan Ziyadxan, General Masey Sulkeviç, Kriçinski qardaşları, Hacı Seraya Xan Şapşal, Heydər Hüseynov haqqında yeni arxiv sənədlərinə istinadən zəngin məlumat verilir, onların ictimai-tarixi xidmətləri müasirlik mövqeyindən işıqlandırılır. V.Quliyevin "tarixi qəzişmələri" bir sıra fakt, hadisə, şəxsiyyət və problemlərin yeni yozumuna, şərhinə imkan yaradır, təshihlər aparmağa, müxtəlif tədqiqat istiqamətləri müəyyənləşdirməyə kömək edir. Bu mənada Polşa-Azərbaycan ədəbi-mədəni əlaqələri ayrıca maraq doğurur. Kitabın "Dünya və biz" bölümündə ədəbiyyat nobelçiləri, Alfred, Lüdviq və Robert Nobel qardaşları haqqında geniş danışılır, onların Azərbaycanla bağlı fəaliyyətləri işıqlandırılır, Əhməd Ağaoğlu irsinin tədqiqatçısı Ada Şhissler, antiutopist Corc Oruellin barəsində ətraflı söhbət açılır, gecikmiş Monqolustan səfərinin təəssüratları yer alır. "Unudulmayanlar" bölümündə üç görkəmli alim, şəxsiyyət və ictimai xadim - Məmməd Cəfər Cəfərov, Ziya Bünyadov, Əziz Mirəhmədovun xatirəsinə həsr olunan portret-oçerklər verilmişdir.

V.Quliyevin bu və digər əsərlərində müraciət olunan mövzular, şəxs və hadisələr ümummilli dəyəri, ictimai-siyasi səciyyəsi ilə əhəmiyyətlidir. Onun tədqiqatçı intuisiyası konkret fakt və sənədlərə əsaslanmaqla yanaşı, həm də kamil vətəndaş arzularının, sabaha yönələn işıqlı duyğularının ifadəçisidir. Tədqiqatçı-alim bu mənada haqlı olaraq deyir: "Alim də, yazıçı da ilk növbədə oxucu üçün yazır. Əgər yazdıqların oxunmursa, özün duyduğun hissləri - ağrını, təəssüfü, qüruru, kədəri, qəzəbi qarşındakılarla bölüşə, onu öz arxanca apara bilmirsənsə, o zaman yaradıcı əməyin gətirdiyi sevinc və fayda da qat-qat azalır. Təəssüf ki, ölkəmizin qələm adamları yüzilliklər boyu "sözünü o kəslərə de ki, sənə qulaq asmırlar" prinsipi ilə yaşamalı və yazmalı olublar.

Amma istənilən halda yazmaq lazımdır. Çünki elm və ədəbiyyat təkcə bu gün üçün deyil, daha çox gələcək üçün yaradılır. Adları və yaradıcılıqları ilə qürur duyduğumuz böyük ədəbi şəxsiyyətlərimiz indikindən də qat-qat çətin şəraitdə (digər amillərlə birlikdə, həm də oxucu marağını nəzərdə tuturam), mükafatlarını, sadəcə, vicdanlarından alaraq üzərlərinə götürdükləri vəzifəni şərəflə yerinə yetirmişlər. Və sözlərinin bir gün hədəfə çatacağına, toxunduqları mətləblərin insanları laqeyd buraxmayacağına inanmışdılar. Demək istədiyim odur ki, yazılan qalır. Təbii ki, hamısı yox! Yeni olanı, insanların diqqətini çəkəni, milli mədəniyyət tarixini az da olsa, zənginləşdirəni"!

Milli tarixə, yaddaş və tarix təcrübəsinə çağdaş yaşamın meyarı kimi yüksək qiymət verən Vilayət Quliyevin belə aydın və birmənalı vətəndaşlıq mövqeyini nümayiş etdirməsi ədibin elmi obyektivliyi dəqiqlik, ictimai faydalılıq prinsipləri ilə bilavasitə bağlıdır. Tale belə gətirib ki, uzun illər (azı 70 il!) Azərbaycan xalqının bir sıra tarixi həqiqətləri milli-ictimai faydalılığına görə yad ideologiyaların, saxta metodlar və təhlil üsullarının aktivliyi səbəbindən az və yanlış öyrənilib, bir sıra hallarda isə "məxfi"lik qrifi ilə gizlədilib. Vilayət Quliyevin "Son illərin yazıları" kitabı həmin həqiqətləri üzə çıxarmaq, milli-tarixi yaddaşda "katarsız" əməliyyatı, təmizləmə işi aparmaq, ictimai-mənəvi mühitdə sağlam iqlim ab-havası yaratmaq baxımından son dərəcə əhəmiyyətlidir. Elə buna görə də "Son illərin yazıları" gələcəyin də dəyərli nümunələri kimi ictimai-mədəni əhəmiyyətə malikdir.

 

 

Şamil VƏLİYEV,

filologiya elmləri doktoru,

professor

 

Azərbaycan.- 2009.- 9 avqust.- S. 4.