Şamaxı Astrofizika Rəsədxanasında yenidənqurma işləri davam etdirilir

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi və ətraf mühitinin sağlamlaşdırılması ilə bağlı Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması üçün keçən il sentyabrın 5-də sərəncam imzalamışdır.

Ötən 11 ay ərzində xeyli iş görülsə də, dövlət başçısının bu günlərdə imzaladığı yeni bir sərəncamla Şamaxı Astrofizika Rəsədxanasına Prezidentin Ehtiyat Fondundan daha 3 milyon manat vəsait ayrılmışdır. Bununla bağlı görülmüş və görüləcək işlərdən danışmazdan öncə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevdən rəsədxananın yaranma tarixi barədə məlumat verməsini xahiş etdik. O dedi:

- AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə yaradılmışdır. Məqsəd Azərbaycanda qədim ənənələrə və köklərə malik astronomiya elminin dirçəlişi, Azərbaycan Respublikasının intellektual potensialının strateji kosmik tədqiqatlara cəlb edilməsi olmuşdur. Azərbaycanda böyük rəsədxana yaradılması təşəbbüsünün irəli sürülməsində və əsaslandırılmasında, tikiləcək elm ocağı üçün yer seçilməsində akademiklər Həsən Əliyevin və Yusif Məmmədəliyevin böyük rolu olmuşdur. 1960-1970-ci illərdə teleskoplar alınmış, kadr hazırlığı, müvafiq infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Həmin dövrdə Şamaxı Astrofizika Rəsədxanası keçmiş SSRİ-nin ən böyük üç rəsədxanasından birinə çevrilmişdir. 1976-cı ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Bakı Dövlət Universitetində rəsədxana üçün kadrlar hazırlayan astrofizika kafedrası yaradılmış və rəsədxana əməkdaşlarının yaşaması üçün beşmərtəbəli yaşayış binası inşa edilmişdir.

Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir və dünyanın bir sıra astronomik rəsədxanalarını qabaqlayır. Onun yerləşdiyi nöqtənin coğrafi enliyi 40 dərəcə təşkil edir. Rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı 190-200 təşkil edir. Bu baxımdan da dünya rəsədxanalarının əksəriyyətini üstələyir.

- Fəaliyyəti dövründə rəsədxananın elmi nailiyyətləri barədə nə deyə bilərsiniz?

- Burada minlərlə səma cisimlərinin xassələri öyrənilmiş, rəsədxana bir sıra kosmik proqramlarda bilavasitə iştirak etmişdir. Əməkdaşların aldığı elmi nəticələr dünya alimləri tərəfindən layiqincə qiymətləndirilmiş, 20-dək əməkdaş bir sıra nüfuzlu beynəlxalq elmi təşkilatlara üzv seçilmişdir. Marsda və Ayda bir neçə krater Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının adı ilə adlandırılmışdır. Azərbaycan astronomlarının qazandığı nüfuz sayəsində Beynəlxalq Astronomiya İttifaqı tərəfindən bir sıra kiçik planetlərə Azərbaycan adlı verilmişdir. 2007-ci ilin sentyabrında ABŞ rəsədxanalarında kəşf olunmuş daha bir kiçik planetə AMEA-nın müxbir üzvü Əyyub Quliyevin adı verilmişdir.

Hazırda dünya rəsədxanalarının sayı artıq 1000-i keçmişdir. Buna baxmayaraq, bu rəsədxana öz teleskoplarının sayına ( rəsədxanada 7 teleskop var), çeşidinə, gücünə və bir sıra parametrlərə görə dünyanın böyük rəsədxanalarından sayılır.

Hazırda rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılmışdır. Bu fəaliyyət çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometlərin müşahidəsi aparılır. Günəş-Yer əlaqələri çərçivəsində respublikanın səhiyyə, energetika strukturları ilə birgə işlər görülür, rəsədxananın bu sahədə gündəlik məlumatları respublika KİV-ində çap olunur və praktiki məsələlərdə istifadə edilir. Mərasim və bayramların dəqiq vaxtları müvafiq dövlət strukturlarına və əhaliyə çatdırılır. Rəsədxana Azərbaycan elminin təbliğində önəmli fəaliyyət göstərir. Buraya hər il minlərlə turist, məktəbli, xarici qonaqlar, o cümlədən Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri gəlir. Onların hamısı yüksək səviyyədə qarşılanır və bütövlükdə Azərbaycan elmi barədə zəruri informasiya ilə təmin olunur.

- Prezident İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətinə böyük diqqət və qayğı göstərir. 8 ay ərzində dövlət başçısı 2 dəfə sərəncam imzalayıb. Həmin sərəncamlara əsasən, Prezidentin Ehtiyat Fondundan rəsədxanaya birinci dəfə 5 milyon, ikinci dəfə isə 3 milyon manat vəsait ayrılmışdır. İndiyədək görülmüş və nəzərdə tutulan işlər barədə nə deyərdiniz?

- Diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə kollektivimiz adından dərin təşəkkürümüzü bildirirəm.

İlk sərəncamdan sonra rəsədxanada xeyli iş görülmüşdür. İnzibati və laboratoriya binasının təmiri və yenidən qurulması işləri başa çatmaq üzrədir. Binada telefon və kompüter şəbəkəsi, su, istilik və kanalizasiya sistemi tamamilə yeniləşdirilmiş, binanın üst qatı dəyişdirilmişdir. İstilik xətti təzədən qurulmuş, yeni ocaqxana tikilmişdir. Rəsədxanada yeni konfrans zalı və tarix muzeyinin tikintisi davam edir. Qırxbulaq yaylağından rəsədxanaya gələn su xətti dəyişdirilmişdir. Bundan başqa, enerji təminatının yaxşılaşdırılması və qaz çəkilməsi üzrə layihə-smeta sənədləri də işlənib hazırlanmışdır. 2 metrlik teleskopun idarəetmə sisteminin modernləşdirilməsi üzrə Çexiya mütəxəssisləri ilə danışıqlar aparılmış və ilkin razılıq əldə olunmuşdur. Rəsədxana hasarının yenidən qurulması işlərinə də başlanılmışdır.

Prezidentin sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait yeni kotteclərin, yeməkxananın tikilməsinə, teleskop binalarında təmir-tikinti işlərinin aparılmasına sərf olunacaqdır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2009.- 9 avqust.- S. 6.