İstedadlılara Qusarda hər
cür şərait yaradılıb
Respublikanın hər
yerində olduğu kimi, Qusarda da gənc nəslin təlim-tərbiyəsinə
xüsusi diqqət yetirilir. Məktəblər arasında keçirilən
yarışlar, şagirdlərin elmi qavrama testlərində
iştirakı, idman turnirlərində əldə edilən
uğurlar rayonda bu işin düzgün təşkilindən xəbər
verir.
Azərbaycan Prezidentinin
imzaladığı "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu
illər)" bölgənin bütün ümumtəhsil
müəssisələrində ardıcıl olaraq həyata
keçirilir. Yeniyetmələr arasında təşkil edilən
yarışlardan biri də "İstedad axtarırıq"
müsabiqəsidir.
Rayon təhsil müəssisələri
ilə yanaşı, mədəniyyət ocaqlarının bədii
özfəaliyyət kollektivlərinin iştirak etdiyi bu
yarışma həmişəki kimi, yenə də
böyük rezonans doğurmuşdur. Müsabiqə Azərbaycan
xalqının milli-mənəvi dəyərlərini qoruyub
saxlamaq, inkişaf etdirmək, gənc nəslin musiqi alətlərinə,
mahnı ifaçılarına, rəqsə, bədii qiraətə
marağını artırmaq, yeni istedadlarını üzə
çıxarmaq məqsədi daşıyır. Münsiflər
heyətinin üzvləri rayon mədəniyyət evinin
direktoru Faiq Qardaşov, rayon tarix-diyarşünaslıq
muzeyinin direktoru Xatirə Nağıbəyova, rayon təhsil
şöbəsində metodiki mərkəzin müdiri Qorxmaz
Muradov və başqaları builki yarışmada daha çox
gəncin iştirak etdiyini vurğuladılar.
Solo, rəqs və musiqi
alətlərində ifa nominasiyaları üzrə
keçirilən müsabiqədə birinci yerə Faina Qədimova
layiq görüldü. Beşxanım Abdullayeva, Ramiz
Xankişiyev, Raziyyə Həsənova, Aynurə Feyzullayeva,
Zaur Məhsimov, Gülnarə Məmmədəliyeva, Viktor
Hacıağayev və digərləri müxtəlif diplom və
həvəsləndirici mükafatlarla təltif edildilər.
Akif ƏLİYEV
Azərbaycan.- 2009.- 9 avqust.- S. 4.