Qurban Qurbanov: "Azərbaycan Prezidentinin diqqət
və qayğısı bizi yeni qələbələrə
ruhlandırır"
Xəbər verdiyimiz
kimi, Ağdamın "Qarabağ" futbol klubu Avropa
Liqasının pley-off mərhələsinə vəsiqə
qazanmışdır.
Bu tarixi nailiyyət həm
də onunla əhəmiyyətlidir ki, "Qarabağ"
mötəbər yarışlarda iki mərhələ
adlamış ilk Azərbaycan komandasıdır.
Dünən Ağdam
klubunun baş məşqçisi Qurban Qurbanovla
görüşüb oxucularımızı maraqlandıran
sualları cavablandırmasını xahiş etdik.
-
"Qarabağ"ın qazandığı uğur tək
idmansevərlərin deyil, bütün xalqımızın
sevincinə səbəb olmuşdur. Bu münasibətlə Azərbaycan
Prezidenti cənab İlham Əliyev sizinlə telefon əlaqəsi
saxlayıb. İndi
hansı hisslər keçirirsinz?
- Açığı,
cənab Prezidentin zəngi mənim üçün gözlənilməz
oldu. Çox səmimi, gözəl söhbət
alındı. Dövlət başçısı bildirdi ki,
komandanın oyunlarını izləmiş və hər iki
görüşdə güclü rəqibə qarşı
layiqli mübarizə apardığımızın şahidi
olmuşdur. "Qarabağ" adı çox böyük məsuliyyət
tələb edir. Qazandığınız uğur bu gün Azərbaycan
futbolunda ən böyük nailiyyətdir. Sizə gələcək
oyunlarda da uğurlar arzulayıram". Mən cənab
Prezidentin idmançılarla səmimi ünsiyyətdə
olduğunu çox eşitmişdim, özüm də bunun
şahidi oldum. Bu diqqət və qayğı hamımıza
bir ismarıcdır. Çalışacağıq bundan sonra
da xalqımızı layiq olduğumuz daha böyük
uğurlarla sevindirək. Möhtərəm Prezident İlham Əliyevlə
söhbət qəlbimdə silinməz hisslər yaratdı. Bu
diqqət və qayğı bizi daha böyük fədakarlığa
sövq edir, yeni qələbələrə ruhlandırır.
-
"Qarabağ"ın heyətində əsasən azərbaycanlı
futbolçular çıxış edir. Bu, klub rəhbərliyinin siyasətidir,
yoxsa maliyyə vəziyyəti ilə bağlıdır?
- Klubumuzda maliyyə problemi yoxdur.
Qarşımıza iki-üç ilə güclü kollektiv
yaratmaq məqsədi qoyulmuşdur. Bunun üçün
klubumuza gənc və perspektivli idmançılar cəlb
edilmişdir. Bunların arasında milli komandamızın
üzvləri Elvin Məmmədov, Vüqar Nadirov da var. Qeyd
edim ki, komandada 19-22 yaş arasında 6 oyunçu iştirak edir.
3-4 təcrübəli oyunçu istisna olmaqla gələcəkdə
də gənc və perspektivli azərbaycanlı
futbolçulara üstünlük verəcəyik.
- Komandanın bazası,
stadionu, uşaq-gənclər məktəbinin vəziyyəti
necədir?
- Suraxanı qəsəbəsində
yerləşən stadionu icarəyə
götürmüşük. Bundan əlavə, Ağdamın Quzanlı qəsəbəsində
yerləşən meydança da bizim
ixtiyarımızdadır. Çempionatın oyunlarını hər
iki stadionda keçirməyi planlaşdırırıq.
"Şəfa"
stadionunda uşaq futbol komandamız türkiyəli mütəxəssisin
başçılığı ilə məşqlər edir.
Burada 40-50 uşaq və
yeniyetmə futbolun sirlərinə yiyələnir. Fəaliyyətimizə
maneə törədən amil bazamızın
olmamasıdır. Ancaq klub rəhbərliyi yaxın vaxtlarda
yeni inşa olunacaq bazanın layihəsini artıq
hazırlamışdır.
- Bu qələbələrdən
sonra siz özünüzü peşəkar məşqçi
hesab edirsinizmi, yoxsa hələ öyrəniləsi sirlər
coxdur?
- Mən
özümü peşəkar işçi hesab edirəm. Peşəkar məşqçi
olmaq üçün isə hələ öyrəniləsi
şey çoxdur. Futbol elə idman növüdür ki, həmişə
hansısa yeniliyi görüb-götürməlisən. Əvvəllər
tanınmış klublarda praktika keçmişəm. Bundan
sonra da təcrübəli mütəxəssislərin
yanında qısamüddətli kurslar keçməyi
planlaşdırıram.
- Avropa liqasının
pley-off mərhələsində "Qarabağ"ın rəqibi
Hollandiyanın məşhur "Tvente" klubudur. Bu görüşlər ərəfəsində
komandanın yeni oyunçularla gücləndirilməsi
gözlənilirmi?
- Yeni oyunçular gətirmək
fikrimiz yoxdur. Lakin buna
baxmayaraq, etiraf etməliyəm ki, hər bir klubda olduğu
kimi, bizim də bir-iki səviyyəli oyunçuya
ehtiyacımız var. Onu da qeyd edim ki, Rəşad Sadıqov
Türkiyədə qalmalı olsa da, keçirdiyimiz oyunlarda
bizə böyük kömək etdi. Buna görə ona təşəkkür
edirəm. İstərdim ki, o, klubumuzda
çıxışlarını davam etdirsin. Eyni zamanda, əgər
hansısa tanınmış klubdan dəvət alsa, biz Rəşada
mane olmayacağıq. Sadıqovun "Qarabağ"da
qalıb-qalmayacağı millimizin avqustun 12-də Almaniya
yığmasına qarşı keçirdiyi oyundan sonra bəlli
olacaq.
-
"Qarabağ"ın hər uğuru Qarabağın
düşmənlərdən azad edilməsi yolunda bir
addımdır. Hər
qələbə Avropada və dünyada Qarabağın, həqiqətən,
kimin vətəni, torpağı olduğunu bir daha sübut
edir. Şübhə etmirik ki, bunu komanda rəhbərliyi və
oyunçular da gözəl anlayır...
- Əvvəl də
bildirdiyim kimi, Qarabağ adı bizdən çox böyük
məsuliyyət tələb edir. Xüsusilə də hazırkı
dönəmdə. Artıq dördüncü dəfədir
ki, Avropanın mərkəzində - İsveçrədə
bütün dünyaya canlı yayımlanan püşkatma mərasimində
Azərbaycanın "Qarabağ" komandasının adı
səslənir. Hər bir toplantıda biz bu mövzunu
müzakirə edirik. Klubumuzun bütün üzvləri
hansı məsuliyyəti daşıdığını
gözəl anlayır. Əməyimizi qiymətləndirdiyinə
və bizim çıxışlarımız
üçün hər cür şərait
yaratdığına görə komandamızın rəhbərliyinə
minnətdarlıq edirəm. Fürsətdən istifadə edib
komanda üzvlərinin adından bildirirəm ki,
qarşımıza çıxan rəqibin adından və
gücündən asılı olmayaraq, bundan sonra da
bütün oyunlarda fədakarlıqla çıxış edərək
xalqımızı yeni qələbələrlə sevindirmək
üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Rizvan HİLALOĞLU
Azərbaycan.- 2009.- 9 avqust.- S. 5.